(Ramazan ayının 17-nə keçən gecə Merac gecəsidir)
“Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecədə Məscidül-haramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir.
O, doğrudan da hər şeyi eşidən və biləndir” (İsra, 1). Gecənin qaranlığı səmanı bürümüşdü. Sükut hər yerə hökm etməkdə idi. İnsanlar çoxdan yatmışdılar. Yalnız Allahın Rəsulu Həzrəti Muhəmməd (s) gecədən xeyli keçməsinə baxmayaraq, həmişə olduğu kimi, yenə də oyaq qalıb, öz zikr və duaları ilə səssizliyi pozurdu. Bu zaman vəhy mələyi Cəbrail (ə) nazil olub o həzrətə buyurdu: “Bu gecə səni böyük bir səfər gözləyir. Allahın istəyi budur ki, bu gecə sənə hələ heç kəsin görmədiyi mənzərələri göstərsin”…
…Bu gün müsəlman aləmində əlamətdar günlərdən və bayramlardan biri kimi qeyd olunan Merac hadisəsinin dəqiq tarixi barədə alimlər arasında fikir ayrılığı vardır. Əksər müəlliflər Merac hadisəsinin hicrətdən il yarım əvvəl, yəni peyğəmbərliyin 12-ci ilində baş verdiyini yazırlar.
Bu nəzəriyyəni müdafiə edənlər məşhur müsəlman salnaməçisi Vaqidinin rəyinə əsaslanırlar. “Siyreyi-İbn Hişam” adı ilə tanınan və Allah Rəsulunun həyat tarixçəsinin ən etibarlı mənbələrindən sayılan kitabda Merac peyğəmbərliyin (bisətin) 10-cu ilində baş vermiş hadisələr sırasında işıqlandırılır.
Beyhəqi bu tarixi daha iki il geri çəkmişdir. Bəzi müəlliflər Meracın bisətdən sonrakı ilk illərdə, bəziləri isə Məkkə dövrünün ortalarında baş verdiyini iddia etmişlər. Tədqiqatçıların bir qismi mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün çıxış yolu olaraq, Peyğəmbərin öz həyatı boyu bir neçə dəfə Meraca getdiyini söyləmişlər.
Lakin ilkin araşdırmalar nəticəsində belə məlum olur ki, böyük ehtimala əsasən, Merac – Peyğəmbərin əmisi Əbu Talibin vəfatından, yəni peyğəmbərliyin 10-cu ilinin Ramazan ayından sonra baş vermişdir. Çünki Merac zamanı Peyğəmbərə gündəlik namazların fərz (vacib) olması barədə vəhy verilmişdi. Əbu Talib ölüm yatağında olarkən, Məkkə müşrikləri onun yanına gəlib, qardaşı oğlunu öz əqidəsindən döndərməsini və bütlərlə düşmənçilikdən əl çəkməyə məcbur etməsini istəmişdilər.
O zaman Peyğəmbərimiz bu təklifə belə cavab vermişdi: “Mən sizdən yalnız bircə şey tələb edirəm: “La ilahə illəllah” deyib, bütlərə itaətdən əl çəkin”.
Beləliklə, məlum olur ki, əgər o zaman namaz qılmaq vacib olsaydı, Peyğəmbər öz rəqiblərinə etdiyi təklifdə bunu mütləq xatırladar, yəni namaz qılmalarını istəyərdi. Müqayisə üçün deyək ki, sonralar İslama dəvət edərkən, namaz qılmaq islamın ən brinci şərtlərindən sayılırdı.
Hadisənin ayına və gününə gəlincə, tarixçilərin böyük hissəsi mübarək Ramazan ayının 17-ə keçən gecəni göstərirlər. Lakin Peyğəmbərin 17 Rəbiül-əvvəl, 27 Rəbiül-əvvəl və ya 27 Rəcəb tarixlərində Meraca getməsi barədə də rəvayətlər vardır.
