Fəzilət qalalarının fatehinin son vəsiyyəti
Ramazan ayının iyirmi biri, əhya gecəsinin səhəri, həm də imam Əlinin (ə) şəhadət günüdür.
Bəşəriyyətin babası Həzrəti Adəm (ə) yer üzünə qədəm qoyandan indiyə kimi yer üzünə nə qədər insanın gəlib-getdiyi məlum deyil. Bu say dəqiq məlum olmasa da, onun böyük bir rəqəm olmasında heç kəsin şübhəsi yoxdur. Şübhə edilməyən digər bir məsələ isə budur ki, həmin saysız-hesabsız insandan çox azı öz adını bəşər tarixinə sala bilmişdir.
Adı bəşər tarixinə düşmüş insanların heç də hamısı tarixdə müsbət mənada xatırlanmır. Adı tarixə düşmüş insanların bir çoxu qeyri-insani əməlləri, bəşəri dəyərlərə zidd işləri ilə yad edilir. Adını tarixə salmış müsbət insanların da demək olar ki, çox cüzi hissəsindən başqa hamısı çox məhdud çərçivədə zirvələr fəth edə bilmişlər.
Bəşəriyyət tarixində çoxsaylı zirvələr fəth etmiş nadir şəxsiyyətlərdən biri Allahın aslanı İmam Əli (ə) olmuşdur. Dünyaya gəlməsindən vəfat edənə kimi fəzilətlər qalalarını fəth etmiş bu ilahi şəxsiyyət barəsində çox sözlər danışılmış, saysız-hesabsız əsərlər yazılmışdır.
Bəziləri onun yer üzünün ən şərəfli məkanı sayılan Kəbənin içində dünyaya gəlməsini fəzilət saymış, bəziləri onu Peyğəmbərə (s) ilk iman gətirmiş kişi kimi yüksək dəyərləndirmiş, bəziləri də onun ayların sultanı olan Ramazan ayında, Ramazan ayının sultanı olan Qədr gecəsinin səhəri, məkanların şahı olan məsciddə ölümlərin şahı olan şəhadətlə Rəbbinə qovuşmasını önə çəkib.
Əlinin (ə) fəziləti kimi Peyğəmbərin (s) onun barəsindəki sözlərini, yaxud onun müharibə meydanlarındakı misilsiz şücaət və rəşadətlərini, həmçinin gecə ibadətlərini nümunə göstərənlər də az deyil. Bəli, ədalətinin qurbanı olan Əli (ə) barəsində bütün bu deyilənlər həqiqət olsa da, onun fəzilətini əks etdirən digər bir məqam da vardır.
Əgər Əli (ə) barəsində nə Peyğəmbər (s) bir kəlmə müsbət bir söz deməsəydi, nə də tarix onun ibadət və şücaətindən, ədalət və qəzavətindən bir şey nəql etməsəydi, onun daxili aləmini əks etdirən bənzərsiz kəlamları bu fəzilətin dəlili kimi yetərli idi.
Lap qədim zamanlardan günümüzə kimi bütün böyük şəxsiyyətlərdən bir sıra dəyərli sözlər nəql edilmişdir. Adətən insanların oxuyub ibrət götürməsi üçün xüsusi hərflərlə və diqqət çəkən yerlərə yazılan bu kəlamlar elə də çox deyil.
Peyğəmbərləri çıxmaq şərtilə, adi insanlardan nəql edilmiş bu kəlamların sayı olduqca azdır. Bu cür böyük insanlardan nə qədər böyük və dahi şəxsiyyət olmasından asılı olmayaraq barmaq sayından artıq sözlər mövcud deyil. Bunun səbəbi həmin şəxsiyyətlərin sözlərinin nəql edilməməsi deyil, olmamasıdır. Tarixin böyük saydığı bu şəxsiyyətlər 50-60 illik ömürlərində bir neçə cümlədən artıq dəyərli kəlam deyə bilməmişlər.
İmam Əli (ə) bütün sahələrdə olduğu kimi bu sahədə də başqalarını arxada qoymuşdur. İmam Əlinin (ə) kəlamlarının birində insanın öz dilinin altında gizlənməsi vurğulanır.
Odur ki, İmam Əlinin (ə) dili altında gizlənmiş şəxsiyyətini kəlamları ilə araşdıranda daha yeni və heyrətamiz həqiqətlərin şahidi olursan. Əli (ə) kəlamlarında özünəməxsus şirinlik, cazibə vardır. Elə bu səbəbdəndir ki, o, nəinki müsəlmanların, hətta qeyri-müsəlmanların heyrətinə səbəb olmuş, onları ozünə cəzb etmişdir. Xristian alim Corc Cordaq deyir:
“İmam Əlinin (ə) kəlamlarının cazibəsi məndə o qədər şövq yaratdı ki, mən Nəhcül-bəlağəni iki yüz dəfə oxudum.”
Yaxud böyük alim və mutəfəkkirlərindən olmuş İbn Əbilhədid İmam Əlinin (ə) xütbələrinin biri (Nəhcül-bəlağənin 221-ci xütbəsi) barəsində deyir:
“And olsun bütün millətlərin and içdiyi varlığa, əlli il bundan öncədən indiyə kimi bu xütbəni min dəfədən artıq oxumuşam və hər dəfə onu oxuyanda qəlbimdə qorxu, titrəyiş və ibrət yaranıb…”
Xristian alimin imam Əlinin (ə) kəlamına bu qədər əhəmiyyət verib onu bu qədər oxumasını eşitdikdən sonra doğrudan da insan özünün müsəlmançılığına şübhə edir. Əslində heç bir insan, adı ilə əməli düz gəlməyən şəxsi müsbət qarşılamır. Hər bir kəs adını həkim qoyub təbabətin tələblərinə məhəl qoymayan, dərzi olub paltarı cırıq olan, bənna olub evi uçuq-sökük olan şəxsə ən azı qəlbində mənfi münasibət bəsləyir.
