İslam bu gün, sabahMəqalələr

Allah heç kimə zülm etmir

Ədalət nədir?

Alimlər ədalət anlayışına bu cür tərif vermişlər: ədalət hər şeydə ən əlverişli orta həddi gözləməkdir. Müəyyən bir məsələdə ifrata varmaq (yəni həddi aşmaq) və təfritə yol vermək (yəni lazım olan həddə çatmamış durmaq) ədaləti pozmaq deməkdir. Həm ifrat, həm də təfrit bəyənilməzdir.

Dediklərimizi sadə misallarla sübuta yetirək:

Məlumdur ki, insanda səxavət və əliaçıqlıq gözəl xüsusiyyətlərdən sayılır. Səxavətli şəxs hamı tərəfindən sevilir və möhtərəm bilinir. Səxavətin təfrit halı – simiclik və xəsislik isə insan üçün pis xasiyyət hesab edilir. Habelə, bir kəs ifrat dərəcədə səxavətli olsa, yəni bütün var-dövlətini, evini, geyimlərini və s.-ni camaata bağışlasa, öz yaşayış ehtiyaclarını ödəmək üçün başqalarına möhtac olar, ömrünü səfalət və dilənçilik içində keçirər.

Yaxud məlumdur ki, insanın malik olduğu ən dəyərli nemətlərdən biri nitq qabiliyyətidir. İnsan danışanda da ədaləti gözləməli, hər sözün yerini bilməlidir. Yeri gəldi-gəlmədi uzun-uzadı və mənasız danışmaq insanın hörmətini əksildər, xalq içində ona çərənçi deyərlər. Belə hərəkət ifratçılıqdır. Əksinə, bir kəlmə söz bir insan taleyini həll etdiyi zaman kimsə ağzına su alıb sussa, həm özünü, həm də başqalarını bədbəxtliyə salar.

Allah-Təala hər cür ifrat və təfritdən uzaqdır. Çünki bu xüsusiyyətlər onun kamillik və nöqsansızlıq sifətlərinin ziddinədir. Allah-Təalanın bütün sifətlərində və yaratdığı şeylərdə ədalət vardır.

Allah rəhmli və bağışlayandır. Onun mərhəməti çox genişdir, amma ifratdan uzaqdır. Allah qəsdən, yaxud bilməyərəkdən bəzi günahlar törətmiş və tövbə etmiş şəxsləri bağışlayar, lakin inadcıl kafirlər və dəhşətli cinayət törətmiş günahkarlar onun mərhəmətindən uzaqdırlar.

Allah-Təala qüdrətlidir və bütün aləm Onun qüdrət nişanələri ilə doludur. Lakin Allah öz qüdrətini nümayiş etdirməkdə ifrata yol verməmişdir. Məsələn, Allah dağları daş süxurlarından yaratmış, qızıl və gümüş kimi qiymətli metalları isə yerin təkində gizlətmişdir.

Allah böyük dağları saf qızıldan yaratmağa da qadir idi. Amma o, belə etməmişdir. Çünki qızıl dağları insanlara xeyirdən çox ziyan gətirərdi. Düşünün ki, bu halda həmin qızıl dağlarını ələ keçirmək naminə hansı fəlakətlər baş verə, nə qədər qanlar tökülə bilərdi!

Allah zalım deyildir

Ədalət xətkeşin mərkəzindəki müvazinət nöqtəsi kimidir. Xətkeş bu nöqtə üzərində dayanarsa, onun hər iki tərəfi eyni səviyyədə qərar tutar. Əgər müvazinət nöqtəsindən hər hansı tərəfə azacıq meyl edilsə, tərəflərin bərabərliyi pozulacaq.

Ədalət nöqtəsində ifrat və təfrit bir-birini tarazlaşdırıb zərərsizləşdirir. Bunların hər hansı birinə meyl etmək – sərhəddi pozmaq, zülm və təcavüz etmək deməkdir.

Zülm ədalətin ziddidir. Hər hansı əşyaya layiq olduğu münasibəti göstərməmək ona zülm etmək deməkdir. Nümunə üçün tarixə müraciət edək. Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi oğlu və kürəkəni Həzrəti Əlinin (ə) şəxsiyyəti tarix boyunca bəzi təriqət və cərəyanlar tərəfindən ədalətsiz, zülmkar münasibətə məruz qalmışdır.

Özlərini müsəlman hesab edən, əslində isə İslamdan uzaq olan “xəvaric” təriqətinin nümayəndələri Həzrəti Əli (ə) ilə düşmənçilik etmiş, onu lənətləmiş, onunla müharibəyə qalxmışlar. Başqa bir təriqətin ardıcılları – əliallahilər isə İmam Əlini (ə) Allah saymışlar.