Ərəb dilindən tərcümədə Merac – yüksəliş, hündürlüyə qalxma mənasını verir. Həmin gün Həzrəti Muhəmməd (s) Buraq adlı möcüzəvi məxluqun belində səmaya – Allahın hüzuruna qalxdığı üçün, hadisəyə bu ad verilmişdir. Həzrəti Rəsulullahın səfəri iki mərhələdən ibarət olmuşdur. “İsra” adlanan birinci mərhələdə o, Məkkədən Beytul-müqəddəsə (Qüds şəhəri) getmiş, ikinci mərhələdə isə oradan səmaya yüksəlmişdir.
Rəvayətlərdə o həzrətin İsra səfərinə əmisi qızı (Həzrət Əlinin (ə) bacısı) Ümmi-Hanigilin evindən başladığı göstərilir. Məlumdur ki, Peyğəmbər bəzi günlərdə öz qohumlarının evində gecələyirdi. Həmin gecə o, Ümmi-Haninin həyat yoldaşı Hubeyrə ibn Əbu Vəhəb Məxzuminin evində qalmışdı.
Səfərin əvvəlində o, evdən Məscidul-hərama (Kəbə evinin yerləşdiyi müqəddəs məscidə) getmiş, oradan Beytul-müqəddəsə yola düşmüşdür. (Ayədə də o həzrətin məhz Məscidul-həramdan İsra səfərinə başlaması göstərilir).
Allahın elçisi Qüds şəhərində peyğəmbərlərin məqamı olan müqəddəs Beytul-əqsa məscidini, Həzrəti İsanın (ə) doğulduğu Beyti-Ləhm (Vifleyem) qəsəbəsini və sair müqəddəs məkanları ziyarət etmişdir. Həzrəti Muhəmməd (s) səfər zamanı nəqliyyat vasitəsi kimi ölçüdə atdan kiçik, uzunqulaqdan böyük olan qanadlı behişt məxluqu Buraqdan istifadə edirdi.
Bütün səfər boyunca Allahın müqərrəb (yaxın) mələyi Cəbrail (ə) onu müşayiət edirdi. Merac zamanı Həzrəti Muhəmməd Peyğəmbər (s) səmanın yeddi qatını keçmiş, hər mərtəbədə özündən əvvəlki böyük peyğəmbərlərlə görüşmüşdür. Yeddinci qatda Cəbrail (ə) onu tərk edərək söyləmişdir ki, burada qalmaq üçün yalnız o həzrətə icazə verilmişdir; hətta Allahın ən yaxın mələyi belə, yalnız buraya kimi hərəkət etməyə icazəlidir.
Merac zamanı Allahın izni ilə Həzrəti Muhəmmədə (s) cənnət və cəhənnəmdən mənzərələr göstərilmiş, onların sakinləri barədə məlumat verilmiş, peyğəmbərimiz insanın hansı əməllərinə görə cənnətə və cəhənnəmə düşdüyünü öyrənmişdir. Əlbəttə, cənnət və cəhənnəm Qiyamət gününə kimi boşdur, heç bir mömin və kafir şəxs hesab günündən əvvəl nə cənnətə, nə də cəhənnəmə salınmaz.
Lakin Allah-Təala üçün zaman məfhumu yoxdur. Allahın sonsuz elmi bütün hadisələri baş verməmişdən əvvəl də əhatə edir. Demək, Merac zamanı Allah-Təalanın əmri ilə cənnət və cəhənnəm səhnələri Həzrəti Muhəmməd Peyğəmbərdən (s) ötrü vaxtından əvvəl canlandırılmışdır.
Və yaxud Allah-Təala Həzrəti Muhəmməd Peyğəmbərin (s) daha yaxşı anlaması üçün cənnət və cəhənnəm görüntülərini onun gözü qarşısında canlandırmışdır. Merac səfərində müsəlmanlara gündə beş vaxt namaz qılmağın vacibliyi barədə əmr də Peyğəmbərə vəhy olunmuşdur.
Qurani-Kərimin daha bir neçə ayəsini də təfsirçilər Meracla bağlayırlar. Məsələn, “Nəcm” surəsinin 8-9-cu ayələrində buyurulur: “Sonra (Peyğəmbər Allaha) yaxınlaşdı, yenə yaxınlaşdı. Aralarında kamanın iki ucu arasındakı qədər və ya bundan da az məsafə qaldı”.
