Aktual

İƏGF Avrasiya Regional Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir

İƏT Ölkələri Gənc Sahibkarlarının 10-cu Beynəlxalq Forumu Kazanda öz işinə başlayıb.

Dünən Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyi, Tatarıstan Respublikası “Selet” Gənclər Fondu və Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı, eləcə də, Sabah.Hub və Kazan IT Parkın və digər təşkilatların tərəfdaşlığı ilə İƏT Gənc Sahibkarların 10-cu Beynəlxalq Forumu öz işinə başlayıb.

Forumun açılış mərasimində Tatarıstan Respublikasının Gənclərlə iş naziri Rinat Sadıqov, İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov, İƏGF-nin prezidenti Taha Ayhan və Tatarıstan Respublikasının Başçısının köməkçisi Timur Süleymanov eləcə də bir sıra beynəlxalq təşkilat nümayəndələri və ölkə rəsmiləri təbrik nitqi ilə çıxış edərək iştirakçılara uğurlar arzu edib və bu qəbildən olan tədbirlərin getdikcə daha çox real nəticələrə əsaslandığını xüsusi vurğulayıblar.

Artıq 10-cu ildir ki, həyata keçirilən İƏT Gənc Sahibkarlar Beynəlxalq Forumunun əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc sahibkarların fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov Forumun açılış mərasimi zamanı öz çıxışında öncə təmsil etdiyi qurumun artıq on ilə yaxındır ki, Tatarıstan Respublikası hökuməti, Gənclərlə İş Nazirliyi, “Selet” Gənclər Fondu ilə əməkdaşlıq etməsindən qürur duyduğunu nəzərə çatdıraraq, İƏT Gənc Sahibkarlarının Forumunun əhəmiyyətindən bəhs edib, eləcə də gənc iş adamlarının müəllifi olduğu startap layihələrinin stimullaşdırlması, onların davamlı olması baxımından Forumun işinə yüksək dəyər verdiyini vurğulayıb.

Forumun açılış mərasiminin sonunda İƏGF Avrasiya Regional Mərkəzi və Tatarıstanın Gənclərlə İş Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov və Tatarıstan Respublikası Gənclərlə iş naziri Rinat Sadıqov imzalayıblar. Memorandumda Kazan İƏT Gənc Sahibkarlar Forumunun keçirilməsi, eləcə də gələcək layihələrlə bağlı tərəflərin öhdəlikləri öz əksini tapıb. Bununla yanaşı, İƏT-in Avrasiya regionu üzrə fəaliyyətlərində İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyinə bir sıra fəaliyyətlərdə dəstəyin verilməsi və gənclərlə iş sahəsi üzrə aidiyyəti layihələrin ortaq həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Forum çərçivəsində ekspert qrupundan formalaşdırılmış komissiyaya 45 İƏT ölkəsindən 150 startap layihəsi təqdim olunmuş və xüsusi kreativliyi, innovativ xarakteri, həmçinin potensial təsiri ilə fərqlənən 30 startap seçilmişdir. Seçilmiş startapların davamlılığının təmin edilməsi üçün onlara şəbəkələşmə və mentorluq baxımından dəstək göstəriləcək. “Rusiya-İslam dünyası Kazan Forumu” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində həyata keçirilən “İƏT Gənc Sahibkarların 10-cu Beynəlxalq Forumu” may ayının 18-nə qədər davam edəcək.

Daha çox göstər
Oxşar yazılar
Close
Back to top button