Doğrudur ki, Kəbənin divarındakı qara daşı bir müddət oradan çıxarıb oğurlayıblar, sonra yerinə qaytarıblar?

IX əsrin sonlarında ismaili təriqətinin daxilində qərmətilik adlı bir qol yarandı. Bu cərəyanın banisi “qərmət” ləqəbli Həmdan ibn Əşəs adlı şəxsdir. Qısa müddət ərzində Qərmət öz ətrafına xeyli tərəfdar topladı, Kufə, Bəsrə, Vasit şəhərləri, Bəhreyn, Suriya, Yəmən vilayətləri onun ixtiyarına keçdi. Qərmətilər tədricən ismaili əqidəsindən uzaqlaşıb xəvaric inancına meyilləndilər. Onlar mərkəzi hakimiyyətə qarşı mübarizə aparır, iri şəhərləri talayır, qarət etdikləri mülkiyyətin hesabına yaşayırdılar. Qərmətilər müqəddəs məkanlara qətiyyən sayğı göstərmirdilər, həcc karvanlarını qarət edir, hacıları qətlə yetirirdilər. 930-cu ilin həcc mövsümündə qərmətilər qəfildən Məkkəyə soxulub minlərlə müsəlmanı qılıncdan keçirdilər və cəsədləri Zəmzəm quyusuna atdılar. Qərmətilər Məscidül-həramın bəzəklərini, Kəbənin örtüyünü, qızıl suyuna çəkilmiş qapılarını qoparıb özlərinə götürdülər, Kəbənin divarındakı “qara daş”ı da yerindən qoparıb özləri ilə Bəhreynə apardılar. “Qara daş” 20 ildən artıq qərmətilərin əlində qaldı, 951-ci ildə külli miqdarda pul müqabilində onu öz yerinə qaytardılar. X əsrin ikinci yarısından etibarən qərmətilər zəifləməyə başladılar və tezliklə tarix səhnəsindən silindilər.