İslam bu gün, sabahMəqalələr

Dinlərarası dialoqun bugünkü vəziyyəti

XX əsrin sonunu əsasən sosialist düşərgənin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyyələndirmək olar.

Bu dövrdə iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdi. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan “sivilizasiyaların toqquşması” nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdı. Bəzi separatçı qruplaşmalar da məhz bu dövrdən etibarən öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə bir çox hallarda dini amildən istifadə etməyə başladılar.

Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edirdi. Dinlərarası, xüsusilə dünyanın ən böyük dinlərindən olan islamla xristianlıq arasında dialoq məsələsi hələ XIX əsrin ortalarından etibarən gündəmə gəlsə də, yalnız keçən əsrin 50-60-cı illərindən başlayaraq konkret məzmun kəsb etmişdir.

1962-ci ildən başlayaraq 3 il davam edən II Vatikan Konqresi və bu Konqresin yekunu olaraq 1965-ci ildə qəbul edilmiş “Kilsənin qeyri-xristian dinləri ilə qarşılıqlı münasibətləri haqqında” bəyannaməsi ilə bu proses yeni bir mərhələyə qədəm qoymuşdur. Konqresin açılış mərasimində Papa XXIII İohan Kilsənin çənbərini qıraraq xaricə açılmasının, başqa dinlərlə və din mənsubları ilə müsbət münasibətlərin yaradılmasının və bütün insanlarla dialoqa girmənin əhəmiyyətini vurğulamışdır.

Konqresdə qəbul edilmiş bəyannamədə hər iki dini birləşdirən ümumi cəhətlər qeyd edilir, təktanrılıq, İbrahim peyğəmbərin hənifilik ənənəsi, axirət həyatı , mənəvi dəyərlər dinlərarası dialoqun əsas istiqamətləri kimi müəyyən edilirdi.

II Vatikan Konqresindən sonra xristian elm adamlarının Müqəddəs Kitabın cümlələrinə verilən şərhlərində yumşalma görülməkdədir. Başlanılan bu gözəl kampaniyanın ilkin nəticəsi olaraq 1964-cü ildə Vatikan dövlətinin nəzdində “Xristian Olmayanlar Katibliyi”nin (indiki adı – “Vatikan Dinlərarası Dialoq Katibliyi”) yaranmasını göstərmək olar. Bu katibliyə yarandığı gündən daim yüksək rütbəli kardinallar rəhbərlik etmişdir.

O vaxtdan etibarən bütün dünyada dinlərarası dialoqa həsr edilmiş mötəbər tədbirlər keçirilməyə başlandı.

İslam aləmində isə kütləvi şəkildə belə bir dialoq kampaniyasına nisbətən gec başlanılmışdır. Bunun üçün stimulverici hadisə isə 2000-ci ilin 11 sentyabrında ABŞ-da baş verən məlum terror aktı oldu. Məhz bu hadisədən sonra bütün müsəlmanlar, xüsusilə Amerika müsəlmanları İslamı özlərinə hədəf seçən kütlələrlə “mübarizə” aparmaq, sivilizasiyalar arasında yerlə yeksan edilmiş körpüləri yenidən inşa etmək, İslamın həqiqi üzünü amerikan cəmiyyətinə və dünyaya tanıtdıra bilmək üçün öz səylərini daha da sürətləndirdilər.

Orta statistik amerikanın “İslam” deyilən kimi ağlına əvvəllər 26 fevral 1993-cü ildə Dünya Ticarət Mərkəzinin partladılması gəlirdisə, artıq bundan sonra 11 sentyabr faciəsi gəlirdi. Məhz bu düşüncənin aradan qaldırılması, yerinə, bütün dinlərin sülh və əmin-amanlıq gətirdiyi və bütün varlıqlar üçün dünya və axirət səadətinə aparan hökmlər daşıdığı fikrinin təlqin olunması dinlərarası dialoqun inkişaf edərək formalaşmasında həlledici rol oynadı. Tövrat, İncil və Quran ilə kitablaşan üç böyün dinin təmsilçiləri, demək olar ki, hər bir ölkədə dialoq platformaları təşkil edib, aralarındakı fərqləri bir kənara qoyaraq, “dindar” adı altında birlikdə hərəkət etməyə cəhd etdilər.
Dialoq nədir?

Dialoq iki və ya daha çox insanın qarşılıqlı söhbətləşməsi, müxtəlif irq və mədəniyyətlərdən, fərqli inanc və dünya görüşlərindən, ayrı-ayrı siyasi düşüncədən olan insanların bir yerə yığışaraq mədəniyyət ölçüləri sərçivəsində bir-biriləri ilə əlaqə yaratması yoludur.

