Valideyn həmişə haqlıdırmı?
Müqəddəs kitabımız Qurani-kərimdə və müqəddəslərimizin hədislərində valideynlərə hörmət və qayğı göstərməyin vacibliyi haqqında çoxlu tövsiyələrə rast gəlirik.
Övladlar öz valideynləri ilə rəftar zamanı həmişə təvazökarlığa, mülayimliyə riayət etməli, Quran dili ilə desək, hətta onların könlünü qıra biləcək «uf» kəlməsini söyləməyi də özlərinə rəva görməməlidirlər (İsra surəsi, 23-24-cü ayələr). Hədislərdə valideynə itaət və hörmət etmək ən böyük savablarla, valideynin üzünə ağ olmaq isə ən böyük günahlarla yanaşı xatırlanıb.
Hətta hədislərin birində deyildiyi kimi, Allah-təala üç məsələdə insanlara əmr edib ki, günahkar insanlarla münasibətdə əməlisaleh mömin şəxslə davranırmış kimi rəftar etsinlər: Yanlarında bir kəsin əmanəti olsa, o adam istər yaxşı əməl sahibi olsun, istərsə də günahkar – onun əmanətini qoruyub qaytarsınlar.
Bir kəsə söz verəndə o adamın əməlisaleh ya günahkar olmasına baxmayaraq, əhdlərinə vəfa etsinlər. Valideyn əməlisaleh də olsa, günahkar da olsa, onunla yaxşı davransınlar (İmam Mühəmməd Baqir (ə)).
Təəssüf ki, bəzən valideynlər də, din təbliğatçıları da övladın valideyn qarşısında vəzifələrini birtərəfli şəkildə təqdim edirlər. Belə bir təsəvvür yaradılır ki, ata-ana hər nə etsələr haqlıdırlar, mövcud ayə və hədislər də onlara qeyri-məhdud hərəkət azadlığı və övlad üzərində ixtiyar hüququ verir.
Bəzi şəxslər valideynə tabe olmağın vacibliyi barədə göstərişləri bütün zaman, məkan və şərait çərçivəsində keçərli bilirlər. Unudurlar ki, övlad valideynə göstərdiyi münasibət barədə nə qədər məsuliyyət daşıyırsa, valideyn də övlad üzərində böyüklük etmək səlahiyyətindən necə faydalanması barədə bir o qədər cavabdehdir. Bu mənada İmam Rizanın (ə) aşağıdakı hədisi çox ibrətamizdir: «Valideynlər müşrik (Allaha şərik qoşan) olsalar da, onlara yaxşılıq etmək vacibdir.
Amma Yaradana asi olmaq bahasına valideynə itaət etmək olmaz». Hədisi günümüzə tətbiq etsək, dindar həyat tərzi sürmək, dini kitablar oxumaq, namaz qılmaq, hicab bağlamaq istəyən övlada maneçilik törədən valideyn bu məsələlərdə itaət hüququnu itirmiş sayılır. Təəssüf ki, hələ də öz oğlunu spirtli içki aldırmaq üçün dükana göndərən, hətta özü ilə bir stol arxasında içki içməyə məcbur edən atalara, qızına zorla qısa don geyindirən analara ətrafımızda rast gəlirik.
Uşağı dünyaya gətirmək, onun maddi ehtiyaclarını ödəmək, yaxşı yedirib-içirmək, geyindirmək, ona bahalı oyuncaqlar almaq, təntənəli ad günləri keçirmək hələ valideynlik vəzifəsini tamamilə yerinə yetirmək deyil. Bir çox ailələrdə uşaqların ən primitiv hüquqlarının belə pozulduğunun şahidi oluruq.
Uşağı yeri gəldi-gəlmədi cəzalandırmaq, özünü böyük adam kimi aparmağa məcbur etmək, onun oyun və əyləncə hüququnu pozmaq kövrək uşaq psixologiyasında sağalmaz izlər buraxır. Valideynlər bunu unutmamalıdırlar ki, həddən artıq məldudiyyət və məhrumiyyətlər çox vaxt uşağın ədəbsiz, utanmaz xasiyyət qazanmasına, sırtılmasına səbəb olur. Həzrət Əli (ə) buyururdu ki, uşağı çox danlamaq onun sözgüləşdirən olmasına gətirib-çıxarar.
Bəzən valideynlər övladlarını nəinki kiçik yaşlarında, hətta böyüyüb boya-başa çatdıqdan sonra da öz təsir və «itaət» dairəsindən kənara buraxmaqla razılaşmırlar. Gənclər istər ailə qurarkən, istərsə də ailə qurduqdan sonra valideynlərinin ciddi təzyiqi ilə qarşılaşırlar.
Bəzən yaşlaşmış valideynlər hətta nəvələrinin tərbiyyəsini də tamamilə öz təsir dairələri altına almağa can atırlar. Əlbəttə, bütün bu məsələlərdə onların rolunu və hüquqlarını inkar etmək fikrində deyilik. Söhbət bundan gedir ki, bəzən valideynlər öz səlahiyyətlərini aşır, qarışmalı olmadıqları məsələlərə müdaxilə edirlər. Bu hallar isə çox zaman övladın etiraz bildirməsinə və ata-ananın üzünə ağ olmasına gətirib-çıxarır.
