Namazda Qurani-Kərimin surələrini və ümumiyyətlə namazın sözlərini ana dilində oxumaq çağırışları XX əsrdə xüsusilə şiddətlənmişdir. Müsəlman coğrafiyasının fərqli nöqtələrində – həm ərəb ölkələrində, həm Türkiyədə, həm də İranda bu nəzəriyyənin ardıcılları ciddi-cəhdlə çalışmışlar.
Namazı ana dilində qılmağı müdafiə edənlər Türkiyədə daha çox uğur qazanmağa nail olmuşdular. Hətta bu ölkədə 20 ilə yaxın müddət ərzində (1932-1950-ci illər) dövlət səviyyəsində azan türk dilində verilmiş, mərkəzi camelərdə namaz türk dilində qılınmışdı.
50-ci illərdə bu düşüncə dalğası İrana keçdi və milliyyətçi zeniyyətlə silahlanmış gənclər arasında uğur qazanmağa başladı. O dövrün nüfuzlu alimləri bu yanlış düşüncə ilə mübarizə aparır və dini qanunların toxunulmazlığını qorumağa çalışırdılar. Belə alimlərdən biri də mərhum Ayətullah Rəhim ağa Ərbab idi. İsfahan məktəbinin yetirməsi və görkəmli nümayəndəsi Rəhim ağa Ərbab (1875-1975) ədəbiyyat və elm aləminə yaxın olan bir ailədə dünyaya gəlmiş, böyük alimlərdən dərs almışdı.
Rəhim ağa Ərbab fiqh, üsuli-fiqh, kəlam, hikmət, fəlsəfə, riyaziyyat elmlərində mahir idi, irfanı gözəl bilir və bütün varlığı ilə onu həyatında tətbiq edirdi. Onu başqalarından fərqləndirən ən əsas xüsusiyyət namaz vaxlarını çıxmaq şərti ilə həmişə əmmaməsiz gəzməsi idi.
Alim başına dəri papaq qoyurdu. Qeyd etmək yerinə düşər ki, Ayətullah Ərbabın müəllimi, böyük filosof Cahangir xan Qoşqayi də əmmamə qoymamış, papaqla gəzmişdir. Alimi fərqləndirən cəhətlərdən biri də cümə namazı qılmağı vacib sayması idi. Şəhid Behişti, Şəhid Mütəhhəri, ədib Cəlal Humayi onun tələbəsi olmuşlar. Rəhim ağa Ərbab uzun ömür (100 il) yaşamışdır.
Səbəbini soruşanlara deyirdi ki, mən həyatım boyunca heç kimə pislik etməmişəm, bunun mükafatı olaraq Allah-Taala mənə uzun ömür verib. Alim deyirdi ki, mən ömrüm boyunca qeybət danışmamış və qeybət dinləməmişəm, naməhrəmə baxmamışam.
Hətta qardaşım öz ailəsi ilə birlikdə qırx il mənimlə bir evdə yaşadı, amma bircə dəfə də onun həyat yoldaşının üzünə baxmadım və simasının necə olduğuna diqqət yetirmədim.
Alimin müasirlərindən biri xatırlayırdı:
XX əsrin 50-ci illəri (daha dəqiq desək, 1953-cü il) idi. Mən və bir neçə gənc dostum xeyli müzakirələrdən sonra bu qərara gəldik ki, namazı fars dilində qılaq. Fikrimizi həyata keçirməyə və namazın sözlərini ana dilimizdə söyləməyə başladıq. Bir müddətdən sonra valideynləirimiz bundan xəbər tutdular. Bizi yolumuzdan döndərməyə çalışsalar da, nəticə vermədi; biz öz fikrimizdə möhkəm durmuşduq.
Valideynlərimiz bizi yerli ruahnilərdən biri ilə görüşdürdülər ki, o, bizə nəsihət etsin. Amma həmin ruhani mövqeyimizi bilən kimi bizi söyüb kafir və murdar adlandırdı, otağından qovdu. Bu hərəkət inadkarlığımızı daha da artırdı. Axırda bizi Rəhim ağa Ərbabın hüzuruna aparmağı qərara aldılar. Biz təqribən 15 nəfər idik. Təyin edilmiş gündə hamımız alimin görüşünə yollandıq.
