MəqalələrQuran

Quran təhrif olunubmu?

Qurani-kərimin nazil olmasından 14 əsr keçsə də, bu müqəddəs kitabın özəllikləri barədə müzakirələr səngimək bilmir. Quranın qədim (əzəli) yoxsa hadis (yaradılmış) bir kitab olması, təhrif edilib-edilməməsi, Qurandakı nasix və mənsux ayələrin sayı barədə mübahisələr İslam tarixinin bəzi dönəmlərində o qədər şiddət qazanıb ki, hətta bu məsələlərdə bir mövqeyə mənsub olan şəxslər əks tərəfi küfrdə ittiham etməkdən də çəkinməyiblər. Demək olar ki, həmişə aktual olan və bəzi qərəzli qüvvələr tərəfindən hər zaman gündəmdə saxlanılan probelmlərdən biri də Quranın təhrif olunub-olunmaması məsələsidir. Günümüzdə istər internet saytlarındakı forum müzakirələrində, istərsə də çap olunan kitablarda Quranın təhrifi məsələsinin tez-tez qabardıldığının şahidi oluruq. Özü də bir qayda olaraq, bu müzakirələr məzhəblərin ideya mübarizəsi və sünni-şiə qarşıdurması fonunda aparılır. Adətən, Quranın təhrifi məsələsi bir məzhəbin o biri məzhəbi haqsız çıxarmaq və küfrdə ittiham etmək cəhdləri üçün vasitəyə çevrilir.
Hər şeydən əvvəl bunu vurğulamaq istərdik ki, Qurani-kərimin özündə müqəddəs kitabın hər cür təhrifdən uzaq olması və qiyamətə kimi Allahın nəzarəti altında toxunulmaz qalacağı qətiyyətlə bildirilir: «Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq» («Hicr» , 9).
İslam tarixi boyunca müsəlmanların böyük əksəriyyətinin əqidəsi də buna uyğun olmuşdur. Çünki Qurani-kərimin təhrif olunduğuna inanmaq bütünlükdə İslam dininin doğruluğunu şübhə altında qoymaq deməkdir. Axı, dinimizin əqidə, əxlaq və şəriət mövzularındakı göstərişləri ilk növbədə Qurani-kərimə əsaslanır.
Həm şiə, həm də sünni məzhəbinə mənsub böyük alimlər Qurani-kərimin təhrif edilmədiyini qətiyyətlə bildirmiş və bu əqidəni öz mənsub olduqları məzhəbin görüşü kimi dəyərləndirmişlər. Lakin hədis məcmuələrində rast gəldiyimiz bəzi rəvayətlər Qurandan müəyyən ayə və surələrin çıxarıldığını, hazırki Quranın Peyğəmbər zamanındakı Qurandan fərqləndiyini iddia etməkdədir. Bu rəvayətlərin məzmunu Qurani-kərimin yuxarıda göstərilmiş ayəsinin möhkəm hökmünə zidd olduğu üçün, doğru sayıla bilməz. Çünki hər hansı hədis Quranla ziddiyyət təşkil edərsə, müsəlmanların vəzifəsi Quranı əsas tutmaq və həmin hədisi etibarsız saymaqdır.
Quranın təhrif edilməsi inancı uzun əsrlər boyunca şiə məzhəbinə aid edilmiş və bu məzhəbin əleyhinə yazılan radikal məzmunlu kitablarda şiəliyin haqsızlığına sübut kimi gətirilmişdir. Əslində isə, şiə məzhəbində belə bir inanc yoxdur. Doğrudur, XVII-XVIII əsrlərdə şiəlik daxilində güclü mövqeyə malik olmuş əxbarilik cərəyanının nümayəndələri arasında Quranın təhrif olunduğuna inananlar var idi. Məlum olduğu kimi, əxbarilər ictihadı qəbul etmir, dini hökmləri yalnız Qurandan və sünnədən əldə etməyi düzgün sayır, bütün hədisləri mötəbər bilir, bu gün zəif bilinən rəvayətlərin belə, doğruluğuna inanırdılar. Ona görə də, onların Quran təhrifi barədə zəif rəvayətlərə inanmaları təbiidir.
