“Bismillahir-Rəhmanir-Rəhim” ayəsi Quran surələrinin tərkibinə daxildirmi və surələri oxuyanda mütləq “bismillah”la başlamaq lazımdırmı?
Bu barədə məzhəblər arasında fikir ayrılığı vardır. Bəzi alimlər “Bismillah” ayələrini Quranın tərkib hissəsi hesab etməmiş və yalnız surələri bir-birindən ayırmaq üçün vasitə saymışlar. Əhli-sünnə məzhəblərindən hənəfilikdə təkbaşına qılınan namazlarda Fatihədən əvvəl “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini oxumaq sünnətdir, sonrakı surədə isə bu cümlə deyilməz. Eləcə də camaat namazında imamın arxasında namaz qılan şəxs “bismillah”ı deməz. Malikilər namaz surələrinin əvvəlində “Bismillahir”ı söyləməyi məkruh, şafiilər fərz sayırlar. Hənbəli məzhəbində isə bu cümləni surədən qabaq astadan demək sünnətdir. Şiə məzhəbində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi bütün surələrin tərkib hissəsi sayılır və namazlarda həm Fatihənin, həm də sonrakı surənin əvvəlində mütləq oxunmalıdır. Quran təfsirçilərinin sələfi Abdullah ibn Abbas “bismillah” ayəsinin surələrdən ayrı hesab edilməsini şeytan əməli sayaraq demişdir: “Quranın ən böyük ayəsini şeytan insanlardan oğurlayıb. Bu, “Bismillahir-Rəhmanir-Rəhim” ayəsidir” (Süyuti. Əl-İtqan). Fəxr Razi öz təfsirində “Bismillahir-Rəhmanir-Rəhim” ayəsinin Fatihəyə aid olduğunu sübuta yetirmək üçün 16 dəlil gətirmişdir. Süyuti “əl-İtqan” kitabında “Bismillah” ayəsinin Qurana aid olması barədə rəvayətlərin mütəvatir olduğunu yazmışdır (yəni çoxlu ravi tərəfindən nəql edilən və səhihliyində şübhə olmayan hədis).