Bu müsəlman ölkəsi İsrail mallarının boykot qanununu ləğv etdi
Sudan Suverenlik Şurası və Nazirlər Kabineti İsrail ilə münasibәtlәrin normallaşması çәrçivәsindә 1958-ci ildən bəri qüvvədə olan İsrailin boykot edilmәsi ilә bağlı qanunu ləğv edib.
İslam.az Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barәdә Sudan әdliyyә naziri Nәsrәddin Abdulbari rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.
‘‘Qısa müddәt әvvәl Sudan Suverenlik Şurası vә Nazirlәr Kabinetinin birgә iclasında İsrailin boykot edilmәsi ilә bağlı qanun lәğv edildi’’,-deyә Nәsrәddin Abdulbari bildirib.
Qeyd edәk ki, bu qanun sudanlıların İsraildәki hәr hansı bir İsrail vәtәndaşı, quruluş vә ya xarici şirkәtlәrlә müqavilә bağlamasını qadağan edirdi.
Qanunla İsrail mənşəli mәhsulların Sudana daxil edilmәsinә və bu ölkədən keçməsinə icazə verilmirdi. Qanunun müddəalarını pozanlar 10 il azadlıqdan mәhrum olunurdu.