Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
İnsan dünyaya göz açandan ömrünün sonuna kimi sıxıntı və iztirabların, təşviş və nigarançılıqların əhatəsində yaşayır. Varlıqlar içərisində insan qədər zəka və şüura malik biri olmasa da, onun qədər çətinliyə mübtəla olanı da yoxdur. İnsan həyatının bütün sahələri sürətlə inkişaf edir.
Əgər bəşəriyyət əlli, yüz il bundan qabağa kimi aydan-aya inkişaf və tərəqqiyə nail olurdusa, bu gün bu tərəqqi saniyələrlə, hətta saniyənin neçədə biri ilə ölçülür. Bu gün dünyada hər saniyədə yüzlərlə yeni ixtiralar edilir və insanların maddi tərəqqisi üçün hətta çoxlarının eşitməyə belə macal tapmadığı nailiyyətlər ortaya qoyulur. Lakin bütün bunlara baxmayaraq bəşəriyyət, özünün yer üzünə qədəm qoyduğu gündən onunla “ömür-gün yoldaşı” olan bir problemini həll edə bilmir.
Bütün bu elmi-texniki inkişaflar insanın daxilən rahatlıq tapması üçün nəinki heç nə edə bilmir, hətta bəzən vəziyyəti daha da ağırlaşdırır. Hamımız dünyaya gəlmiş körpənin ağlayarkən sakitləşdirilməsinin şahidi olmuşuq. Dilsiz-ağızsız körpə ağlayan kimi ətrafdakılar onu sakitləşdirmək üçün müxtəlif yollara əl atırlar. Körpənin ac olmasını güman edib ona süd verirlər.
Lakin körpə süd əmdikdən sonra yenə ağlayır. Fikirləşirlər ki, yəqin bələyini dəyişmək lazımdır. Bələyini dəyişirlər, amma körpə az keçməmiş yenə ağlayır. Susuz olmasını fikirləşib ona su verir, yuxusuz olmasını güman edib lay-lay çalırlar. Beləcə körpənin sakitləşməsi istiqamətindəki tədbirlər bir-birinin ardınca davam etdirilir. Lakin onların hamısı onun ümimi ehtiyaclarını nəzərə alıb edilir və konkret olaraq heç kəs həmin andakı ağlamanın səbəbinin aclıq və ya susuzluq olmasını bilmir.
İnsan, həyatının sonrakı mərhələlərində də belədir. O, hər bir mərhələdə müxtəlif şeylərin arzusu ilə yaşayır və həmin şeyin onun qurtuluş amili olmasını güman edir. Məsələn, elə bilir ki, əgər velosipedi olsa, hər şey həll olacaq. Amma velosiped aldıqdan sonra daxilində ona qarşı olan həvəs sönür və bir az böyüdükdən sonra univetsitetə qəbul olmağı hər şeyin həlli sayır.
Daha sonra maşın almaq, ailə qurmaq, ata olmaq və sairə kimi şeylərin hamısının səadət quşu olmasını güman etsə də, onların heç biri ona qəlb rahatlığı gətirmir. Bütün arzular onlara qovuşduqdan sonra puç olur. Onların heç biri insanı daxilən qane etmir.
Dünyanın ən rahat evində və ən ləziz nemətlər içində olsa da, mənəvi rahatlıq əldə edə bilmir. Hətta maraqlıdır ki, mənəvi narahatlıq maddi imkanları daha geniş olan insanlar arasında kasıblardan daha çox olur. Bunun səbəbi odur ki, onlar bütün maddi nemətləri əldə edib və axtardıqlarının onda olmadığını görüblər. Kasıb isə hələ bu ümidlə çalışır ki, bəlkə filan qədər pulum olsa hər şey düzələcək.
Görəsən bunun səbəbi nədir? İnsan doğrudan da bu cür təşviş və iztirablı həyat keçirmək üçün yaradılmış və ona məhkumdur? İnsan bu həyatda nə axtarır? İnsanlar hamısı kamillik və xoşbəxtlik axtarışındadır. Əslində gecə-gündüz var-dövlət qazanmaq istiqamətində çalışan insanlar pul yox, kamillik, xoşbəxtlik axtarırlar. Sadəcə kamillik və xoşbəxtliyi təmin edəcək şeyin pul olduğunu düşünərək pul qazanmaq arxasınca gedirlər.
