İslam bu gün, sabahMəqalələr

Dinlərin təbliğat mexanizmi

Dünyada yayılan, istər səmavi, istərsə də qeyri-səmavi dinlərin əsas və ortaq xüsusiyyəti təbliğat prinsipidir. Təbliğatı, demək olar ki, hər bir dinin ən vacib elementlərindən biri, hətta həmin dinin qayəsi və yaşama səbəbi adlandırmaq mümkündür.

İstənilən dinin daşıyıcıları həm də həmin dinin potensial təbliğatçıları sayılır. Çünki dinindən asılı olmayaraq hər bir dindar fürsət düşdükcə evdə, işdə, küçədə, bazarda etiqad etdiyi inancı başqalarına çatdırmağa, başqalarını ən doğru yolun məhz bu dində olduğuna inandırmağa və hamını bu inanca dəvət etməyə başlayır.

Bu isə həmin fərdin xitab etdiyi cəmiyyətdən asılı olaraq bəzən insanlar arasında anlaşılmazlıq və hətta iğtişaş yarada bilir. Təsadüfi deyildir ki, müxtəlif peşəyə, irqə, milliyyətə və ictimai statusa malik insanlar arasında heç bir problem yaranmadığı halda, müxtəlif dinlərin daşıyıcıları arasında aralarındakı fərqliliklərdən dolayı həmişə problem yaranma ehtimalı yüksəkdir. Çünki yuxarıda sayılan dünyəvi özəlliklər təbliğ edilmir, din isə hər zaman təbliğat obyektidir ki, bu da bəzən problemlər ortaya çıxarır.

Bəs təbliğat faktorunun arxasında nə durur? Bu mexanizm hansı hisslərə əsaslanır və hansı şəkildə həyata keçirilir? Bütün bu suallara cavab tapmaq üçün əvvəlcə gəlin təbliğatın mahiyyətin ötəri bir nəzər salaq.

Təbliğatın mahiyyəti

Bildiyimiz kimi, ilahi din, insanlığın dünya və axirət səadətini təmin etmək üçün Allah tərəfindən göndərilən və peyğəmbərlər vasitəsilə insanlara təbliğ olunan prinsiplər məcmuəsidir. Bu baxımdan bəşər tarixinə nəzər yetirsək görərik ki, ilk insan, ilk peyğəmbər və ilk təbliğatçı Həzrəti Adəm olmuşdur.

Həzrəti Adəmdən bəri sürən haqq-batil mücadiləsində bəşər övladı müxtəlif zamanlarda haqq-ədalət yolundan azmış və zəlalətə düşmüşdür. Belə olduğu təqdirdə, onu düşdüyü zülmət bataqlığından çıxarmaq üçün hidayət öndərlərinə ehtiyac duyulmuş və bu səbəbdən də Allah müxtəlif qövmlərə öz peyğəmbərlərini göndərmişdir. Peyğəmbərlərin göndərilmələri və dəvətlə vəzifələndirilmələri, dəvət və təbliğatın vacibliyinin ən böyük dəlilidir. (Rasulullahın İslama davet metodu, Ahmet Önkal, səh 55)

Çünki insan təbiəti etibarilə hər zaman irşada, öyüd və nəsihətə möhtacdır. Bir zamanlar peyğəmbərlərin həyata keçirdiyi təbliğat fəaliyyəti bu gün ayrı-ayrı insanlar tərəfindən həyata keçirilir. Çünki yuxarıda da qeyd edildiyi kimi, hər bir dinə görə həmin dinin daşıyıcı olan fərdin yalnız özünü islah etməsi və yalnız öz nəfsi ilə məşğul olması kifayət deyildir. O eyni zamanda, başqalarının doğru yola çağırılması ilə də mükəlləfdir. (A. Zeydan, Usulu’d-dave, səh 124)

Hansısa bir dini təbliğ etməyin və başqalarını dinini dəyişməyə təşviq etməyin xüsusi bir bacarıq olduğu şübhəsizdir. Bu işlə mütəmadi məşğul olan insanlar bir sıra psixologi qabiliyyətlərə də sahib olurlar. Çünki, təbliğat nəticəsində hansısa bir fərdin öz dinini dəyişərək başqa bir dini qəbul etməsi insan psixologiyası ilə sıx əlaqəlidir. Belə bir din dəyişdirmə, yavaş-yavaş və uzun bir zaman içində ola bildiyi kimi, ani şəkildə və çox qısa bir zaman içində də ola bilər.

