İslamın əsaslarıMəqalələr

İbadətləri səfərdə necə icra etməyin 5 məzhəbə əsasən hökmləri

Səfər – dini anlamda vətəni tərk edib, müəyyən məsafə qət etməyə deyilir. Səfər məsafəsi hənəfi məzhəbində üç günlük yol və ya təqribən 90 km, maliki, şafii və hənbəli məzhəblərində 16 fərsəx (80,64 km.) götürülür. Ən azı bu məsafə qədər yol gedən şəxs səfərdə sayılır və müsafir hökmünü daşıyır.

Hənəfi və hənbəli məzhəblərində bu məsafənin 1,67–3,33 km., maliki məzhəbində isə hətta 13,36 km. qısa olmasına da icazə verilir. Səfərdə olan şəxs 4 rükətlik gündəlik namazları 2 rükət şəklində qılır. Buna «qəsr» və ya «təqsir» deyirlər. Hənəfi məzhəbinə görə, səfərdə olan şəxsin namazları qəsdən bütöv qılması məkruhdur. Malikilər səfərdə olan şəxsin namazı qısa qılmasını təkid olunan sünnət sayıylar.

Şafii məzhəbinə görə, şəriət baxımından səfərdə sayılan şəxsin namazları bütöv ya qısa qılması öz istəyindən asılıdır. Hənbəli məzhəbinin də hökmü belədir, amma bu məzhəbə görə, namazı qısa qılmaq daha üstündür. Hənəfiliyi çıxmaq şərti ilə digər əhli-sünnə məzhəblərinə görə, səfərdə olan şəxsin zöhrlə əsr, məğriblə işa namazlarını ardıcıl (cəm halda) qılmasına icazə verilir.

Həmçinin, əhli-sünnə məzhəblərinə görə, səfərdə olan şəxs üç gecə-gündüz müddəti boyunca dəstəmaz alarkən məstin üzərinə məsh çəkməklə kifayətlənə bilər. Cəfəri məzhəbində səfər məsafəsi getmək və gəlmək də daxil olmaqla üst-üstə 8 fərsəx qəbul edilib ki, bu da təqribən 43-44 km.-ə bərabərdir. Səfərdə olan şəxs mütləq namazları qısa qılmalı, oruc tutmamalıdır. Qəsdən bu hökmləri pozsa, günah etmişdir, qıldığı namazları və tutduğu orucu qəza etməlidir.

Hənəfiliyə görə, getdiyi yerdə 15 gündən çox qalmağa niyyət edən kəs həmin yerdə vətəndəki kimi sayılır (yəni ibadətlərini bütöv yerinə yetirir). Maliki məzhəbində bu müddət 4 tam günə, hənbəli məzhəbində 20 namaz vaxtına (gündə 5 namaz olmaqla 4 gün), şafii məzhəbində isə giriş və çıxış günlərini çıxmaqla 4 günə bərabərdir. Cəfəri məzhəbində insan getdiyi yerdə 10 gündən artıq qalmağa niyyət etsə, həmin yerdə müsafir hökmünü itirir və ibadətlərini vətəndəki kimi yerinə yetirir.

Cəfəri, şafii və hənbəli məzhəblərinə görə, insanın səfəri günah məqsədi daşıyırsa, bu səfər boyunca namazlarını bütöv qılmalı, orucunu tutmalıdır. Maliki və hənəfi məzhəblərində bu şərt qoyulmur.

Həmçinin, cəfəri məzhəbinə görə, peşəsi səfərə çıxmaq olan şəxslər (məsələn, sürücülər, bələdçilər) səfər zamanı namazları bütöv qılmalı, orucu tutmalıdırlar.

İnsan şəhərin uzaq qəsəbəsində yaşayrsa, amma iş yeri şəhərin mərkəzindədirsə, bu halda da onun işə getməsi peşə sayılır və həmin şəxs müsafir hökmünü daşımır.

islam.az

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button