Lakin şiəliyin əsil ruhunu təmsil edən üsuli məktəbində Quranın hər cür təhrifdən uzaq olduğu əqidəsi mütləq mənada hakimdir. Ona görə də, şiə məzhəbinin ən özəl xüsusiyyəti olan ictihad ənənəsini danan əxbarilərin sözünü bütünlükdə bu məzhəbin adına yazmaq ən azı ədalətsizlikdir.
Şiəliyin ən böyük ideoloqlarından sayılan Şeyx Səduq, Şeyx Müfid, Seyyid Mürtəza, Şeyx Tusi, Əllamə Təbrisi, Şeyx Bəhai, Feyz Kaşani, Şeyx Cəfər Kaşifül-qita və başqaları Qurani-kərimin təhrifdən uzaq olduğunu öz əsərlərində qətiyyətlə bəyan etmişlər. Məsələn, Şeyx Səduq şiə məzhəbinin əqidə əsaslarına həsr etdiyi «əl-Etiqadat» kitabında yazır: «Əsil Quran indi camaatın əlində olanla eynidir… Hər kim desə ki, biz (şiələr) əsil Quranın həcmcə bundan çox olduğunu söyləyirik, o adam yalan demiş olar». Şiə məzhəbinin ən mötəbər təfsir mənbələrindən sayılan «Məcməül-bəyan» kitabının müəllifi Şeyx Fəzl ibn Həsən Təbrisi isə adı çəkilən əsərin müqəddiməsində bu məsələyə ayrıca fəsl ayırıb. O, təhrif barədə hədislərin mövcudluğunu etiraf etsə də, «alimlərimizin məzhəbi (yolu) bu fikrin əksinin doğru olduğunu göstərir» deyə, təhrif inancına qarşı çıxır, özündən əvvəl yaşamış Seyyid Mürtəzanın bu mövzudakı sübutlarını ortaya qoyur.
Quranın təhrifi barədə şiə mənbələrindəki hədisləri incələyərkən, onların əksəriyyətinin sənədində nöqsanlar olduğunu görürük. Məsələn, bu hədislərin raviləri sırasında yer tutan Əhməd ibn Mühəmməd Səyyari, Hüseyn ibn Zibyan, Əli ibn Əhməd Kufi kimi şəxslər rical alimləri tərəfindən etimadsız sayılırlar. Həmçinin, təhrif hədislərinin nəql olunduğu ilkin mənbələrin də bir çoxu şiə məzhəbində çox da mötəbər sayılmayan kitablardır (məsələn, Süleym ibn Qeys Hilalinin kitabı).
Şiə alimləri Quranın təhrif olunmadığını əsaslandırmaq üçün Həzrət Mühəmməd Peyğəmbərin (s) «səqəleyn» adı ilə məşhur olan hədisini də sübut gətirirlər. Hədisdə buyurulur: «Sizin aranızda iki qiymətli əşya (əmanət) qoyuram: Allahın kitabı və Əhli-beytim. Bunlara bağlansanız, zəlalətə düşməzsiniz. Bunlar (qiyamət günündə) cənnət hövzunun kənarında mənim hüzuruma çatana kimi bir-birindən ayrılmazlar». Əgər Qurani-kərim təhrif olunsaydı, Peyğəmbər Allahın yardımı ilə bunu qabaqcadan bilər və bizləri Qurana bağlanmağa təşviq etməzdi. Həmçinin, əgər Quran İslam Peyğəmbərinin vəfatından sonrakı dövrdə təhrif edilsəydi, şiə imamları buna etiraz edərdilər və bu zaman onlardan rəvayət edilən hədislər indiki kimi tək-tük yox, çox olardı, mütəvatir həddinə yetişərdi.
Qurani-kərimin sair səmavi kitablardan fərqi və üstünlüyü də təhrifə məruz qalmamasıdır. İslamdan qabaqkı bütün dinlər, bütün səmavi kitablar insanlar tərəfindən qərəzli surətdə dəyişdirilib. Yalnız Qurani-kərim bütün təcavüzlərdən amanda qalıb. Əgər Quranın mətni dəyişdirilsəydi, onun bədii və elmi ecazı öz qüvvəsini itirərdi. Halbuki, Quranda hətta hərflərin işlənmə sayı və ardıcıllığı belə, dəqiq riyazi qanunauyğunluqlara tabedir.
