Namazın rüku və səcdələrində hansı zikrləri və neçə dəfə söyləmək lazımdır?
Şəriətə əsasən namazın rüku və səcdələrində bədən sakit, hərəkətsiz vəziyyət aldıqdan sonra zikr söyləmək lazımdır. Bu zaman Allaha təzim etdiyini və yaxud Allahın ucalığını bildirən hər hansı zikri söyləmək olar, yetər ki, bu zikr 3 dəfə “sübhan Allah” ifadəsindən az olmasın; məsələn 3 dəfə “əlhəmdu lillah” və ya 3 dəfə “Allahu əkbər” deyilə bilər. Amma yaxşı olar ki, rüku və səcdə zamanı ən azı 3 dəfə “sübhan Allah” söylənilsin. Ya da rükuda 1 dəfə “sübhanə Rəbbiyəl-əzimi və bihəmdih”, səcdədə isə 1 dəfə “sübhanə Rəbbiyəl-ə’la və bihəmdih” deyilsin. Bu sonuncu zikrləri 3 və ya daha çox tək sayda söyləmək, Peyğəmbərə və ali-
Peyğəmbərə salavat göndərmək müstəhəbdir. (Bunları düzgün tələffüz edə bilməyən şəxs gərək 3 dəfə “sübhan Allah” desin). Rükudan qalxarkən “səmiAllahu limən həmidəh” zikrini, iki səcdənin arasında “əstəğfirullahə Rəbbi və ətubu ileyh” zikrini söyləmək müstəhəbdir. Eləcə də, rüku və səcdəyə getməzdən əvvəl və sonra təkbir gətirməyin (“Allahu əkbər” söyləməyin) savabı var. Vaxt çox məhdud olduqda yaxud digər zəruri hallarda “sübhan Allah” zikrini 1 dəfə söyləmək olar.