İslamda insanın dini inanclarında meydana gələn bu dəyişmə tövbə, hidayət, irşad kimi kəlimələrlə ifadə edilir. Tövbə – dindar olmayan, günahkar, qeyri-səmimi və dindən uzaq bir həyat tərzini tərk edərək bütünlüklə dinə qayıtma prosesini ifadə edir. Hidayət və irşad isə başqa bir dinə mənsub və ya dinsiz bir şəxsin İslama gəlməsi və həyatını bu dinə görə tənzimləməsi deməkdir. Bundan başqa dindən imtinaetmə və ya İslam dinindən çıxma prosesinə də irtidad deyilir. (Din psikolojisi, Hayati Hökelekli, səh. 290)

İndi isə ayrı-ayrı dinlərdə təbliğat mexanizminin nə cür işlədiyinə bəzi dinlərin timsalında ötəri nəzər salaq.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, təbliğat fəaliyyəti iudaizm dinindən başqa demək olar ki, bütün dinlərin ardıcıllarının ən çox əhəmiyyət verdiyi məsələlərdən biridir. Dünya dinlərindən yalnız iudaizmdə demək olar ki, təbliğat aparılmır.

Bunun isə bir sıra səbəbləri vardır. Belə ki, iudaizmə görə yəhudilik anlayışı fərdin həm dinini, həm də milliyyətini bildirir. Yəni burada din-millət anlayışı biri-birinin tamamilə eynidir. Milliyyəti isə dəyişmək mümkün olmadığı üçün başqa milliyyətə mənsub bir şəxs də yəhudiliyi qəbul edə bilməz. Çünki milliyyət insanın anadangəlmə qazandığı vəsfdir və onu din kimi sonradan dəyişmək mümkün deyil.

Yəni bir insan başqa millətin nümayəndəsi qalaraq iudaizm dinini qəbul edə bilməz. Yalnız bəzi hallarda yəhudi milliyyətindən olan bir insanla ailə quran şəxs öz istəyi ilə müəyyən mərhələlər keçdikdən sonra yəhudi milliyyətini, həm də dinini qəbul edə bilər. Bütün digər dinlərin böyük əksəriyyətində isə təbliğat məsələsi ən çox əhəmiyyət verilən məsələlərdən biridir.

Xristianlıqda təbliğat

Təbliğat baxımından ən fəal dinlərdən biri xristianlıqdır. Bu sahədə katoliklik və pravoslavlığa nisbətən protestant qolu daha fəaldır. 1517-ci ildə yaranmış protestantlığın zaman keçdikcə baptistlər, metodistlər, adventistlər, pentikosçular, xarizmatlar kimi qolları yaranmışdır. Təbliğat məsələsinə böyük əhəmiyyət verən bu konfessiyalar dünyanın demək olar ki, hər yerində, o cümlədən Azərbaycanda dini icmalarını yaradaraq protestantlığı yayırlar.

Xristianlıqda təbliğat mexanizmi deyiləndə ağıla ilk olaraq missionerlik düşür. Lüğət mənasına görə daha geniş anlam kəsb etsə də, termin olaraq əsasən xristianlıq haqqında işlədilən “missioner” sözünün böyük tarixi ənənəsi vardır.

“Missioner” İncildə Həzrəti İsa tərəfindən verilən “gedin və insan balıqçısı olun” nəsihətinə uyan insanlar üçün istifadə edilən xristianlıq terminidir. Missionerlər insanları xristianlıq dininə dəvət edir və onun haqqında məlumat verirlər. Məqsədləri insanları xristianlaşdırmaqdır.

Daha geniş mənada isə öz dininin mənsublarının sayını artıran insanlara da missioner deyilir. Bir müsəlman, insanları İslama dəvət edirsə, ona da bəzən İslam missioneri deyilir. Məsələn, 13-cü əsrdə qərbi Anadoluda və Balkan yarımadasında İslamı və türkçülüyü yayan missioner türk dərvişləri olmuşdur. Onlardan ən məşhuru Sarı Saltuqdur.

Latın dilində “missio” sözündən əmələ gələn “missiya” kəliməsinin hərfi mənası “vəzifə” və “səlahiyyət” deməkdir. Bu kəlimədən törəyən “missioner” sözü isə “vəzifəli olan şəxs” deməkdir. Xristianlığın yerlilər arasında yayılması məqsədilə Katolik kilsəsi tərəfindən vəzifələndirilən kilsə nümayəndələri “missioner”, onların getdikləri ölkələr isə “missiya ölkələri” adlandırılmışdır (Missionerlik, Şinasi Gündüz)

Müasir missionerlər mənbə kimi Pavelin fikirlərinə və həyatından götürülmüş nümunələrə əsaslanırlar. Pavel insanları ələ almaq üçün hər kəsə qarşı eynilə davranmağı prinsip kimi qəbul edib və davamçılarına da bunu tövsiyə edib: “Hər kəsdən azad ikən, daha çox insan əldə etmək üçün özümü hamıya qul etdim.