Çünki Mövlana demişkən insan istəyir ki, hər şey “göründüyü kimi olsun və ya olduğu kimi görünsün”. Elə isə bəs bu yanaşma tərzi özümüz barədə necədir? Biz özümüz üstümüzə götürdüyümüz adların tələblərinə cavab veririkmi?
Maraqlıdır ki, müqəddəs kitabımızın Quran olduğunu iddia edirik, amma içindən xəbərimiz yox! Peyğəmbərimizin Həzrəti Muhəmməd (s) olduğunu deyirik, amma nə həyatını bilirik, nə də gətirdiyi təlimləri! İmamımızın Əli (ə) olduğunu deyirik, amma nə şəxsiyyətini tanıyırıq, nə də həyat tərzindən, bizə irs qoyub getdiyi kəlamlarından xəbərimiz var!
Bütün bunlardan sonra hələ müsəlmançılığın bizi geridə qoyluğunu da iddia edir və bütün çatışmazlığımızı müsəlmançılığımızın üstünə yıxırıq. Müsəlmançılıqdan payımızın bu qədər olmasından sonra, görəsən bizi geridə saxlayan hansı İslamdır? Həyat tərzimiz neçə faiz İslam qaydalarına uyğundur? Həm Qurandan, həm Peyğəmbərdən (s), həm də İmamımızdan (ə) bu qədər uzaq qaldıqdan sonra İslam bizi zirvələrə necə qaldırmalıdır?
İmam Əli (ə) şəxsiyyəti və onun İslamla nəfəs alıb İslamla nəfəsini tapşırması barədə çoxsaylı xütbə və kəlamlarından istəniləninə istinad etmək kifayət edərdi. Amma biz günlərini yaşadiğımız Ramazan ayının iyirmi birinin – imam Əlinin (ə) şəhadətinin ildonümünün yaxın olmasını nəzərə alıb nümunə üçün bu ilahi şəxsiyyətin ömrünün son anlarında bütün müsəlmanlara olan vəsiyyətindən bəzi məqamları nəql edərək nəticə çıxarmağı hər bir kəsin özünə həvalə edəcəyik. İmam Əli (s) son nəfəsində olan vəsiyyətində buyurur:
“Sizə təqvalı olmağı və Allahdan qorxmağı, eləcə də dünya sizə üz tutsa da, sizin onu axtarmamağınızı vəsiyyət edirəm. Dünya malından əlinizdən alınmış şey üçün kədərlənməyin. Haqq və həqiqəti deyin. (Axirət) mükafatı qazanmaq üçün iş görün.
Zalıma düşmən, məzluma yardımçı olun. Sizə, bütün övladlarıma, ailəmə və bu vəsiyyətim çatacaq hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizdə nizam-intizamlı olmağı və aranızdakı ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitmişəm:”İki nəfərin arasını düzəltmək bütün namaz və oruclardan üstündür.”
Yetimlər barəsində Allahdan qorxun, Allahdan qorxun! Nəbadə onların ağızları üçün növbə müəyyənləşdirəsiniz (gah tox, gah da ac saxlamayın onları)! Onlar (aclıq, yalavaclıq və yiyəsizlik nəticəsində) sizin yanınızda məhv olmasınlar. Qonşularınz barəsində, Allahdan qorxun, Allahdan qorxun! Onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdir. (Həzrəti Peyğəmbər ) daima onları elə tapşırardı ki, biz onlara (qonşudan qonşuya) miras təyin edəcəyini güman etdik.
Quran barəsində Allahdan qorxun, Allahdan qorxun! Nəbadə başqaları ona əməl etməkdə sizdən qabağa düşsünlər. Namaz barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki o, dininizin sütunudur. Rəbbinizin evi (Kəbə) barəsində Allahdan qorxun, Allahdan qorxun! Nə qədər ki, sağsınız onu boş qoymayın. Əgər o tərk edilsə sizə möhlət verilməyəcək. Mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad etmək barəsində Allahdan qorxun, Allahdan qorxun!
Bir-birinizlə birlik və dostluğunuz olsun və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan çəkinin. “Əmr be məruf”u (başqalarını bəyənilən yaxşı işlərə dəvət etməyi) və “nəhy əz münkər”i (başqalarını çirkin işlərdən çəkindirməyi) tərk etməyin ki, (əgər bunları tərk etsəniz) pis əməlliləriniz sizə hakim olarlar, sonra isə dua edərsiniz (Allahdan onları sizdən uzaqlaşdırmasını istəyərsiniz, amma) duanız qəbul olmaz.”
Bunlar, özümüzə imam saydığımız şəxsin son nəfəslərində bizə olan vəsiyyətidir. Bildiyimiz kimi, insan, ömrünün son nəfəsində onun üçün ən mühüm olan şeylərdən danışır və onları tapşırır. İmam Əli (ə) də bizlərə bunları tapşırmışdır. Biz, o həzrətin bu vəsiyyəti barədə heç bir izah vermədən hər bir kəsin öz müsəlmançılığını ölçüb dəyərləndirməyi öz ixtiyarına buraxırıq.
Hər bir kəs özü öz müsəlmançılığını dəyərləndirib özünə qiymət verdikdən sonra görəcək ki, bizi geridə qoyan olmayan müsəlmançılığımız deyil, müsəlmançılığımızın olmamasıdır. İslamı özündə yaşadan Əli (ə) isə məhz müsəlman olduğu üçün bütün fəzilət qalalarını fəth edə bilmişdi.
Allah-Təala hamımıza dinimizi öyrənərək ona əməl etməkdə kömək olsun! AMİN!!!