Əlbəttə, İslam dininin əqidə əsaslarına görə, Allah-Təala cisim deyil, onun məkanı yoxdur və Allahın hər hansı məkanda olduğunu düşünmək günahdır. Burada Allahla Peyğəmbər arasında məsafənin “kamanın iki ucu arasındakı məsafədən də az” olması ifadəsi məcazi məna daşıyır.
Ayədə Merac zamnı Peyğəmbərin Allaha həmişəkindən daha yaxın olduğunu bildirmək üçün bu cür ədəbi üsuldan istifadə edilmişdir. Bu yaxınlıq isə maddi deyil, mənəvi və ruhani məna daşıyır. İnsanın Allaha yaxınlığı onun lütf və mərhəmətinə layiq görülmə dərəcəsi və sevimli bəndələr cərgəsindəki yeri ilə ölçülür. Elə bir çox ibadət əməllərimizin əvvəlində işlətdiyimiz “qürbətən iləllah” – “Allaha yaxınlıq” sözləri də bunu sübut edir.
Din alimləri Merac barəsindəki xəbərləri ciddi təhlil etmişlər. Əllamə Təbrisi məşhur “Məcməul-bəyan” təfsirində yazır ki, Merac hadisəsi haqqındakı rəvayətlər dörd qismə ayrılır:
Birinci növ rəvayətlər təvatür həddindədir (yəni həddən çox ravi tərəfindən nəql edildiyi üçün etibarına şübhə ola bilməz). Bu hədislərdə əsasən, Meracın mövcudluğu, istiqaməti (yəni Merac gecəsində Peyğəmbərin yol marşrutu) vurğulanır.
İkinci növ rəvayətlər təvatür həddinə çatmasa da, onlardakı məlumatlar dini prinsiplərə və məntiqi qaydalara zidd olmadığı üçün, bunları qəbul etməyin heç bir əngəli yoxdur. Belə rəvayətlərə Merac gecəsində Allahın əzəmətini sübut edən bəzi nişanələrin Peyğəmbərə göstərilməsi, namaz hökmünün çatdırılması və s. barədə hədislər aiddir.
Üçüncü növ rəvayətləri yalnız müvafiq şərh və təvil (rəmzi açıqlama) ilə qəbul etmək lazımdır, çünki onların birbaşa mənası ağıl və məntiqə uyğun deyildir. Məsələn: cənnət və cəhənnəmin seyri, oradakı insanların xüsusiyyətləri və s. mövzulardakı hədislər.
Nəhayət, dördüncü qism rəvayətlər nə dini prinsiplərə, nə də məntiqi qaydalara uyğun gəlmədiyi üçün, onların uydurma olduğuna hökm vermişlər. Nümunə kimi, Merac gecəsində Allah lövhi-məhfuzda qələmlə yazarkən, qələm xışıltısının Peyğəmbər tərəfindən eşidilməsi, Peyğəmbərin Allahla yanaşı əyləşib söhbət etməsi və s. barədə saxta hədisləri göstərmək olar.
Merac haqqında danışarkən, daha bir mübahisəli məsələyə toxunmamaq mümkün deyildir. Bu da Meracın cismani, yoxsa ruhani olması məsələsidir. Müsəlman alimlərinin əksəriyyətinin fikrincə, Həzrəti Muhəmməd Peyğəmbər (s) cismani olaraq, bədəni və ruhu ilə birlikdə Meraca getmişdir.
