Allahın sübutiyyə və səlbiyyə sifətləri nə deməkdir və hansılardır?
Allaha məxsus olan sifətləri (xüsusiyyətləri) bir neçə təsnifata ayırırlar, bunlardan biri də sübutiyyə və səlbiyyə sufətləridir.
Sübutiyyə sifətləri Allahın elə xüsusiyyətləridir ki, onların Allahda olması vacibdir, Allahı bu sifətlərdən məhrum təsəvvür etmək mümkün deyil. Məsələn, dirilik (həyat), yaradıcılıq (təkvin), qüdrət, elm, ədalət, kəlam, hər şeyi görmək və eşitmək və s.
Bunun əksinə olaraq, səlbiyyə sifətləri elə xüsusiyyətlərdir ki, bunların Allahda olması mümkün deyil. Allah bu sifətlərə sahib ola bilməz, çünki bu halda Onun kamilliyinə xələl gələr.
Əgər bir qüvvə bu sifətlərdən birinə sahib olsa, ona Allah demək olmaz. Səlbiyyə sifətlərinə bunlar aiddir: Allah şəriksizdir, cisim deyil, ehtiyacsızdır, Onun əvvəli və axırı yoxdur və s.
Sübutiyyə və səlbiyyə sifətlərinin sayı və adları məzhəblərdə fərqlidir, müxtəlif əqaid ailmlərinin əsərlərində də bu barədə müəyyən fərqlər mövcuddur.