Dini sahədə dialoq, müxtəlif dinlərə mənsub olan insanların inanclarını, düşüncələrini bir-birilərinə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə ortaq olan, yaxud olmayan bir məsələdə barış, hürriyyət, aşkarlıq atmosferində digərini öyrənmək, bilmək, tanımaq, qulaq asmaq və başa düşmək məqsədilə qarşılıqlı söhbət edə bilmələrini, birlikdə iş görmələrini, birgə yaşamalarını və hətta uzlaşmalarını təmin edən bir ünsiyyət formasıdır. Dialoq qurmağa çalışan dinlər arasında nə qədər çox fərqlilik olsa da, mühüm olan din mənsublarının bir-birilərini olduğu kimi qəbul etmələridir.

Dinlərarası dialoq dinləri birləşdirmək və ya bir yerdə əridib “yeni bir din” istehsal etmək təşəbbüsü deyil. Dinlərarası dialoq bütün fərqlilikləri qoruyaraq heç bir məhdudiyyətdən istifadə etmədən səmimiyyət və anlayış daxilində ortaq məsələləri müzakirə etmək, danışmaq və birgə həll yolları axtarmaq cəhdidir.

Bu məqsədlə indiyə qədər dünya miqyasında bir sıra önəmli işlər görülmüş, vacib addımlar atılmışdır. Xüsusilə dünya dini liderlərinin bu sahədə gördüyü işlər danılmazdır. Çünki onlar təmsil etdikləri dinin daşıyıcıları arasında söz sahibidirlər və onların dediyi sözlər, etdiyi hərəkətlər daha geniş auditoriyaya təsir etmə gücündə olur. Bu məqsədlə dünyanın dini liderləri tez-tez bir araya gələrək forumlar təşkil edir, beynəlxalq konfranslar, qurultaylar keçirirlər.

Belə tədbirlərdən biri – dini liderlərin birinci ümumdünya zirvə toplantısı bu ilin iyul ayının 3-də Moskvada təşkil olunmuşdu. Üçgünlük toplantı Rusiya Dinlərarası Şurasının təşəbbüsü ilə çağırılmışdı. Foruma 40 ölkədən 200-dən çox dini lideri gəlmişdi. Forumda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə Rusiya Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə təmsil edirdi.

Birinci gün forumun işində Rusiyanın prezidenti Vladimir Putin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, RF hökuməti sədrinin müavini Dmitri Medvedev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, dini konfessiyaların və dövlət qurumlarının nümayəndələri də iştirak edirdilər. Rusiya prezidenti forumda çıxış edərək bildirdi ki, zirvə toplantısı konfessiyalar və dünya xalqları arasında daha sıx dialoq yaradılmasına təkan verəcək.

Onun fikrincə, bu dialoqu dünyanın üzləşdiyi yeni təhdidlərə qarşı qoymaq olar. Dünyanı dini və etnik əlamətlər parçalamağa, ilk növbədə, xristian və müsəlman birliklərinin arasına rəxnə salmağa cəhdlər göstərildiyini vurğulayan V. Putin sivilizasiyaların münaqişəsinin mümkün nəticələrini və bu qarşıdurmanın nəyə gətirib çıxara biləcəyini dərk etməyə çağırıb.

Sammitdə çıxış edən digər dini liderlər də zorakılığı, terrorizm və ekstremizmi pisləyərək bildiriblər ki, dinin bu təzahürlərlə heç bir əlaqəsi yoxdur. Cəmiyyətdə və ümumən dünyada vəziyyəti ancaq tolerantlıq və dinlərarası dialoq sağlamlaşdıra bilər.

Bu sammitdə maraqlı bir hadisə də o olub ki, A. Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksiyə “Şeyxülislam” ordenini təqdim edib. Bu mükafata o, xalqlar arasında sülhə, qarşılıqlı anlaşmaya və həmrəyliyə nail olmağa, tolerantlığın həyat norması kimi bərqərar edilməsinə, millətlərarası münaqişələrin nizama salınmasına yönəldilmiş böyük səylərinə görə layiq görülüb.

Üç günlük müzakirələrin yekununda “Dini liderlərin dünya zirvə görüşünün müraciəti” qəbul edilib. Dövlət və dini icma başçılarına və bütün xoşməramlı insanlara ünvanlanmış müraciətdə deyilir ki, sivilizasiyalar arasında dialoq və tərəfdaşlıq sadəcə şüar xarakteri daşımamalı, bu yöndə əməli fəaliyyət göstərilməlidir.

Buna bənzər başqa bir tədbir isə daha öncə, iyun ayında Tatarıstanın paytaxtı Kazan şəhərində təşkil olunmuşdu. “Dialoq, tolerantlıq və təhsil: Avropa Şurası və dini konfessiyaların birgə fəaliyyəti” adı altında keçirilmiş həmin beynəlxalq seminarda Azərbaycanı İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) Elmira Süleymanova təmsil etmişdir. Tədbirdə Avropa ölkələrinin müxtəlif dini konfessiyalarının rəhbərləri, tanınmış din xadimləri, dinşünas alimlər, beynəlxalq təşkilatların nümayəndələri, Rusiyanın və Tatarıstanın ombudsmanları, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digər qonaqlar iştirak etmişlər.

