Səkkizinci İmam Rzanın (ə) atası yeddinci İmam Musa Kazim (ə), anası Nəcmə, yaxud Təktüm adlı qadın idi. 766-cı ildə Mədinədə doğulmuşdur, məşhur ləqəbi “Rza”dır. Vətəni olan Ərəbistandan çox uzaqda – Məşhəddə vəfat etdiyinə görə ona “qərib imam” da deyirlər.
İmam Rza (ə) ömrünün çox hissəsini Mədinədə, son üç ilini isə Xorasanda keçirmişdir. 815/816-cı illərdə Xorasanı özünə qərargah seçmiş Abbasi xəlifəsi Məmun xilafət ərazisində bir neçə ardıcıl üsyan qaldırmış Əhli-beyt tərəfdarlarını sakitləşdirmək və müvəqqəti sabitlik yaratmaq naminə İmam Rzanı (ə) Mədinədən öz yanına gətirtdi və vəliəhdliyi qəbul etməsini onun qarşısında tələb kimi qoydu.
Məmun İmam Rzanı (ə) vəliəhd təyin etməklə həm də onu yüksək vəzifəli şəxs qismində ölkədə baş verən ədalətsizliklərə cavabdeh etmək və nüfuzunu zədələmək istəyirdi. Həm də imam daim Məmunun nəzarəti altında qalacaq, sərbəst fəaliyyət imkanından məhrum olacaqdı. Lakin İmam Rzanın (ə) uzaqgörənliyi sayəsində bu planlar uğursuzluqla nəticələndi.
817-ci ilin martında Mərv şəhərində İmam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunun bütün israrlarına rəğmən imam hökumət işlərinə qarışmadı. Üstəlik, sarayda müxtəlif din və məzhəb ardıcılları arasında təşkil edilən elmi müzakirələrdə o, bütün rəqiblərinə qalib gələrək nüfuzunu daha da artırdı.
Bundan narahat olan Məmun hicri 203-cü il səfər ayının son günündə (miladi 818-ci il) Həzrət Rzanı (ə) zəhərli üzüm vasitəsilə şəhid etdi. Onu Xorasanın Tus şəhəri yaxınlığındakı Sənabad kəndində torpağa tapşırdılar. Hazırda bura Məşhəd şəhəri kimi tanınır.