İnsanın dərmanı tapılmayan bu daxili narahatlığının aradan qaldırılması, onun mənəvi və ruhi rahatlıq tapması üçün yol varmı? Bu suala ən gözəl cavabı insanı yaradan Uca Allah vermişdir. Çünki hər bir şeyi yaradan onun dərdinin nə olduğunu da hamıdan gözəl bilir.
Allah-Təala Qurani-Kərimdə buyurur:
“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatliq tapar!” (Rəd, 28).
Doğrudan da Allahı zikr etmək, yəni bütün hallarda Allahı yada salmaq insanın dərdlərinin dərmanıdır. Qarşıya çıxan problemin hansı sahə ilə bağlı olmasından və böyük-kiçikliyindən asılı olmayaraq onun bir dərmanı var. Əgər insan həmin dərmanı əldə edə bilsə, heç bir çətinlik ona qalib gələ bilməz.
Allaha iman və Allahı həmişə xatırlamaq insanın həyatına məna verən və onu hədəfsizlikdən çixaran amildir. Əgər insan özünün Allah ilə münasibətlərinə yenidən nəzər salsa və bütün işlərində Onu nəzərə alsa, həm qarşısına qoyduğu məqsədə daha rahat çatar, həm də heç bir çətinlik onu qorxutmaz.
Çünki o, belə olan halda bütün varlıq aləminin ixtiyarı əlində olan qüdrətin nəzarəti altında addımlayır və bilir ki, Allah heç vaxt öz bəndəsini darda qoymaz, çətinliyə salmaz. Əgər o, hansısa zahiri çətinliklə qarşılaşıbsa, deməli, onda da bir hikmət var və o da xeyrinədir. Bunun müqabilində əgər insan Allahı untsa və Ondan üz döndərsə, onu sıxıntılı həyat gözləyir.
Allah-Təala Qurani-Kərimdə buyurur:
“Kim Məni zikr etməkdən üz döndərsə, həyatı mütləq sıxıntılı olacaqdır” (Taha, 124).
Əlbəttə həyatın sıxıntılı olmasından məqsəd Allahdan üz döndərən şəxslərin maddi vəziyyətlərinin pis olması deyil. Hətta bir çox hallarda bu cür insanların maddi durumu iman sahiblərinin durumundan daha geniş olur. Bəli, güzəranın darısqallığından məqsəd pulun olmamasi deyil, gözün doymamasıdir.
Belə insan həmişə dünyanın yarısına sahib olsa da, daim həsrət içində, ehtiyac içində yaşayır. Allaha imanı olmayan və Onu yada salmayanlar üçün qəlb rahatlığı, daxili aramlıq əlçatmaz olur. Bu da insanın ən zəruri ehtiyacı və yerini heç nə ilə doldura bilmədiyi bir şeydir.
Gördüyümüz kimi Allah-Təala bəşəriyyətin doğru yola, həm dünya, həm də axirət səadətinə qovuşması üçün göndərdiyi müqəddəs kitabında lazım olan bütün məsələləri bizə açıqlamış, izah etmişdir. Təəssüf ki, bizlər bu ilahi həyat proqramını yaşayışımızda gerçəkləşdirmək əvəzinə hələ də onu öpüb gözümüzün üstünə qoymaqla məşğuluq.
Həkimin yazdığı resepti öpüb gözün üstünə qoymaqla kiminsə sağalmasının mümkünlüyünü isə heç bir ağıl sahibi qəbul etməz. Elə isə həyata baxışlarımıza yenidən nəzər salaraq istər maddi, istərsə də mənəvi ehtiyaclarımızın təmin edilmə yollarını Qurandan öyrənək, bu ilahi kitaba üz tutaq.
Əlimizdə bu cür zəngin ilahi xəzinə ola-ola yenə də iztirablı həyat sürmək bizə sonrakı peşmançılıqdan başqa bir şey gətirməyəcəkdir. Sonrakı peşmançılıq isə fayda verməz.