Başqa belə bir tədbir bu yaxınlarda – 7-9 sentyabrda Rusiya Federasiyasının Nijni Novqorod şəhərində təşkil olunmuşdu. “Mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq” mövzusunda keçirilən bu beynəlxalq konfransı Avropa Şurası, RF Regional İnkişaf Nazirliyi, RF-nin Avropa şurası yanında daimi nümayəndəliyi və Rusiya Dinlərarası Şurası birgə təşkil etmişdi.

Bu konfransda da Azərbaycanı Ombudsman Aparatının əməkdaşı təmsil edirdi. Beynəlxalq konfransda Rusiyanın Regional inkişaf naziri İ. Yakovlev, AŞPA sədri Rene Van der Linden, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı T. Hammerberq, RF prezidentinin səlahiyyətli nümayəndəsi A. Konovalov, AŞ mədəniyyətlərarası dialoq məsələləri üzrə əlaqələndiricisi Q. Battaini, RF Dövlət Dumasının komitə sədrləri, RF-nin baş ravvini Berl Lazar, Müftilər şurasının sədri R. Qaynutdin, həmçinin ATƏT, YUNESKO və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.

Azərbaycanda dinlərarası dialoq fəaliyyətləri

Danılmaz faktdır ki, dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, “Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır”.

Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Burda müxtəlif konfessiyaların nümayəndələri hələ qədimdən məskunlaşmış və əsrlər boyu bir yerdə mehribancasına yaşamışlar. Buna misal olaraq, Bakının Suraxanı rayonunda jünümüzə qədər gəlib çıxmış “Atəşgah” məbədini göstərmək olar. Neçə əsr bundan əvvəl tikilməsinə və ondan sonra neçə dinin Azərbaycana gəlməsinə baxmayaraq, bu gün də Atəşgah qorunmaqdadır. Atəşpərəstliyin bir məbədi olan bu yerə müsəlmanların da marağı böyükdür.

Babil hökmdarı II Novuxodonosorun (e.ə. 586-cı il) Qüdsü zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünlərin bir qismi hələ o vaxtdan Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar.

Eramızın birinci yüzilliyinin ortalarında isə xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban avtokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Xristian və yəhudilərə qarşı Azərbaycan xalqı daim dözümlü münasibət göstərmiş, hətta hakimiyyət pillələrində həmin dinlərin mənsublarına da yer verilmişdir. Teokratik rejim kimi tanımlanan Səfəvilər dövlətində də vəzirlər əsasən xristianlardan ibarət olub.

Tarix göstərir ki, həm bu üç böyük din, həm 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanda yayılmağa başlamış konfessiyalar arasında heç vaxt ən kiçik anlaşılmazlıq belə olmayıb. Tarix boyu müxtəlif qanlı müharibələrə səhnə olmuş Azərbaycanda dinlərarası balans yenə də qorunub saxlanılmış və dinlər arasında təfriqə yaranmasına gətirib çıxarmamışdır.

Belə bir nümunəyə bədnam qonşularımızla gedən müharibənin ilk illərində də rast gəlinmişdir. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan “islam təhlukəsi” gözlənilir. Azərbaycan – Ermənistan münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur.

Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin süni şəkildə xrisianlaşdırılmasından isifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər inkişaf edərək daha da yaxşılaşdı.

Bütün bu sadalanan faktları və Azərbaycandakı mövcud dinlərarası münasibətləri gözdən keçirəndə, əslində Azərbaycanda dinlərarası dialoq qurmağa və ya bunun üçün hansısa modelləri tətbiq etməyə ehtiyac duyulmadığını görmək olar. Çünki dialoq, aralarında problem olan müxtəlif fikirli tərəfləri bir araya gətirmək üçündür. Azərbaycanda isə qeyd olunduğu kimi, müxtəlif konfessiyalar arasındakı münasibətlər həmişə müsbət mənada fərqlənmişdir.

Həm Qafqaz Müsəlmanları İdarəsinin sədri, həm Rus Pravoslav kilsəsinin rəhbəri, həm də ölkədəki yəhudi icmasının rəhbəri bütün toplantılarda yanaşı dayanır, hər zaman bir mövqedən çıxış edirlər. Lakin buna baxmayaraq yenə də həm mövcud gözəl münasibətlərin qorunub saxlanması, həm də dinlərarası dialoq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün ölkədə bir sıra işlər görülüb və bu gün də görülməkdədir.

