Füzulinin böyüklüyü ondadır ki, bütün müsəlman xalqları onu sevir. Həm azərbaycanlılar, həm türkmənlər, həm ərəblər, həm türklər, həm də farslar şairi sevir, özününkü bilirlər.
Füzuliyə sevgi üzündən onun haqqında bəzən həqiqətə uyğun olmayan əfsanələr də qoşmuşlar. Belə əfsanələrdən biri “Füzuli arxı” barəsindədir. Tarixdən məlumdur ki, Sultan Süleyman Qanuni 1534-cü ildə İraqı ələ keçirəndən sonra müqəddəs ziyarətgahlara diqqət yetirməyə başlayır.
Ondan əvvəl Səfəvi şahlarının – Şah İsmayıl və Şah Təhmasibin müqəddəs hərəmlərə bağışladıqları qiymətli hədiyyələrin, orada apardıqları tikinti və təmir işlərinin şöhrətini kölgədə qoymaq üçün Sultan Süleyman daha böyük xeyriyyə layihəsi həyata keçirmək fikrinə düşür.
Bu fikir onu Fərat çayından Kərbəla şəhərinə arx çəkdirməyə həvəsləndirir. Kərbəla şəhəri coğrafi baxımdan Fərat çayının səviyyəsindən daha yüksəkdə yerləşdiyi üçün ora arx çəkmək mühəndislərdən xüsusi bacarıq tələb edirdi. Osmanlı mühəndisləri bu işin öhdəsindən gəlirlər. Şəhərə çəkilən arx əvvəllər “Süleymaniyyə arxı” (Sultan Süleymanın adı ilə), daha sonralar isə “Hüseyniyyə arxı” adlandırılır.
Bu gün də həmin arx istifadəyə yararlıdır. Arxın çəkilmə tarixi barədə xalq içində belə bir əfsanə dolaşır: Sultan Süleyman Kərbəlaya gəlib, ziyarət üçün İmam Hüseynin (ə) hərəminə daxil olur. Hamı Sultana təzim etsə də, hərəmin xidmətçilərindən biri ona baş əymir.
Sultan bundan həm təəccüblənir, həm də qəzəblənir. Xidmətçini yanına çağırıb, “Niyə öz sultanına təzim etmədin?” – deyə, soruşur. O isə qorxmadan cavab verir: “Mən indi əsil sultanın hüzurundayam. Eyni zamanda iki sultata itaət edilməz. Burdan çıxsaq, sən mənim sultanım olacaqsan. Burada isə sənin də, mənim də sultanım Hüseyndir!”
Sultan Süleyman bu sözü bəyənir. Xidmətçiyə deyir ki, ürəyində nə arzusu varsa söyləsin. O da Kərbəla sakinlərinin suya ehtiyaclı olduğunu dilə gətirib xahiş edir ki, sultan şəhərə su çəkdirsin. Osmanlı hökmdarı onun xahişinə əməl edir və Kərbəlaya Fəratdan arx çəkdirir. Həmin xidmətçi Məhəmməd Füzuli idi. Camaat məhz şairin sayəsində arxın çəkildiyini unutmur və ona “Füzuli arxı” adını verirlər…
Əlbəttə, əgər tarixi faktları incələsək, bu əfsanənin doğruluğu şübhə altına düşər. Çünki əvvəldə qeyd etdiyimiz kimi, Sultan Süleyman İraqı fəth edib Kərbəla ziyarətinə gələndə Füzuli hələ hərəmdə xidmətçilik etmirdi. Bu şərəfli vəzifəyə o, xeyli sonra təyin edilmişdi.
