Şəriət kitablarında rast gəlinən “nəcasətin eyni” ifadəsinin mənası nədir?
İslam şəriətinə görə, bəzi maddələr öz-özlüyündə murdar sayılır. Onların özü də, bulaşdıqları hər yer də murdar olur. Murdarlığa şəriət dilində “nəcasət” deyirlər. Murdar maddənin özü şəriətdə “nəcasətin eyni” adlandırılır. Onun bulaşdığı yer və ya əşya isə “murdarlanmış, nəcislənmiş” adlanır. Məsələn, sidik, qan və s. nəcasətin eynidir. Bir əşya əgər nəcasətə bulaşmışsa, hər şeydən öncə həmin əşyanın üzərindəki nəcasətin özü (eyni) aradan götürülməlidir. Məsələn, əgər paltar sidiyə bulaşıbsa, əvvəlcə paltarı elə yumaq lazımdır ki, onun üzərində sidiyin heç bir izi qalmasın. Yaxud yerdə nəcis varsa, əvvəlcə onu yığışdırmaq, sonra həmin yeri elə yumaq lazımdır ki, nəcisin heç bir zərrəsi orada qalmasın. Bundan sonra ikinci mərhələ gəlir, yəni həmin təmizlənmiş əşyanı (yeri) pak etmək. Bu da şəriətdə nəzərdə tutulmuş sayda yuyulmaqla alınır. Nəcasətin özünü aradan qaldırmadan, əşyanı pak etmək olmaz. Eləcə də, nəcasətin özünü aradan qaldırdıqdan sonra həmin əşya pak sayılmaz, mütləq şəriətə uyğun tərzdə və sayda yuyulub pak edilməlidir.