Dini kitablara yazılan şərh və haşiyənin fərqi nədir?
Qədim dini kitablar və din alimləri barədə mənbələrdə tez-tez müəyyən əsərlərə yazılmış şərh və haşiyələrlə bağlı məlumatlara rast gəlirik. Şərh və haşiyə oxşar cəhətlərə malik olsa da, fərqli yazılış növləridir. Belə ki, bir kitaba şərh yazan şəxs adətən kitabın bütün mətninə öz izahlarını verir. (Bəzən natamam və qismən şərhlərə də rast gəlinir). Şərhlər bir qayda olaraq ya orijinal mətnlə yanaşı (mötərizə içində) ya da mətnin bir hissəsindən sonra müstəqil şəkildə təqdim edilir. Belə ki, şərh yazan şəxs orijinal mətni hissələrə bölərək, bunlara növbəli şəkildə izahlar yazır. Haşiyələr isə bir qayda olaraq orijinal mətnin ətrafında, yəni səhifənin kənarlarında yazılır (“haşiyə” sözü də buradandır). Haşiyələr əksər hallarda bütöv mətni əhatə etmir. Haşiyə yazan şəxs mətnin hansı hissəsi ilə tam razıdırsa yaxud ona şərh verməyə ehtiyac duymursa, həmin hissəyə toxunmur. İzah verməyə ehtiyac duyduğu yerlərdə mətnə işarələr qoyaraq, səhifənin kənarında öz haşiyəsini yazır. Haşiyələr daha çox şəriət kitablarına (risalələrə) yazılır. Belə ki, bir müctəhid ondan əvvəl yazılmış bir risaləni əsas götürür, oradakı hansı məsələ ilə razıdırsa, onu olduğu kimi saxlayır, özünün fərqli rəyi olan məsələlərdə isə haşiyə şəklində öz fikrini qeyd edir.