İbrətamizMəqalələr

Teymurləngin uğurlarının banisi

“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz yolda ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz yolda olsunlar.

Həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!” (Hud, 122). Ayədə Allahın öz Peyğəmbərinə tövsiyəsi “istiqamətlənmək” şəklində ifadə edilib. Həqiqətən, doğru istiqamətə yönəlmək, bu yoldan sapmamaq, yolun çətinliklərinə dözmək insanı nicata doğru aparar.

Təsadüfi deyil ki, Quranın “anası” adlandırılan Fatihə surəsini oxuyarkən Allahdan doğru istiqamətli yol və bu yolda sabitqədəmlik istəyirik: “İhdinas-sıratəl-müstəqim”. Yəni “Bizi doğru (müstəqim) yola yönəlt!”
Öncə öz istiqamətini düzgün seçən, sonra da bu istiqamət üzrə səbrlə irəliləyən adam Allahın razılığını qazana bilər. Doğru yolu izləmək isə heç də asan deyildir.

Çünki Şeytan bu yolun başında oturub, möminləri azdırmağa, ümidsiz etməyə çalışır: “(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun (sıratül-müstəqimin) üstündə oturub insanlara mane olacağam!” (Əraf, 16).

Şeytanın ən böyük hiylələrindən biri insanları ümidsizliyə sürükləmək, məqsəddən yayındırmaqdır. Mömin heç zaman ruhdan düşməməli, müsibətlərə səbr etməli, mübariz olmalı, çətinlikləri aşmağa can atmalıdır. İslam passivliyi, ətaləti bəyənmir.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Mömin dəmir parçasından daha möhkəmdir. Dəmir alovun istisindən yumşalar. Amma mömin əgər öldürülülb dirildilsə, sonra yenə öldürülsə, qəlbində zərrəcə dəyişiklik hiss etməz”.
Aşağıdakı misal bir dünya cahangirinin səbr və istiqamətini bizə nişan verir.

Dünya şöhrətli məşhur fateh Əmir Teymur deyirmiş ki, mən həyatda qazandığım bütün uğurlara görə bir … qarışqaya borcluyam. Teymurləng cavanlıqda hakimiyyət uğrunda yerli monqol feodalları ilə çox savaşırmış. O zaman hələ qüdrət qazanmayan və tərəfdarı çox olmayan Teymur bu savaşlarda bəzən qalib gələr, amma çox vaxt məğlub olardı.

Hətta belə döyüşlərin birində ayağından aldığı yara ömrünün sonuna kimi onun həyatında öz izini qoymuşdu və həmin yaradan sonra axsadığına görə ona “topal Teymur” və ya “Teymurləng” deyirdilər.

Bir dəfə yenə Teymur məğlub olub döyüş meydanından qaçır. Düşmənin təqibindən qurtulub özünə sığınacaq tapır. Dincini almaq üçün oturur. Böyük ruh düşkünlüyü içində idi. Başına gələnlər onu sarsıtmışdı. Teymur özünə söz verir ki, fatehlik iddiasını birdəfəlik başından atsın.

Bu zaman onun gözü bir tərəfdə hərəkət edən qarışqaya sataşır. Qarışqa çiyninə aldığı yükü ciddi-cəhdlə daşıyırdı. Onun yolunu bir daş parçası kəsmişdi. Qarışqa həmin daşın üstündən keçməli idi. Amma belində özündən qat-qat ağır yük daşıdığı üçün bu iş ona asanlıqla müyəssər olmurdu.

Qarışqa daşın üstünə qalxmağa çalışır, amma hər dəfə sürüşüb yıxılırdı. Düz yuxarıya çıxmaq, özü də bunu çiynindəki ağır yüklə etmək çox çətin idi. Nəhayət, altmış yeddinci cəhddən sonra qarışqa öz məqsədinə çatır, yüklə birlikdə daşı adlayıb yuvasına doğru hərəkətini davam etdirir.

Bu səhnəni izləyən Teymur öz-özünə deyir: “Ey Teymur! Sən bu qarışqadan zəif deyisən! Ümidini itirmə, cəhd göstər. Ayağa qalx və növbəti məqsədinin ardınca get!”

Teymurləng deyirmiş ki, bu hadisədən sonra heç zaman ümidsizliyə qapılmadım, həmişə səbr və istiqamətlə istədiyim məqsədə doğru getdim.

Bu xırda qarışqa mənə həyat dərsi verdi. Ona görə də bütün uğurlarıma və fəthlərimə görə ona borcluyam.

islam.az

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button