Hətta Peyğəmbərin Meracdan qayıtdıqdan sonra yatağına uzanarkən, yatağının hələ də soyumadığı haqqında rəvayətlər vardır. Məşhur Quran təfsirlərindən olan “Tibyan” (Şeyx Tusiyə məxsusdur) və “Məcməul-bəyan” (Əllamə Təbrisiyə məxsusdur) ktablarında Merac hadisəsinin bəziləri iddia etdiyi kimi, yuxuda və ruhən deyil, ayıqlıqda və cismən baş verməsi barədə tutarlı sübutlar gətirilmiş və bu məsələnin etiraza layiq olmadığı bildirilmişdir. Əllamə Məclisi “Biharul-ənvar” əsərində yazır:
“İslam Peyğəmbərinin Məscidul-həramdan Beytul-müqəddəsə, oradan da səmaya səfəri elə bir məsələdir ki, həm Quran ayələri, həm də şiə və sünni məzhəbinin mütəvatir hədisləri vasitəsilə sübuta yetmişdir. Bunu inkar etmək, habelə, Merac hadisəsinin cismən yox, rühən baş verdiyini, yaxud Peyğəmbərin yuxuda ikən Meraca getdiyini söyləmək ya imamların hədislərindən xəbərsiz olmaqla, ya da yəqinin zəifliyi ilə bağlıdır”. Sonra Əllamə Məclisi əlavə edir: “Əgər bu mövzudakı rəvayətləri toplasaq, böyük bir kitab alınar”.
Meracın cismani olaraq baş verdiyini təsdiq edən dəlillərdən biri də bundan ibarətdir: Peyğəmbərimiz Meracdan qayıdarkən, Məkkəyə az qalmış Qüreyş tayfasının Şamdan gələn bir karvanını gördü. O həzrət karvanı qısaca seyr edib, yoluna davam etdi. Ertəsi gün Məkkə müşrikləri Peyğəmbərin gecə səfəri barədə eşidərkən, həmişəki kimi etiraz edib onu lağa qoydular.
Amma Allahın elçisi Beytul-müqəddəs məscidini onlar üçün ətraflı təsvir edəndə, şəhərə qayıdarkən yolda gördüyü karvan haqqında danışanda çaşqınlıq içində qaldılar. Çünki Qüdsdəki müqəddəs məscidin təsviri və karvan barədə deyilənlər həqiqətə tamamilə uyğun idi. Belə olduqda, məğlubiyyəti qəbul etmək istəməyən inadkarlar Həzrəti Muhəmmədi (s) sehrbaz və cadugər adlandırdılar.
Orta əsrlərdə bəzi müsəlman alimlərinin Meracı cismən deyil, ruhən qəbul etməsinin əsas səbəbi – dünya haqqında o zamanlar hökm sürən təsəvvürün səhv olmasında idi. Belə ki, XV əsrə kimi dünya elmində hökm sürən Ptolomey nəzəriyyəsinə görə, Yer kürəsi kainatın mərkəzində durur və onun ətrafını dörd həyat ünsüründən (su, torpaq, külək və od) ibarət təbəqələr əhatə edir.
Bundan sonra “fələklər” adlanan 9 qat gəlir. Heç bir cism bu 9 fələk daxilində sərbəst hərəkət edə və onları yarıb keçə bilməz. Yad cismin bu təbəqələrə daxil ola bilməsi üçün həmin təbəqələrin bir-birindən ayrılması (yəni kainatın dağılması) tələb olunur.
Lakin elmin inkişafı nəticəsində bu modelin tamamilə yanlış olduğu sübuta yetdi. Ptolomey modelinin (geosentrik sistem) batilliyi Meracın ruhani olması zərurətinin əsassızlığını ortaya qoydu. “İsra” surəsinin ilk ayəsində işlənən və tam maddi insanı ifadə edən “abd” (qul) kəliməsi də Muhəmməd Peyğəmbərin (s) cismani Meracının ilahi təsdiqidir.
Düzdür, bir gecəyə Məkkədən Qüdsə, oradan səmaya getmək, sonra yenidən Qüdsə, oradan da Məkkəyə qayıtmaq o zamanın texniki imkanları çərçivəsində mümkün deyildi. Lakin yaddan çıxarmamalıyıq ki, Ulu Yaradan “öz bəndəsini bir gecədə… aparan Allah pak və müqəddəsdir” buyurmaqla, Merac hadisəsinin növbəti möcüzə olduğunu və Allahın qüdrəti ilə həyata keçirildiyini vurğulayır.
Hal-hazırda öz sıravi bəndələrini müxtəlif texnikanın köməyilə Aya və başqa planetlərə aparan Allah, öz sevimli peyğəmbərini heç bir texnikasız daha uzaqlara aparmağa qadirdir. Bu məsələ yalnız və yalnız Allahın qeyri-məhdud qüdrətinə bağlıdır.
islam.az