Zənnimizcə, bir çox hallarda valideynin üzünə ağ olma hallarının səbəbkarı kimi yalnız övladları deyil, ata-anaları da görmək lazımdır. Həzrət Mühəmməd Peyğəmbər (s) bunu nəzərə alaraq, Həzrət Əliyə (ə) ünvanladığı tövsiyyələrdə buyurmuşdu: «Allah lənət etsin o valideynlərə ki, övladlarını onların üzünə ağ olmağa məcbur edirlər».
Bunun müqabilində övladına münasibətdə yaxşı davranan ata-anaya isə Allahın mərhəmət göstərəcəyi bildirilir. İmam Cəfər Sadiq (ə) bir gün buyurdu: «Peyğəmbər buyurub ki, öz övladının yaxşı əməllərində ona yardımçı olan valideynə Allah mərhəmət göstərər». Soruşdular: «Yaxşı işlərdə yardımçı olmaq nə deməkdir?». İmam öz cavabını 4 göstəriş şəklində açıqladı.
Birincisi, uşaq bir işi nə cür görə bilibsə, valideyn gərək o işi ondan qəbul edib həvəsləndirsin. Yəni uşaqdan qüvvəsi və bacarığı xaricindəki işləri tələb etməsin. İkincisi, səhvlərini bağışlasın, nöqsanlarını üzə vurmasın. Uşağın təcrübəsiz, biliksiz və gücsüz olduğunu unutmasın.
Üçüncüsü, uşağı pis işlərə, günaha sövq etməsin, tərbiyəsini korlamasın. Nəhayət, dördüncüsü, uşağı aldatmasın. Xüsusilə, sonuncu məsələ günümüzdə çox aktualdır. Bəzən uşağı hər hansı əmələ həvəsləndirmək üçün «filan işi görsən, sənə hədiyyə alacağam, səni gəzməyə aparacağam» deyə vəd verir, amma sonra vədi yerinə yetirmirlər.
Təlim-tərbiyə işində bu kimi hallar qətiyyən məqbul sayılmır. Çünki bu hallar uşağın valideynə olan inamını zəiflədir, uşaqda yalançılığın normal bir xasiyyət olması təsəvvürünü yaradır. Bəzən valideynlər uşaqlara bəzi hərəkətləri qadağan edirlər, hətta həmin hərəkəti edəndə onu cəzalandırırlar, amma özləri də uşağın gözü qarşısında həmin hərəkəti edirlər.
Yalan danışmağın pis iş olduğu barədə uşağa uzun-uzadı nəsihət verən, amma telefon zəng çalanda «dəstəyi götür, de ki, atam evdə yoxdur» deyən şəxsin sözünün təsiri olarmı? Uşağın qulağını «atana hörmət et, o, evin böyüyüdür» sözləri ilə dolduran, amma özü həyat yoldaşı ilə kobud rəftar edən, onun sözünü saymayan ana öz övladına hansı nümünəni verə bilər?
Burada Həzrət Mühəmməd Peyğəmbərin (s) bir hədisini xatırlatmaq yerinə düşər: «Axır-zaman dövründə yaşayacaq uşaqların atalarının vay halına! O atalar müsəlman olacaqlar, ama öz uşaqlarına heç bir din hökmünü öyrətməyəcəklər, yalnız dünyəvi məsələlərdən bəzi şeyləri onlara başa salacaqlar. Mən belə adamlardan bizaram (narazıyam), onlar da məndən bizardırlar (uzaqdırlar)».
Əlbəttə, yuxarıda deyilənlər heç də övladlara valideynlərlə kobud rəftar etmək hüququnu vermir. Unutmayaq ki, valideyn səhv etdiyi halda belə, öz valideynlik hüququnu itirmir. Ona hörmət göstərmək, qulluğunda durmaq, maddi və mənəvi ehtiyaclarını ödəmək, qəlbini qıracaq ən xırda hərəkətdən çəkinmək bizim müsəlmanlıq borcumuzdur.
Əgər valideyn bəzi məsələlərdə yanlış mövqe tutsa belə, ən azı zahirdə özümüzü onunla razılaşırmış kimi göstərməliyik. Hətta valideyn öz övladını günah əməllərə məcbur edəndə də övlad onlara kobudluqla deyil, ən mümkün mülayim üsulla etiraz etməlidir.
Övlad valideynə yumşaq bir şəkildə nəsihət verərsə (könlünü qarmamaq, «ağıl öyrətməmək» şərti ilə; məsələn, oxuması üçün bəzi kitablar vermək yaxud nüfuzlu və təcrübəli şəxslərlə görüşdürmək yolu ilə), onu düzgün yola çəkərsə, yanlış mövqeyindən dönməsi üçün ona yardımçı olarsa, ən gözəl hərəkətlərdən birini etmiş olar.
Bu yolla o, həm ata-anasını haqqa hidayət edib gunahdan qurtarar, həm ailədə yaranan narahatçılıqlara son qoyar, həm də öz övladlıq borcunu layiqli şəkildə yerinə yetirmiş olar.
islam.az