Mərhumun müqəddəs məkanlarda (Kərbəla, Nəcəf, Məşhəd) dəfn edilməsi üçün əmanət qoyulması düzgündürmü və bu hansı formada edilməlidir?
Ənənəyə əsasən, rəhmətə getmiş şəxsin birbaşa müqəddəs məkana daşınması müəyyən səbəblər üzündən (yol uzaqlığı, cənazəni aparmaq imkanının olmaması, sərhədlərin bağlı olması və s.) mümkün deyilsə, cənazəni “əmanət qoyurlar”. Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, cənazə hər bir halda mütləq qəbirdə dəfn edilməlidir. Onu əmanət və ya başqa məqsədlə qəbirdə dəfn etmədən saxlamaq icazəli deyil. Mərhum özü müqəddəs məkanda basdırılmağı vəsiyyət edibsə yaxud varislərinin arzusu belədirsə, cənazəni müvəqqəti olaraq tabut və ya bu kimi bir qabın içində qəbirdə dəfn edirlər. Bunu ona görə edirlər ki, əgər cənazəni adi qaydada torpaqda dəfn etsələr, müqəddəs məkana daşımaq üçün məzarı açanda cənazənin çürüyüb-dağılmış qalıqları ilə qarşılaşacaqlar və bunları toplamaq mümkün olmayacaq. Məzarı ciddi lüzum olmadan açmaq qadağandır. Cənazəni müqəddəs məkana daşımaq üçün tabutu açmağa isə ehtiyac yoxdur. Əgər unutqanlıq, gələcəyi düşünməmək və s. səbəblər üzündən cənazə normal qaydada dəfn edilibsə, onu müqəddəs məkana daşımaq üçün qəbiri açmağa icazə verilmir. Çünki bu halda cənazənin qalıqlarını tam şəkildə toplamaq mümkün deyil.