“İslamafobiyaya qarşı mübarizədə multikultural dəyərlər” mövzusunda debat keçirildi
İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycanın müxtəlif ali məktəblərindən olan 60 tələbənin iştirakı ilə Avrasiya Müsəlman Ölkələrinin Beynəlxalq Debat Çempionatının növbəti milli mərhələsi keçirilib.
Bəlli olduğu kimi, İƏGF Avrasiya Regional Mərkəzi təşəbbüsü ilə iki ildir Azərbaycanda və Avrasiyanın bir sıra ölkələrində debat çempionatları keçirilir. Bu ilki debat çempionatları Azərbaycanın ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub və əsas məqsəd gənclərin natiqlik, kommunikasiya və liderlik bacarıqlarının artırılmasına töhfə vermək, eləcə də Heydər Əliyev şəxsiyyətinin daha geniş auditoriyada tanınmasına nail olmaqdır.
Tədbirin açılış mərasimində İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov tədbir iştirakçılarını salamlayaraq, debat çempionatında müzakirə olunacaq mövzunun əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bu çempionatın artıq Qazaxıstan və Qırğızıstanda keçirildiyini və bu ölkələrdə gənclər arasında Heydər Əliyevin natiqliq bacarığının və liderlik keyfiyyətlərinin öyrənilməsini nəzərə çatdırıb, eləcə də təmsil etdiyi qurumun fəaliyyəti, xüsusilə, islamofobiyaya qarşı apardığı mübarizə haqqında qısa məlumat verib.
“Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin sədri Ülviyyə Axundova öz təbrik nitqində keçən ildən etibarən debat çempionatı layihəsi çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi ilə əməkdaşlıqdan qürur duyduğunu bildirib və iştirakçıları islamofobiya mövzusunda keçiriləcək debatlarda aktiv olmağa çağırıb.
İki gün ərzində Azərbaycan və ingilis dillərində keçirilmiş debat çempionatının əsas mövzusu “Cəmiyyətdə multikultural dəyərlərin olması islamafobiyanın qarşısını alan əsas faktordur” olub.
Sözügedən çempionatda xüsusi istedad və bacarıq nümayiş etdirmiş komandalar və gənclər yaxın zamanlarda pul vəsaiti, qaliblərsə medallar və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.
Debat çempionatlarının əsas məqsədi Avrasiya məkanında yaşayan gənclərdə debat mədəniyyəti və bacarıqlarının inkişaf etdirilməsi, onların liderlik və təmsilçilik qabiliyyətlərinin artırılması, eləcə də gənclərin ictimai-siyasi sahədə fəaliyyətinə töhfə verməkdir.
İƏGF Avrasiya Regional Mərkəzi 2023-cü il ərzində bu layihənin Avrasiyanın bir sıra ölkələrində keçirilməsini planlaşdırır.