Hər iki tərəf Əliyə (ə) zülm etmişdir. Xəvaric onu təhqir etmiş və hüququnu tapdamışdır. Əliallahilər isə Əlinin (ə) öz etirazına baxmayaraq, onu ifrat dərəcədə yüksəltmiş, malik olmadığı sifətləri və qüdrəti çatmayan işləri ondan tələb etmişlər. Bu zaman onlar hər şeydən əvvəl, Allaha qarşı küfr etmiş, onu insanla eyniləşdirmişlər.

Hər bir zülmün törədilməsinin üç səbəbi ola bilər:

a) Zülmkar qüvvə öz etdiyi işin zülm olduğunu bilmir. Məsələn, bir nəfər gizlincə başqasının pulunu götürüb mənimsəyir, amma bu hərəkətin oğurluq olduğunu bilmir. Əgər bilsəydi, həmin pulu götürməzdi.

b) Zülmkar qüvvə zülm törətməyi pis əməl saymır. Məsələn, insan başqasının pulunu götürərkən oğurluq etdiyini anlayır, amma özünü haqlı sayır. O, belə hesab edir ki, həmin şəraitdə oğurluq etmək günah deyildir.

v) Zülmkar qüvvə məcburiyyət qarşısında qalıb zülm törədir. Məsələn, insan aclıq üzündən oğurluq edir, yaxud başqa bir şəxs onu zorla oğurluğa məcbur edir.

Birinci və ikinci hallarda zülmkar qüvvə elmsiz və cahil, üçüncü halda isə qüdrətsiz və ehtiyaclı olmalıdır. Halbuki, Allah-Təala bu sifətlərin hamısından uzaqdır. Demək, Allahın zülm törətməsi üçün səbəb və şərait yoxdur.

Qurani-Kərimdə qəti şəkildə buyurulmuşdur:

“Allah zərrə qədər də zülm etməz” (Nisa, 40).

“Sənin Allahın heç kəsə zülm etməz” (Kəhf, 49).

Nə üçün bəzi insanlar Allahı zalım sayırlar?

Bəzi şəxslər nizam-intizamlı dünyanın hər nöqtəsində – istər cansız, istərsə də canlı aləmdə “səhvlər” və “qeyri-normal hallar” tapmağa çalışmış, bununla da Allahın ədalətsizliyini sübut etmək istəmişlər. Onların bu cəhdi kainatın sirlərini tam anlamadıqlarından qaynaqlanır.

Əslində kainatda səhv və nöqsan yoxdur, nöqsan bu fikri irəli sürənlərin gözündə və beynindədir. Qurani-Kərim dünyanın ilahi ədalət qanunlarına tabe olduğunu bəyan edir: “Allah göyləri ucaltdı və ədalət mizan-tərəzisini qurdu” (Rəhman, 7).

Kainatda baş verən hər hadisənin yaxşı, ya pis olduğu barədə hökm vermək üçün həmin hadisəni digər hadisələrlə birgə ümumi sistem daxilində təhlil etmək lazımdır. Bir nəfər üçün xeyirli olan iş cəmiyyət üçün ziyan törədə bilər. Hadisələri düzgün qiymətləndirmək üçün insan onların əsil mahiyyətini anlamalıdır. Halbuki insan beyni çox şeyləri dərk etməkdən acizdir.

Elm günbəgün inkişaf etməkdədir, dünən mübhəm görünən suallar bu gün öz cavabını tapır. Demək, insanın elmi mütləq elmlə (yəni Allahın elmi ilə) müqayisədə nisbi xarakter daşıyır. Hər şeyin əsil mahiyyəti onu yaradan Allaha məlumdur. İnsan isə bu elmin çox cüzi hissəsinə vaqifdir.

Belə olan halda insanın özündən qat-qat elmli olan Allaha irad tutması nə dərəcədə düzgündür? Bəşəriyyət bu gün hər hansı təbii prosesi izah edə bilmirsə, yalnız və yalnız öz zəifliyini etiraf etməlidir, Allahın yox!

Təsəvvür edin ki, ayağında qanqren (çürümə) gedən xəstənin ayağını kəsirlər. Tibb aləmindən xəbərsiz olan adam bu işə görə həkimi təqsirləndirib deyəcək: “Yazıq xəstənin günahı nə idi ki, ayağını kəsib onu əbədi bədbəxtliyə düçar etdiniz?” Amma işin mahiyyətini anlayan kəs həkimə irad tutmaz.

O bilər ki, əgər çürüyən orqan kəsilməsə, çürümə bütün bədənə sirayət edəcək. Göstərilən vəziyyətdə xəstənin ayağını kəsmək onun həyatını xilas etmək deməkdir. Daha böyük ziyanın qarşısını almaq naminə ona nisbətən kiçik ziyan vurulur.

