İbrətamizMəqalələr

Uzaqgörənlik insanı bəladan xilas edər

İslam əxlaqında mühüm sayılan keyfiyyətlərdən biri də tədbirli və uzaqgörən olmaq, atalar demişkən, “yüz ölçüb, bir biçmək”dir. Qurani-kərimin onlarla ayəsində Allah insanlara ağıl və təfəkkürdən istifadə etməyi, şüurlu olmağı, ətrafda baş verən olaylardan, eləcə də keçmiş təcrübələrdən ibrət götürməyi tövsiyə edir.

İnsan öz ehtiyatını möhkəm tutarsa, gələcəkdə səhvə düçar olmaqdan və ziyan çəkməkdən sığortalana bilər. İmam Əli (ə) bunu nəzərə alaraq buyurub: “Kim axırını düşünmədən işə başlasa, özünü çətinliklərin təhlükəsinə atmış olar”. Uzaqgörənliyin və tədbirliliyin bir faydası da adamı peşmançılıqdan, xəcalətdən və üzrxahlıqdan xilas etməsidir.

Həzrət Əlinin (ə) təbirincə desək, “İşə başlamadan nəticəni düşünmək səni peşmançlılıqdan xilas edər”.
Əsil mömin həmişə çətinliklərə hazır olmalı, hətta çətinlikləri bir addım qabaqlamağı bacarmalıdır. Uzaqgörən şəxs ərtafa ibrət gözü ilə baxar, keçmişdə özünün və başqalarının başına gələn xoşagəlməz hadisələri düzgün dəyərləndirər, bir daha bunlara düçar olmaqdan özünü qoruyar.

Aşağıda təsvir olunan hadisə də bu mənada çox ibrətvericidir.

Kəndlərin birində yaşlı qoca və qarı yaşayırdılar. Bunların iri buğda tarlası vardı. Qoca ilə qarıya təsərrüfatı idarə edə biləcək bir nəfər lazım idi. Bunun üçün elan verdilər. Bir cavan oğlan gəlib işə düzəlmək istədiyini bildirdi. Bunu da əlavə etdi ki, əgər məni işə götürsəniz, peşman olmazsınız; çünki mən çoxlarında olmayan bir xüsusiyyətə malikəm.

Oğlanın sözü qoca ilə qarıya maraqlı gəldi. Soruşdular ki, həmin xüsusiyyət nədən ibarətdir? Oğlanın cavabı qısa və sadə oldu: “Mən qasırğalı gecələrdə də sakit yatmağı bacarıram”.

Qoca ilə qarı ilk baxışdan oğlanı bəyənmişdilər. Tərbiyəli, güclü və zəhmətkeş olduğu bilinirdi. Sözünün mənasını tam anlamasalar da, onu işə götürməyi qərara aldılar. Beləliklə, həmin gündən oğlan bu yaşlı adamların təsərrüfatını idarə etməyə başladı. Hər şey yaxşı gedirdi. Oğlan öz işinin öhdəsindən layiqincə gəlirdi. Qoca ilə qarını ən çox razı salan cəhət isə tam səliqə-səhmana riayət olunması idi.

Bir gecə kənddə möhkəm qasırğa qopdu. Bunu görən qoca və qarı oğlanın qaldığı otağa gəlib onu xəbərdar etmək istədilər. Oğlan şirin-şirin yatırdı. Qoca ilə qarı onu yuxudan oyatdılar və qasırğa başladığını dedilər. Tapşırdılar ki, təsərrüfata nəzarət eləsin, qoymasın ki, qasırğadan ziyan çəksinlər. Təəccüblərinə rəğmən, oğlan onları tam sakitliklə dinləyib dedi: “Narahat olmayın, heç bir ziyan gəlməz”. Sonra qocanı və qarını öz otaqlarına ötürdü, özü isə yenə yatağına uzanıb yatdı. Qoca ilə qarı əsəbiləşdilər, amma sahəyə gedib işləməyə yaşları imkan vermirdi. Ona görə də narazı halda səhəri gözləməyi qərara aldılar.

Səhər qoca, qarı və oğlan tarlaya üz tutdular. Qasırğa artıq kəsilmişdi. Amma ziyan göz qabağında idi. Həddən artıq güclü külək əkin sahələrini viran etmişdi. Biçilib səhələrdə üst-üstə yığılmış məhsulu qasırğa göyə sovurmuşdu. Anbarların qapı-pəncərələri sınıb-dağılmış, tövlələrin damı uçulmuşdu. Heyvanlar pərən-pərən olmuşdu. Bütün ailələrə ciddi ziyan dəymişdi.

Amma… öz tarlalarına çatanda qoca ilə qarı gözlərinə inanmadılar. Anbarın və tövlənin nə qapı-pəncərəsinə, nə də damına ziyan dəyməmişdi. Çünki oğlan qabaqcadan bunları möhkəmlətmişdi. Biçilmiş bütün məhsulu vaxtında anbara daşıdığına görə sahədə heç nə qalmadığı üçün məhsul itkisi də olmamışdı. Bütün iş alətləri öz yerində səliqə ilə düzülmüşdü. Sanki bu tarlaya qasırğa toxunmamışdı.

Qoca ilə qarı oğlanın işə düzələrkən dediyi sözün mənasını indi anladılar. Həqiqətən, qasırğa zamanı rahat yatmaq böyük üstünlük idi. Oğlanın uzaqgörənliyi və tədbiri onları fəlakətdən xilas etmişdi.

islam.az

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button