HƏZRƏT İSA PEYĞƏMBƏRİN (ə) TÖVSİYƏLƏRİNDƏN
Bu günlərdə bütün xristian dünyası Hz. İsa peyğəmbərin doğum gününü qeyd edir. Əlbəttə, Hz. İsa (ə)-ın şəxsiyyətinə baxışda müsılman və xristianlar arasında ciddi fərqlər olsa da, Hz. İsa müsəlmanlar üçün də müqəddəs şəxsiyyətdir, Ulul-əzm, yeni din və şəriət gətirmiş peyğəmbərdir. Allah təala Hz. İsanı Qurani Kərimdə “Ruhullah” kəlamı ilə, yəni Allahın ruhu deyə tanıtdırır, atasız olaraq, Allahın möcüzəsi olaraq doğulduğunu təsdiq edir. Hz. İsanın əsl doğum tarixi müsəlman təqvimlərinə əsasən dəqiq bəlli olmasa da(xristianların qeyd etdiyi tarixin dəqiq olmadığı çoxdan bəllidir), hər halda bu günlərdə Hz. İsanın bütün dünyada xatırlandığını nəzərə alaraq müsəlman mənbələrindən o həzrətin dilindən olan bəzi nəsihətləri diqqətinizə çatdırırıq.
Məgər Tövratda sizə edilmiş bu tövsiyələri eşitməmisinizmi: «Qohumlarınızla sıx əlaqə saxlayın və onlara qarşılıqlı surətdə yaxşılıqlar edin». Mən sizə deyirəm: sizdən əlaqəsini kəsənlərlə rabitə qurun, sizdən əsirgəyənlərə hədiyyə edin, sizə pislik edənlərlə yaxşı davranın, sizi söyənlərə salam verin, sizinlə düşmənçilik edənlərə qarşı ədalətli və insaflı olun, sizə zülm edənləri bağışlayın. Necə ki, pis rəftar etdiyiniz adamların da sizi bağışlamalarını istəyirsiniz. Allahın mərhəmətindən ibrət alın. Görmürsünüzmü ki, Günəş sizlərdən həm pislərə, həm də yaxşılara eyni dərəcədə işıq saçır. Yağış həm əməlisalehlərin, həm də günahkarların üzərinə eyni bərabərlikdə yağır.
Sizin ürəyiniz xəzinələrinizin olduğu yerə sarı yönəlib. Ona görə də insanlar öz sərvətlərini sevir və ona ürəkdən bağlanırlar. Siz öz xəzinələrinizi səmada yerləşdirin ki, orada onları nə qurd-quş yeyər, nə də oğru aparar. (Yəni xeyir əməllər edin və savabını Allahın dərgahında əmanət qoyun. Yaxud mal-dövlətinizi ehtiyaclılara paylayın və bunun savabını Allahın dərgahında əmanət buraxın).
Əkin torpağın üzərində bitər, daşın yox. Eləcə də hikmət təvazökar qəlbdə yerləşər, təkəbbürlü, zalım qəlbdə yox. Bilmirsinizmi ki, hər kəs başını tavana vursa, başı yarılar? Amma hər kim başını tavandan aşağı əysə, onun kölgəsi altında durub bundan faydalanar. Kim Allahın qarşısında təvazökarlıq etməsə, Allah onu əzib xar edər. Hər kim Allahın qarşısında təvazökar davransa, Allah onu ucaldar. Hər tuluğun içinə bal tökmək olmaz, hər qəlbi də hikmət məkanı etmək olmaz. Dəri quruyub aşılanmayınca bal üçün qab kimi istifadə edilə bilməz. Ürək də şəhvət və tamahdan aşılanmayınca, yaxşı xüsusiyyətlərlə təmizlənməyincə orada hikmət qərar tutmaz.
Əgər bir evə od düşsə, başqa evlərə də keçər və çoxlu evi bürüyər. Yalnız birinci yanmağa başlamış evi müəyyən edib uçursalar, alov zəifləyər və onu söndürmək mümkün olar. Zalım da belədir. Əgər bir kəs zülm etməyə başlasa, onun qarşısını alsalar, arxasınca heç kim zülm törətməyə cəsarət etməz.
Hər kim öz (din) qardaşını sancmağa hazırlaşan ilanı görsə və qardaşını bundan xəbərdar etməsə, ilan da onun qardaşını sancıb öldürsə, həmin adam bu qətldə şərik olmaq məsuliyyətindən kənarda qalmaz. Eləcə də hər kim öz qardaşının günah etmək istədiyini görsə və onu çəkindirməsə, qardaşı da həmin günahı etsə, o adam həmin günahda şərik olmaq məsuliyyətindən özünü kənara çəkə bilməz. Kim zalımın zülmünün qarşısını ala bildiyi halda bunu etməsə, zülmdə ona şərik kimidir. Zalım öz zülmündən necə çəkinsin ki, o, sizin aranızda asudə halda yaşayır, ona maneçilik edən, qabağını alan yoxdur. Zalımlar necə məğrur gəzməsinlər ki, sizin sözünüz budur: «Mən özüm zülm törətmirəm, amma kim zalımlıq edirsə-qoy etsin».
Ey dünyaya aludə olanlar! Gündüz vaxtı çıraq yandırırsınız, halbuki Günəşin işığı sizə bəs edər. Qaranlıqda isə çırağı əlinizdən yerə qoyursunuz, halbuki çıraq bundan ötrü yaradılıb. Siz dünya işlərinizdə elm nurundan istifadə edirsiniz. Amma dünya onsuz da əlinizdədir. Axirətdən ötrü isə elmin nurundan faydalanmırsınız, halbuki elm sizə bundan ötrü verilib. Deyirsinz ki, axirətin mövcudluğu həqiqətdir, amma dünyanı bəzəməklə məşğulsunuz. Deyirsiniz ki, ölümün mövcudluğu həqiqətdir, amma ondan qorxub qaçmağa çalışırsınız. Deyirsiniz ki, Allah hər şeyi eşidir və görür. Amma qorxmursunuz ki, O, sizin bütün günahlarınızı sayır.