Ayətullah Ərbab bizi son dərəcə mehribanlıqla qarşıladı. Onun gülər üzü, mehribanlığı bizə müsbət təsir etmişdi. Söhbətdən əvvəl alim bizim üçün kiçik bir qonaqlıq da təşkil etdi. Sonra valideynlərimizə dedi: “Siz gedin, məni balalarımla tək buraxın”. Valideynlərimiz çıxıb gedəndən sonra alim üzünü bizə tutub buyurdu: “Söhbətdən qabaq yaxşı olar ki, siz bir-bir özünüzü təqdim edib hansı ixtisas üzrə təhsil aldığınızı, hansı sahə ilə maraqlandığınızı danışasınız”.
Biz özümüz və təhsilimiz haqqında məlumat verdikcə Ayətullah Ərbab bizimlə fikir mübadiləsi aparır, suallar verirdi. Gördük ki, o, bizim institutda keçdiyimiz cəbr, triqanometriya, fizika, kimya və sair elmlərdə dərin biliyə malikdir. Hətta bizə elə suallar verirdi ki, cavablandırmağa çətinlik çəkirdik, o isə həmin sualların cavabını asanlıqla bizə izah edirdi.
Bu hərəkətlə o, bizə başa saldı ki, qarşısında oturduğumuz şəxs sıradan bir molla və dini elmlərlə məhdudlaşmış fəqih deyil, əksinə, müasir elmlərdən mükəmməl xəbərdar olan bir elm adamıdır. Bu müqəddimə səbəb oldu ki, ona qarşı münasibətimizdə daha ciddi və məsuliyyətli olaq. Həmçinin, bu söhbətlər onunla bizim aramızda səmimiyyət yaratdı, gərginliyi aradan qaldırdı və fikir mübadiləsini asanlaşdırdı.
Bundan sonra Ayətullah Ərbab mövzuya keçərək söhbəti açdı: “Valideynlərimiz mənə dedilər ki, siz namazı fars dilində qılmağa başlamısınız. Əvvəla, bunu deyim: mən o qədər adam görmüşəm ki, ümumiyyətlə namaz qılmırlar. Görürəm ki, siz dindar, əxlaqlı və savadlı gənclərsiniz.
Çox yaxşıdır ki, namazı tərk etməmisiniz və qılırsınız. Namazı farsca qılmağa gəlincə, mən də bir ara cavanlıq vaxtı bu fikrə düşmüşdüm.
Amma bir sıra ciddi problemlərlə üzləşdiyim üçün bunu həyata keçirə bilmədim. Deyəsən, siz onların öhdəsindən gəlmisiniz. İndi bu problemləri necə həll etdiyinizi mənə danışın…”
*************************************************************************************************************
Ayətullah Rəhim ağa Ərbab sözünə davam edərək buyurdu:
“Mənim qarşılaşdığım birinci və ən ciddi problem namazda oxunan Fatihə surəsinin səhih tərcüməsini tapa bilməməyim idi. Hansı tərcüməyə müraciət etdimsə, Quran surəsinin həqiqi və tam mənasını əhatə etmədiyini gördüm.
Madam ki, siz namazı öz dilinizdə qılırsınız, deməli, mükəmməl tərcümə tapmısınız. İndi aranızda ən cəsarətli və bacarıqlı birini seçin ki, “Bismillahir-Rəhmanir-Rəhim” ayəsinin düzgün tərcüməsini mənə söyləsin”. Dostlarımdan biri əlini qaldırıb icazə istədi.