Təbiətdə bunun kimi çox-çox misallar vardır. Maral sürüsünə hücum edən aslan adətən özünü yırtıcılardan müdafiə edə bilməyən, asta qaçan, zəif və xəstə heyvanları parçalayıb yeyir. Kimsə bu hərəkəti vəhşilik adlandıra bilər. Lakin dərindən fikirləşsək görərik ki, əslində aslan maral sürüsü üçün sanitar rolunu oynayır.

O, həm öz qidalanma ehtiyacını ödəyərək yaşayışını təmin edir, həm də təbiəti xəstə və qeyri-normal heyvanlardan təmizləyir. Axı həmin xəstə maralın balaları da özü kimi zəif və müdafiəsiz olacaqdı. Beləliklə, bir fərdin ölümü ilə bir çoxları xilas olur.

Tutaq ki, bir məntəqədə güclü ildırım çaxaraq üç-dörd ağaca dəyib onları yandırır. Əlbəttə, bu, təbiətə ziyandır. Lakin ildırımdan sonra yağan yağış təbiətə qat-qat çox xeyir verir. Həmin yağış meşələrin canlanmasına, əkinlərin cücərməsinə, otların boy atmasına, yerdəki toz və çirkin yuyulmasına, havanın təmizlənməsinə səbəb olur. Burada da mənfəət zərəri üstələyir.

İmam Cəfər Sadiq (ə) ədaləti dananları belə təsvir etmişdir: “Təsəvvür edin ki, bir nəfər öz evinin içində tam səliqə-sahman yaratmış, ev əşyalarının hər birini özünəməxsus şəkildə lazımi yerdə yerləşdirmişdir. Bir kor adam onun evinə qonaq gəlir və evə girən kimi ayağı kandara ilişib yıxılır.

O, korluğu üzündən kandarı görməyib yıxıldığını etiraf etmək əvəzinə ev sahibini danlayır ki, niyə evin qapısında kandar düzəltmişdir? Sonra qonaq evin içində gəzməyə başlayır və hər addımda ayağı gah stola, gah stullara, gah da şkafa dəyib əzilir.

Lakin yenə də səhvin özündə olduğunu boynuna almaq əvəzinə, evin düzgün tikilmədiyini, ev əşyalarının orda-burda nizam-intizamsız halda qoyulduğunu iddia edir. Halbuki onun dedikləri həqiqətə uyğun deyildir. Otaqda hər şey öz yerindədir. Kor qonağın ayağının ora-bura dəyib əzilməsinin günahkarı da ev sahibi deyil, yalnız özüdür”.

Göstərilən misalda evi dünyaya, ev sahibini Allaha, kor qonağı isə ədaləti danan insanlara bənzətmək olar.

Bəzi insanların fikrincə, zəlzələ, tufan, sel kimi təbii fəlakətlər, müharibələr, iqtisadi çətinliklər, epidemiyalar Allahın insanlığa qarşı zülmünün təzahürüdür. Belə şəxslər hətta yol qəzalarının, partlayışların günahını da Allahda görürlər. Guya ölüm, xəstəlik, kasıblıq, anadangəlmə şikəstlik kimi sırf həyati hallar da Allahın zülmündən başqa bir şey deyildir.

İnsanı ən kamil bir biçimdə yaratmış, sonsuz nemətlərlə dolu təbiəti onun ixtiyarına vermiş, heç kəsi ruzisiz qoymamış Allahın zalım olduğunu düşünmək özü zülm deyilmi?

Allahın insana qarşı ədaləti üçün bircə əlamət kifayət edər ki, bu dünyada insan üçün yalnız bacardığı işlər vəzifə bilinmişdir. Allah-Təala heç kəsdən qüvvəsi xaricində olan əməli tələb etməz. Əks halda bu, insana qarşı zülm olardı. Qurani-Kərim bu həqiqəti ümumi şəkildə belə vurğulayır: “Heç kəsin boynuna qüvvəsindən artıq vəzifə yükləməmişik” (Muminun, 62).

Allah-Təala bu dünyada insana ədalətlə yanaşdığı kimi, qiyamətdə də onun xeyir və şər əməllərini hesablayarkən zülm etməyəcəkdir:

“Qiyamət günündə ədalət tərəzilərini quracağıq, o gün heç kəsə zülm olunmayacaq. İnsanın əməli bir xırda xardal dənəsi boyda olsa da, onu hesablayarıq. Bizim hesabımız hamıya kifayət edər” (Ənbiya, 47).

islam.az

Daha çox göstər
Oxşar yazılar
Close
Back to top button