İslam möcüzəsiMəqalələr

Andına sadiq qalan adam

İraq valisi Həccac xəvariclə döyüşüb onlardan xeyli adamı əsir tutmuşdu. Xəvaric Islamın ilk əsrində meydana çıxmış və anarxizmi təbliğ etmiş siyasi cərəyan idi.

Xəvaric ideyasının ardıcılları hakimiyyətin konkret olaraq hər hansı şəxsin əlində cəmlənməsini düzgün saymır, bu üzdən hökumətlə mübarizə aparırdılar. Xüsusilə, Əməvilər dövründə xəvaric Iraqda çox güclü idi və xəlifə qoşunu onlarla ardıcıl müharibələr aparırdı.

Həccac əsir aldığı adamları mühakimə edir və xəvaricə aidliyi sübuta yetən şəxsləri edam etdirirdi. Bir gün yenə məhkəmə qurulur. Sonuncu məhkumu gətirəndə axşam azanının səsi eşidilir. Həccac namaz vaxtının çatdığını deyib ayağa qalxır, məhkumu öz sərkərdələrindən Ənbəsə adlı birinə tapşırıb deyir: “Bu gecə bunu həbsdə saxla. Sabah səhər onu mühakimə edəcəyəm”.

Ənbəsə məhkumu da özü ilə götürüb Həccacın iqamətgahından çıxır. Həbsxanaya gedən yolda məhkum Ənbəsəyə deyir: “Mən əslində xəvaricdən deyiləm. Üstümə böhtan atıb xəvaric adıyla məni tutublar. Yəqin ki, sabah Həccac məni də qətlə yetirəcək. Səndən xahişim budur ki, bu gecə mənə öz evimdə gecələmək üçün icazə verəsən. Ailəmlə görüşüb halallaşım, ölümqabağı vacib işlərimi görüm, sabah sübh tezdən sənin hüzuruna gəlib özümü sənə təslim edəcəyəm”. Ənbəsə əvvəlcə məhkumun sözlərini ciddiyə almır. Amma məhkum israrla xahişini təkrar edir, Allaha and içir ki, vədinə xilaf çıxmayacaq.

Ənbəsə onun yalvarışlarına dözməyib razılaşır. Məhkum çıxıb gedəndən sonra Ənbəsə öz hərəkətinin məsuliyyətini anlayır: “Mən necə də ağılsızam! Hansı axmaq öləcəyini bildiyi halda öz ayaqları ilə gəlib mənə təslim olar? Necə oldu ki, mən onun sözünə inandım? Səhər Həccaca nə cavab verəcəyəm?”. Bu fikirlərlə evinə gəlir, əhvalatı həyat yoldaşına danışır. Arvadı Ənbəsənin nigarançılığını daha da artırır, onu qınayır ki, sən ölümə məhkum olunmuş bir adamı necə əldən buraxdın?

Ənbəsə bütün gecəni narahatçılıq içində keçirir, səhərə kimi yata bilmir. Sübh namazından bir az sonra Ənbəsənin təəccübünə rəğmən, məhkum onun evinə gəlib özünü təslim edir. Ənbəsə heyrət içində soruşur: “Necə oldu ki qayıtdın? Mən sənin qayıdacağından ümidimi üzmüşdüm. Axı özün də bilirsən ki, bu gün səni öldürəcəklər!”. Məhkum cavab verir: “Mən dünən Allaha and içmişdim, andımı poza bilməzdim”.

Ənbəsə məhkumu da özü ilə götürüb Həccacın hüzuruna gəlir. Hadisəni Həccaca danışır. Həccac məhkumun doğruculluğuna heyran qalır. Belə bir adamı öldürməyi rəva görmür. Məhkumu Ənbəsəyə bağışlayır ki, onunla istədiyi kimi rəftar etsin.

Həccacın hüzurundan çıxan kimi Ənbəsə məhkumun qolundakı zənciri açıb onu azad edir və evə qayıtmasına icazə verir. Məhkum heç nə demədən çıxıb gedir. Ənbəsə öz-özünə fikirləşir ki, bu necə adamdır? Mən onu azad etdim, o isə mənə quru bir sağ ol da demədi.

Ertəsi gün məhkum Ənbəsənin evinə gəlir, onunla mehriban görüşür və alicənablığına görə təşəkkür edir. Ənbəsə soruşur ki, niyə dünən mənə minnətdarlıq etmədin? Məhkum cavab verir: “Məni ölümdən xilas edən Allahdır, sən sadəcə bu işə bir vasitə oldun.

Mən dünən Allahın şükrünü yerinə yetirmədən sənə təşəkkür etməyə utandım. Evə gedib bütün gecəni ibadətlə keçirdim, Allaha şükrlər etdim. Indi gəlmişəm ki, sənə də təşəkkür edim”.

Daha çox göstər
Back to top button