“Aşura ziyarəti” adlı ziyarətnamənin sənədinin mötəbər olmadığı barədə şübhələrin əsası varmı?
“Aşura ziyarəti” İmam Hüseynin (ə) ən məşhur ziyarətnamələrindən biridir. Bu ziyarətnaməni oxumağın həddən artıq çox savabı vardır. Aşura günündə bu ziyarətnaməni hətta evində oxuyan şəxs də Kərbəlada İmam Hüseyni (ə) ziyarət etmiş kimi sayılır. Aşura ziyarətini təkcə aşura günündə deyil, ilin hər hansı günündə, xüsusilə əlamətdar ay və günlərdə də oxumaq böyük savab gətirir. İstər keçmiş, istərsə müasir alimlər bu ziyarətnaməni oxumağı çox təkid etmiş, mənəvi ucalığa bu ziyarətnaməni oxumaqla çatmağın mümkün olduğunu bildirmişlər. Aşura ziyarətnaməsinin nəql olunduğu ən qədim mənbələr böyük şiə əalimləri İbn Qovləveyhin “Kamil əl-ziyarat” və Şeyx Tusinin “Misbah əl-mütəhəccidin” kitablarıdır. Həmin kitablarda bu ziyarətnamə fərqli sənədlərlə İmam Mühəmməd Baqirdən (ə) rəvayət edilib. Son zamanlar Aşura ziyarətinin sənədinin guya mötəbər olmadığı, mətnindəki bəzi hissələrin sonradan əlavə edildiyi barədə şübhələr ortaya atılır. Amma bu şübhələrə əsaslı cavablar verilmişdir. Bəzi böyük müctəhidlər şübhələri əsassız saymış və Aşura ziyarətinin mötəbərliyini təsdiq etmişlər.