Əgər bir miniyə minməsələr, onu əhliləşdirib təlim verməsələr, işlətməsələr, qudurğan və bədxasiyyət olar. Ürəklər də ölümü xatırlamaqla yumşalmasa, ardıcıl ibadətin çətinliyini duymasa, daşlaşar. Damına çıraq bərkidilmiş, amma içərisi qaranlıq qalmış evin nə faydası var? Siz də dilinizdə (sözünüzdə) olan elm nurundan bəhrələnməzsiniz – nə qədər ki, içəriniz bu nurla dolmayıb.
Tələsin, qaranlıq evinizi işıqlandırın! Tələsin, qəlbiniz günahların təsirindən paslanmayınca və daş kimi bərkiməyincə, onu hikmət vasitəsilə yumşaldın! Zəif insan ağır yükü necə çəkə bilər? Bəs, Allahdan bağışlanmaq diləməyən adamın günahları necə silinər? Yuyulmamış paltar necə təmizlənər? Bəs, günahlarına görə cərimə (əvəz) verməmiş adam günahdan necə xilas olar? Gəmisiz dəryada üzən adam necə nicat tapar? Bəs, çalışqandıq göstərməyən adam dünyanın fitnələrindən necə amanda qalar? Ya bələdçisiz yola çıxan adam mənzilə necə çatar? Din təlimlərini öyrənməmiş adam behiştə necə yol tapar? Bəs, Allaha itaət etməyən şəxs Onun razılığını necə qazanar?
Dənizdə gəmi batsa, bundan dənizə heç bir əskiklik gəlməz və suyu azalmaz. Sizin itatətsizliyinizin də Allaha heç bir ziyanı olmaz, bunun ziyanı yalnız sizin özünüzə yönələr. Siz yalnız özünüzə zərər yetirərsiniz. Günəşin şöləsi hər nəyə düşsə də, bundan Günəşə nöqsan gəlməz; o öz parlaqlığında qalar. Eləcə də Allah sizə nə qədər ruzi versə də, heç nəyi əskilməz. Amma siz Allahın ruzisi ilə sevinər və yaşayarsınız. Hər kim şükr etsə, Allah ondan ötrü ruzini artırar. Çünki O, şükrləri qiymətləndirən və hər şeyi biləndir.
Xəstə adam dadlı xörəyə baxar, amma onun ləzzətini hiss edə bilməz, ağrıdan nalə çəkər. Dünyaya aludə olmuş adam da ibadətin ləzzətini duymaz, onun şirinliyini anlamaz, yalnız mal-dövlət sevgisini hiss edər. Xəstə adam bacarıqlı bir həkimin dilindən öz xəstəliyinin qorxulu olmadığı barədə sözləri sevinclə dinləyər və ümidi artar. Amma dərmanın acılığını dadan kimi ümidi sönüb gedər. Dünya əhli də bu dünyanın ləzzət və nemətlərini dadıb sevinər. Amma qəfil ölümü yada salanda sevincdən əsər-əlamət qalmaz.
Ulduzlara baxan hər adam onların vasitəsilə yolu tapmağı bacarmaz, yalnız ulduzların hərəkətini bilən, mənzillərini tanıyan adam bunu bacarar. Sizlər də hamınız elm öyrənirsiniz. Amma bu elmi əməldə tətbiq etməyən adam onun vasitəsilə hidayət olmaz.
Xoşdadıqlarınızı tərk etməyi bacarmayınca axirət şərəfinə nail olmazsınız. Sabahın tövbəsinin intizarını çəkməyin. Çünki sabaha hələ bir gecə-gündüz qalır. Allahın qəzavü-qədəri də həmin gecə-gündüzü bürüyüb.
Kiçik günahlar şeytanın tələləridir, onları sizin gözünüzdə xırda və əhəmiyyətsiz göstərər. Amma sonra bu kiçik günahlar birləşib böyüyər və sizi bütünlükdə əhatə edər.
Hər kim əkin yerini alaqdan təmizləməsə, alaq çoxalıb məhsulu bürüyər və məhsul zay olar. Eləcə də hər kim ürəyindən dünya sevgisini çıxarmasa, artıb çoxalar və ürəyində axirət sevgisinə yer qalmaz.
Dediyiniz hər pis kəlməyə görə qiyamətdə sizə cavab veriləcək. Qurban kəsmək istəyən adamın yadına düşsə ki, qardaşı ondan narazıdır, gərək əvvəlcə gedib qardaşını razı salsın, sonra qurbanı kəssin.
Unu buraxıb, qabıqları özündə saxlayan ələk kimi olmayın. Yəni hikməti dilinizdən çölə töküb, kin-küdurəti ürəyinizdə saxlamayın! Əvvəlcə ürəyinizdən pislikləri uzaqlaşdırın, sonra orada yaxşılıqları yerləşdirməyə çalışın. Əgər pisliklə yaxşılığı qarışdırsanız, xeyir qazanmazsınız.
Sizə deyirəm: Yalnız xoşlamadığınız hadisələrə səbr etməklə xoşladıqlarınıza nail ola bilərsiniz. Yalnız şiddətlə istədiyiniz şeydən uzaq durmaqla istədiyinizi əldə edə bilərsiniz.
Su alovu söndürdüyü kimi, səbr də qəzəbi aradan götürər…
Hədislər Ibn Şöbə Hərraninin «Tühəfül-üqul» kitabındandır (səh. 534-552).