Şiələrin guya Quranın təhrif edildiyinə əqidə bəsləməsi haqqında irəli sürülən iddianın səbəblərindən biri də hədislərdə rast gəldiyimiz «Əlinin müshəfi» məfhumudur. Bir çoxları bunu səhv anlayırlar, İmam Əliyə məxsus Quranın indiki Qurandan fərqli olduğunu və şiələrin də yalnız həmin Quranı düzgün saydıqlarını düşünürlər. Halbuki, şiə əqidəsincə, Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından dərhal sonra o həzrətin vəsiyyətinə əsasən, Əli ibn Əbu Talib (ə) o zamana kimi pərakəndə halda mövcud olan Quran ayələrini toplayıb səhifələrə köçürdü və kitab (müshəf) halına gətirdi. «Əlinin Quranı» və ya «Əlinin müshəfi» kimi tanınan həmin kitabın mətni həcmcə hazırki Quranla eyni idi; bunların arasında bircə hərf fərqi belə yoxdur. Yeganə fərq ayələrin düzülüş ardıcıllığındadır. Həzrət Əli (ə) bütün ayələri nazil olduqları ardıcıllıqla düzmüşdü. Amma Osman ibn Affanın zamanında indiki Quran tərtib olunanda böyük surələri əvvələ keçirib, qısa surələri axıra saxladılar. İmam Əli (ə) öz Quranının haşiyəsində (mətnin dövrəsində) ayələrin təfsirini də yazmışdı. Həmin Quran nüsxəsi Əhli-beytə məxsusdur, imamdan-imama ötürülür və hal-hazırda İmam Mehdinin (əc) hüzurundadır.
Burada bir məsələni də qeyd etmək lazımdır: Quranın təhrif olunduğu barədə hədislər yalnız şiə mənbələrində deyil, sünni mənbələrində də mövcuddur. İkinci xəlifə Ömər ibn Xəttabdan rəvayət edilən və Qurani-kərimin 1 milyon 127 min hərfdən ibarət olduğunu bildirən xəbər (halbuki, hazırki Qurani-kərimin hərflərinin sayı heç 350 minə çatmır ki, bu da yuxarıda göstərilən ədədin üçdən-bir hissəsindən də azdır), Qurani-kərimdə rəcm (daşqalaq etmə) cəzası və süd vermə hökmü barədə ayələrin vaxtilə mövcud olub, sonra Qurandan çıxarılması, Qurani-kərimdə əvvəllər «Həfd» və «Xəl» adlı iki əlavə surənin olması, Peyğəmbərin sağlığında «Əhzab» surəsinin 200 ayədən ibarət olub, Osman zamanında Quranın toplandığı vaxt ixtisar edilməsi haqqında rəvayətlər və s. (bax: «Sünənü İbn Macə», «Hüdud» kitabı, 2553-cü hədis; «Səhihül-Müslim», «Hüdud» kitabı, 4418-ci hədis və «Riza» kitabı, 3597-3598-ci hədislər; «Səhihü Buxari», «Etisam» kitabı, 7323-cü hədis; «Müsnədü Əhməd ibn Hənbəl», I, 47 və II, 40; «Təfsirül-Qurtubi», «Əhzab» surəsi təfsirinin girişi, XVII, 48). Bu qəbildən olan rəvayətlərin bir çoxunu şafii məzhəbli alim Əllamə Süyuti «əl-İtqan» kitabında toplamışdır. Bütün bu rəvayətlər də etibarsızdır və əhli-sünnə məzhəbinin məsələyə münasibəti ilə ziddiyyət təşkil edir. İslam aləmində hakim olan və bütün nüfuzlu alimlərin müdafiə etdikləri fikir isə bundan ibarətdir ki, Qurani-kərim təhrif edilməmişdir və hal-hazırda oxuduğumuz Quranın mətni Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuş Quranla eynidir..

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button