Yəhudiləri əldə etmək üçün yəhudilərlə yəhudi kimi davrandım; Özüm Müqəddəs Qanunun hakimiyyəti altında olmadığım halda, Qanun altındakıları əldə etmək üçün, onlarla Qanun altındakı adam kimi davrandım… Zəifləri əldə etmək üçün zəiflərlə zəif kimi davrandım. Hər kəs üçün hər şey oldum ki, hər necə olursa-olsun, bəzilərini xilas edim” (“Korinflilərə I məktub” 9:19-22)

İslamda təbliğat

Şübhəsiz ki, İslam dinində də təbliğat önəmli yer tutur. Quranda və Məhəmməd peyğəmbərin hədislərində İslama dəvəti müsəlmanlara fərz qılan bir sıra tövsiyələr vardır. Xüsusilə bir çox ayələrdə İslam dinini təbliğ etmək və hamını bu dinə dəvət etmək bütün müsəlmanlara fərz buyurulur. Bunlardan bir qismi birbaşa müsəlmanlara xitab etdiyi halda, bəzilərində peyğəmbərə xitab edilməklə bərabər bütün müsəlmanlara da şamil olunur. Belə ayələrə misal olaraq aşağıdakıları göstərmək olar:

“Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!” (Müddəssir 1-2)

“Və ən yaxın qohumlarını qorxut!” (Şuəra 214)

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranıı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (Maidə 67)

“(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbininin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mücadilə et. Həqiqətən, sənin Rəbbin yolundan azanları (ən yaxşı) bilən, doğru yolda olanları da (ən yaxşı) tanıyandır!” (Nəhl 125)

İslamda təbliğ, dinin ideya və əsaslarının ancaq başqalarına çatdırılması (qəbul edib-etməməsindən asılı olmayaraq) deməkdir. Başqa bir çox dinlərdə olduğu kimi, İslamda da hər bir müsəlmanın borcu sadəcə bu dini başqalarına çatdırmaqdan ibarətdir, artıq həmin şəxsin bu dini qəbul etməsindən o, məsul deyil.

Bu prinsip İslamın əsas tezislərindən olan “əmr bi-məruf” (yaxşılığı əmr etmək) anlayışının da tərkib hissəsidir. Belə ki, yalnız özünə görə deyil, ailəsinə, qonşusuna, qohumlarına və hətta tanıdığı bütün insanlara görə cavab verəcək olan müsəlman, islami çərçivədə doğru bildiyi şeyləri təbliğ etməlidir.

Gördüyümüz kimi, təbliğat fəaliyyətləri demək olar ki, bütün dinlərin ortaq nöqtələridir. İnsanları doğru yola hidayət etmək niyyətindən doğan bu fəaliyyətin bir neçə digər obyektiv və subyektiv səbəbləri də vardır. Əsas səbəb isə təbii və səmimi hisslərdən qaynaqlanır.

Belə ki, hər bir dinin ardıcılları təbii olaraq yeganə doğru dində olduqlarını düşünür və bu səbəbdən də başqa insanların da hidayət olunmasını, yəni bu dinə gəlməsini arzulayırlar. Buna görə də Allaha və insanlara xidmət naminə daşıdıqları dini təbliğ etməyə başlayırlar. Lakin bu məsələdə də istisnalar yox deyildir. Belə ki, dini təbliğin arxasında qeyri səmimi hisslərin olması faktları dəfələrlə aşkar olunmuşdur.

Buna misal olaraq bəzi dini sektaların təbliğat adı altında təxribat xarakterli işlərlə məşğul olmasını, bəzi dövlətlərin kəşfiyyat orqanlarının işlərini təşkil etməsini, dövlətçiliyə zidd fəaliyyət göstərməsini göstərmək olar. Azərbaycanda əcnəbilərin dini təbliğatla məşğul olmaları qadağan olunub. Lakin onlar ya humanitar yardım təşkilatının nümayəndəsi, ya turist, ya da yerli yetirmələrinin vasitəsilə öz niyyətlərini reallaşdırmağa davam edirlər.

Bütün bu nüanslar Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrində də öz əksini tapmışdır. Belə ki, 48-ci maddənin II bəndində hər kəsin dinə münasibəti ilə bağlı əlaqəsini ifadə etmək və yaymaq hüququnun olduğu bildirilsə də; 18-ci maddənin II bəndində göstərilir ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button