Bu sahədə təbii ki, Roma papası II İohann Pavelin 2002-ci ilin may ayında Azərbaycana etdiyi səfər ən əlamətdar hadisə kimi tarixə düşmüşdür. Həmin səfərdə Azərbaycanda bir çox mədəniyyətlərin jəmləşdiyini bildirən Papa onu da qeyd etmişdir ki, bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur.

Papanı qarşılayan Prezident Heydər Əliyev onun Azərbaycana gəlişini tarixi hadisə adlandırmış və qeyd etmişdir ki, Katolik kilsəsinin başçısının Azərbaycana və digər müsəlman ölkələrinə səfəri iki dünya dininin yaxınlaşmasına və qarşılıqlı anlaşmaya şərait yaradır.

Dinlərarası dialoqun inkişafı sahəsində Papanın respublikamızın din xadimlərindən ibarət nümayəndə heyəti ilə Vatikanda keçirdiyi görüş də əlamətdar olmuşdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr, habelə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov daxil edilmişdi. 18 noyabr 2004-cü il tarixdə Vatikanda keçirilən görüşdə pontifik Azərbaycandakı dini konfessiyalar arasında mövcüd olan münasibətləri yüksək qiymətləndirmiş və Qafqazda davam edən qanlı münaqişələr ilə əlaqədar öz təəssüfünü bildirmişdi.

O bəyan etmişdi: “Heç kimə ixtiyar verilməyib ki, dinləri dözümsüzlük aləti, təcavüz, zorakılıq və qətllər üçün vasitə kimi təqdim etsin və ya onlardan istifadə etsin. Əksinə, dinlərin dostluğu və qarşılıqlı ehtiram əsl tərəqqi və sülhün zəngin mənbəyini təşkil edir”.

Azərbaycanda bütün dinlərə yüksək münasibətin mövcudluğundan xəbər verən bir sıra başqa əlamətdar hadisələri qısaca bu şəkildə sıralamaq olar:

– 2003-cü il aprelin 16-dan 18-dək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Rum patriarxı I Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı bir neçə aydan sonra Bakıda dinlərarası dialoq məsələsinə həsr edilmiş beynəlxalq konfransın keçirilməsi barədə razılıq əldə edilmişdir.

– 2003-cü il martın 9-da Bakıda yəhudilərin dini məbədinin – yeni sinaqoqun açılış mərasimi olmuşdur. Avropada ən böyük sinaqoq olan bu tikili köhnə məbədin yerində inşa edilmişdir. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. Qeyd etmək lazımdır ki, tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin QMİ və Rus Pravoslav kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir. Bu, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında mövcud olan sarsılmaz tolerantlığın parlaq təzahürüdür.

– 2003-cü il martın 24-də Bakıda jan Mironosets pravoslav baş kafedral kilsəsinin açılış mərasimi olmuşdur.

– 2003-cü ilin sentyabr ayında Bakıda ilk yəhudi məktəbi açılmışdır.

Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökumət təşkilatları, habelə beynəlxalq qurumlar da müəyyən rol oynayır.

Belə ki, 22 iyun 2004-cü il tarixdə Bakıda “Cənubi Qafqazda tolerantlığın formalaşmasında islamın rolu” mövzusunda seminar keçirilmişdir. Fridrix Nauman Fondunun (Almaniya), “Vətəndaş cəmiyyəti uğrunda” müstəqil məsləhətçi mərkəz (Azərbaycan), Münaqişələr və danışıqlar üzrə beynəlxalq mərkəz (Gürcüstan) və Amerikanın yəhudi komitəsi (ABŞ) ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan, ABŞ, Almaniya və Gürcüstandan olan müxtəlif dini konfessiyaların nümayəndələri, siyasətçilər, tarixçilər və ekspertlər iştirak etmişlər.

Bu gün dünyanın dialoqa böyük ehtiyacı var. Çünki tarix göstərmişdir ki, dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həlli yolu deyildir. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər həqiqətən də bütün dinlər sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə yüksək əxlaqa çağırırsa, bu artıq onların ortaq nöqtələridir.

Müxtəlif təmayüllü konfessiyaların mehriban şəkildə yaşadığı Azərbaycanda bu münasibətlərin qorunub saxlanılması hər bir kəsin vəzifəsidir. Unutmamalıyıq ki, hansı dinə etiqad etməsindən asılı olmayaraq, onların hər biri Azərbaycan Respublikasının vətəndaşıdır.

Onların hər biri müharibə şəraitində olan ölkəmizin potensial qüvvəsi, ordumuzun əsgəridir. Odur ki, hər bir vətəndaş ölkənin qanunlarına tabe olmalı, müxtəlif maraqların dövlətçilik maraqlarından önə keçməsinə imkan verməməlidir.

Çünki hər bir din vətənimizi sevməyi bizə təlqin edir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button