Rəhim ağa Ərbab zarafatla dedi: “Çox yaxşı ki, bir nəfərlə tərəf-müqabili olacağam. Yoxsa siz 15 nəfər qüvvətli və enerjili gənc hamılıqla mənimlə bəhsə girsəniz, mənim kimi qoca kişi öhdənizdən gələ bilməz”. Bu zarafat hamımızın üzündə təbəssüm yaratdı. Alim həmin dostumuzdan soruşdu: “Buyur, “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini necə tərcümə etdiyini söylə”. Dostumuz dedi: “Bağışlayan və mehriban Tanrının adı ilə”. Rəhim ağa Ərbab bu cavabı eşidəndə gülümsəyib söylədi: “Düşünmürəm ki, bu cümlə ayənin dəqiq mənasını çatdırmağa qadirdir. “Bism” kəlməsini “adı ilə” şəklində tərcümə etməyi qəbul etmək olar.
Amma “Allah” adını “tanrı” ilə əvəz etmək yanlışdır. Allah xüsusi addır, Yaradanın özünəməxsus adıdır. Xüsusi adları tərcümə etmək olmaz. Məsələn, bir nəfərin adı Həsəndirsə, onu “gözəl” çağırmaq düz deyil, baxmayaraq ki, sözün tərcüməsi buna uyğundur.
Heç kim öz adının tərcümə olunaraq çağırılmasını istəməz, Allah da həmçinin. “Allah” sözü xüsusi ad olduğu üçün tərcümə ona şamil ola bilməz. Keçək “Rəhman” kəlməsinə. Onu necə tərcümə etmisiniz?” Dostum cavab verdi: “Bağışlayan şəklində tərcümə etmişik”. Alim buyurdu: “Bu tərcümə də yetərli deyil. Çünki “Rəhman” adı da Allahın bir sifətini bəyan edir.
Rəhman o varlıqdır ki, Onun mərhəməti sonsuz və qeyri-məhduddur. O, bu dünyada həm möminə, həm də kafirə mərhəmət göstərir, aralarında ayrı-seçkilik qoymur. Rəhman olan Allah həm möminə, həm də kafirə cansağlığı verir, ruzi yetirir, dünya nemətləri bağışlayır. Amma “bağışlayan” sözü bütün bu dərinliyi ehtiva etməyə qadir deyil”.
Rəhim ağa Ərbab növbəti sualı verdi: “Bəs, “Rəhim” sözünə hansı qarşılığı tapmısınız?” Dostumuz dedi: “Mehriban”. Alim buyurdu: “Xeyr, bu tərcümə də düzgün deyil, çünki mənanı əhatə etmir. Rəhim olan Allah axirətdə yalnız möminlərə mərhəmət göstərəcək, kafirlərə isə əməllərinin layiqli cəzasını verəcək. “Mehriban” kəlməsi bu fərqi çatdırmır”.
Alim sözünə yekun vurub dedi: “Belə çıxır ki, sizin “Bismillahir-Rəhmanir-Rəhim” ayəsinə verdiyiniz tərcümə yanlış və səthidir. Əgər o biri ayələrə keçsək, inanın ki, vəziyyət daha da dolaşacaq. Bax, bu üzdən namazları öz dilimizdə qılmaq düzgün deyil. Amma əgər öz fikrinizdən dönməyəcəksinizsə, heç olmasa, öz dilinizdə də olsa namazınızı qılın. Heç qılmamaqdansa, fars dilində qılmaq yenə yaxşıdır!”
Alimin zarafatla dediyi son sözlər xəcalətimizi daha da artırdı. Hamımız öz əməlimizdən peşman olmuşduq. Elə oradaca tövbə edib söz verdik ki, bundan sonra namazları öz qaydasında, ərəb dilində qılacağıq, düzgün qılmadığımız namazları da qəza edəcəyik.
Söhbətin sonunda Ayətullah Ərbab süfrəyə şirniyyat və meyvə gətizdirdi. Mehribanlıqla məclisi başa vurduq, alimlə sağollaşıb ayrıldıq.
O, şəxsən hamımızı qapıya kimi yola saldı. Bu hadisədən sonra hər birimiz öz dilimizdə qılmış olduğumuz namazları qəza etdik və bir daha namazın sözlərini dəyişdirmək fikrinə düşmədik”.