Məşədi Dadaş məscidində nə baş verir?
Xəbər verdiyimiz kimi, martın 2-də vəfat etmiş Məşədi Dadaş məscidininin imamı Hacı Şahin Həsənlinin yerinə təyinat reallaşıb. DQİDK sədri Mübariz Qurbanlı bu vəzifəni Əli Şərbətovun tutacağını açıqlayıb.
Lakin, sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu təyinat Məşədi Dadaş məscidində daimi ibadət edən inanclılar tərəfindən birmənalı qarşılanmayıb, onlar yeni imamın məscid əhlindən olmamasından narazı qalıblar və məscidi tərk ediblər.
Mübariz Qurbanlı baş verənləri şərh edərkən bildirib ki, Məşədi Dadaş icmasının məsciddən çıxarılması fikirlər yanlışdır: “Hazırda icmanın sədri də, üzvlər də Məşədi Dadaş məscidindədirlər. Məsciddəki icma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq”, – o, əlavə edib.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə bildirilir ki, məscidi tərk edənlər heç də rəsmi icma üzvləri yox, məscidin əsas kontingenti, bu ibadət ocağına mütəmadi gələn inanclılardır. Rəsmi icma isə 11 nəfərdən ibarətdir və məscidə gəlib-gedənlərdən təşkil olunmayıb.