“Adəm oğlu ömrünün son gününü başa vurub, axirətin ilk gününə qədəm qoyanda (yəni öləndə) mal-dövləti, övladları və etdiyi xeyir əməllər onun gözünün qabağında canlanar.
İnsan öz sərvətinə müraciət edib deyər: “Allaha and olsun, mən səni hərisliklə sevirdim və səni itirməyə razı deyildim. İndi məndən ötrü nə edə bilərsən?” Mal-dövlət ona cavab verər: “Məndən özünə yalnız kəfən düzəldə bilərsən”.
İnsan üzünü övladlarına tutub deyər: “Allaha and olsun, mən sizi sevir və həmişə sizin nazınızı çəkirdim. İndi mənə necə yardım edə bilərsiniz?” Övladları cavab verərlər: “Sənə köməyimiz bu ola bilər ki, səni dəfn edək”.
Bu dəfə insan üzünü öz xeyir əməlinə tutub deyər: “Allaha and olsun, mən sənə qarşı laqeyd idim, sən mənim üçün çox ağır və çətin görünürdün.
İndi mənə bir köməyin dəyəcəkmi?” Xeyir əməl insana belə cavab verər: “Mən həm qəbrdə, həm də qiyamətdə sənin yanında olaram, ta ki birlikdə Rəbbinin hüzuruna təqdim olunarıq”.
Həzrət Əli (ə)
(Biharül-ənvar, 6-cı cild, səh. 224-225).
Keçmiş zamanlarda bir padşah var idi. Padşahın üç həyat yoldaşı vardı. Padşah üçüncü arvadını daha çox sevirdi. Onun bir dediyini iki etməz, hər istəyini yerinə yetirərdi.
Ən gözəl hədiyyələri ona alar, vaxtının çox hissəsini ona sərf edər, üzərində əsərdi. Bir gün onu tərk edəcəyindən qorxduğu üçün həmişə onu qısqanar, nəzarətdə saxlayardı.
Padşahın ikinci həyat yoldaşı çox qayğıkeş idi. Nə zaman ərinin dərdi olsa, onun yanına gələr, kədərini unutdurmaq üçün əlindən gələni edərdi. Hökmdar xəstələnəndə ikinci həyat yoldaşı onu gözündən kənara qoymazdı, qulluğunu edər, qayğısını çəkərdi.
Hökmdarın birinci həyat yoldaşı onu o biri qadınlardan daha çox sevirdi. Hökmdar bu qadına qalan iki həyat yoldaşından daha az diqqət yetirərdi. Amma qadın bundan inciməz, narahat olmazdı. O, hökmdarı təmənnasız, əvəzsiz bir məhəbbətlə sevirdi.
Bir gün padşah ağır xəstələndi. Həkimlər müayinə edib dedilər ki, xəstəlik ölümcüldür və hökmdar çox yaşamayacaq. Yatağa düşmüş padşah ömrünün son günlərində həyat yoldaşlarını imtahana çəkmək qərarına gəldi. Qərara aldı ki, hansı arvadın onu daha çox sevdiyini öyrənsin. Bunun üçün belə bir üsul fikirləşdi.
Əvvəlcə ən çox sevdiyi, həyatının ən gözəl anlarını həsr etdiyi üçüncü arvadını yanına çağırıb dedi: “Mən bir neçə gündən sonra öləcəyəm.
Amma qəbr evinə tək getmək istəmirəm. Mən səni hamıdan çox sevmişəm, hər şeyimi sənə xərcləmişəm. Çox istərdim ki, məni dəfn edəndə səni də mənimlə birlikdə basdırsınlar. Razısanmı?” Qadın kəskin cavab verdi: “Qətiyyən mümkün deyil! Nə danışırsan? Həyat gözəldir. Mən ölmək istəmirəm. Səndən sonra başqasına ərə gedərəm, bəlkə də səndən sonra taxta çıxacaq təzə hökmdarın arvadı olaram”.
Hökmdar ikinci həyat yoldaşını çağırıb dedi: “Sən həmişə mənim nazımı çəkmisən, xəstələnəndə başım üstə durmusan. Mənimlə birlikdə ölüb, o biri dünyada da yanımda olmaq istərdinmi?” Həmişə ərinin qayğısını çəkən, ondan ayrılmaq istəməyən qadın bu dəfə belə cavab verdi: “Yox, yox. Doğrudur, mən səni çox sevirəm. Amma həyatımı sənə qurban vermək istəməzdim.
Uzağı, səni qəbr evinə kimi yola salaram, sənə gözəl bir dəfn mərasimi hazırlayaram, məzarının başında ağlayaram. Bir müddət yas tutub, sonra yenə əvvəlki həyatıma qayıdaram”.
Hökmdarın əli hər yerdən üzülmüşdü. Sevdiyi, dəyər verdiyi qadınlardan eşitdiyi cavab onun ürəyini ağrıdırdı. Heç sevmədiyi birinci arvadı ilə danışmağı əvvəlcə artıq bildi. Onsuz da həyatı boyunca bu qadını o birilərindən əskik saymışdı. İndi ondan hansı xoşagələn söz eşidə bilərdi? Amma sonda yenə onu çağırıb fikrini öyrənməyi qərara aldı.
Birinci qadın hökmdarın sözünü diqqətlə dinlədi, sonra göz yaşları içində ona cavab verdi: “Əlbəttə, sən harada olsan mən də orada olaram. Qəbr evində də səni tənha buraxmaram, hətta o biri dünyada da səndən ayrılmaram”.
Padşahın gözləri yaşardı. O, belə bir cavabı gözləmirdi. Əslində üç həyat yoldaşının heç birindən bu cavabları eşitməyi gözləmirdi. Aldığı cavablar düşündüyünün tam əksi idi. Xüsusilə, ömrü boyu dəyər vermədiyi, vaxtını həsr etməyə heyifsiləndiyi birinci arvadının sözü onu heyrətə salmışdı.
Hökmdarın dodaqlarından bu pıçıltı qopdu: “Kaş bu dünyada bir az da yaşamağa imkanım olaydı. Hər şeyi yenidən başlaya biləydim, hər kəsə öz layiqli dəyərini verəydim”.
… Amma artıq gec idi.