Bundan əlavə, mötəbər tarixi mənbələr də şairlə sultanın görüşü barədə heç bir məlumat vermir. Böyük ehtimalla onlar heç zaman görüşüb söhbət etməmişlər. Amma bununla belə, bu əfsanə xalqın Füzuliyə olan sevgisinin təzahürü kimi diqqətə və tərifə layiqdir…
Füzuli ilə bağlı dəqiqləşdirməyə ehtiyaclı olan mövzulardan biri də şairin dəfn yeri məsələsidir. Füzulinin dəfn yeri ilə bağlı fikir ayrılıqları mövcuddur, hətta müxtəlif zamanlarda şairin qəbri kimi tanıtdırılan məkanların hansının həqiqətə uyğun olması da ciddi mübahisələr doğurur.
Füzulinin konkret olaraq Kərbəlanın hansı hissəsində dəfn edildiyi barədə fikirlər eyni deyil. Əksər mənbələr İmam Hüseyn (ə) hərəminin qiblə qapısı istiqamətində hərəmin hüdudlarına yaxın yerləşən Əbdülmömin Dədə adlı bəktaşi şeyxinin məqbərəsini şairin son məkanı kimi göstərir. Ümumiyyətlə, Füzulinin bəktaşi təriqətinə bağlı olduğu barədə məlumatlar kitablarda tez-tez gözə dəyir.
Qəzənfər Paşayev “Altı il Dəclə-Fərat sahillərində” kitabında yazır: “Şairin qəbri son dörd-beş ilə qədər məscidin qərb qapısı ağzında, Azərbaycan istiqamətində, yönü Azərbaycana baxırdı… Kərbəlanın abadlaşdırılması ilə əlaqədar olaraq şairin əbədi yuxuya getdiyi bu yerlər sökülmüşdür. Şairin nəşi Kərbəla Bələdiyyə idarəsinin göstərişilə İmam Hüseyn məscidində saxlanılır.
Təəssüf ki, hər iki ölkəyə fəlakət, bədbəxtlik gətirən lüzumsuz İran-İraq müharibəsi nə Kərbəlanın abadlaşdırılmasına, nə də şairə abidə qoymağa imkan verir” (Q. Paşayev. Altı il Dəclə-Fərat sahillərində, Bakı, 1987, səh. 50-52). Müəllif həmin kitabda Füzulinin məzarına aid olan və 1973-cü ildə çəkilmiş bir fotoşəkli də təqdim edir. Eyni məkanın fotoşəkli M. Hirzəddinin “Məraqidül-məarif” kitabında da vardır (cild 2, səh. 177. Kitab 1971-ci ildə Nəcəfdə çap olunduğu üçün o dövrki mənzərəni əks etdirir).
Zənnimizcə, müəllif Füzulinin məzarının İmam Hüseyn (ə) məscidinin qərb qapısı ağzında yerləşdiyini yazmaqla qeyri-dəqiqliyə yol vermişdir. Əvvəla, ümumiyyətlə Azərbaycan Kərbəlanın qərbində yerləşmir, şimal-şərqində yerləşir. İkincisi, Füzulinin dəfn olunduğu Əbdülmömin Dədə Bəktaşi türbəsi də hərəmin qərb qapısının deyil, qiblə qapısının müqabilində dururdu.
Qiblə isə Kərbəlada cənub istiqamətində, azacıq qərbə meyllidir. Məşhur şiə biblioqrafı Seyyid Mühsin Əmin “Əyan əl-şiə” kitabında (8-ci cild, səh. 413-415) Füzuli haqqında kifayət qədər geniş məlumat verərək, onun İmam Hüseyn (ə) hərəmini işıqlandırma vəzifəsində çalışdığını qeyd edir.
Müəllif şairin dəfn yeri barədə yazır: “Füzuli Kərbəlada, İmam Hüseyn hərəminin cənub tərəfində, qiblə qapısının qarşısındakı bəktaşiyyə təkyəsinin yanında yerləşən Dədə məqbərəsində dəfn olundu”.
Qeyd:
1975-ci ilə kimi Füzulinin məzarı burada – Əbdülmömin Dədə Bəktaşi türbəsində yerləşirdi (şəkil Q.Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabındandır).