Qurani-Kərimi Azərbaycan dilində oxumağın hökmü nədir?

Qurani-Kərim Peyğəmbərimizə (s) ərəb dilində nazil olmuşdur və orijinalı ərəb dilindədir. Müqəddəs Kitabın başqa dillərdəki tərcüməsi onun tam yerini verməz və orijinalı əvəz etməz. Ərəb dilini bilməyən şəxsin Quranın öz dilindəki tərcüməsini oxuması icazəlidir, burada heç bir günah yoxdur. Hətta Quranla ümumi tanışlıq və ayələrin mənasını anlamaq baxımından bunu etmək tam normal və müsbət haldır. Lakin Quranın oxunuşu dini ibadət və ritual sayıldığı hallarda mütləq ərəbcə orijinal oxunmalıdır. Belə ki, namaz zamanı Quranın Fatihə və digər surələrini mütləq ərəb dilində oxumaq lazımdır, əgər başqa dildə oxunsa, namaz düzgün deyil. Eləcə də, pul (muzd) qarşılığında mərhum şəxsin ruhuna Quran oxuyub hədiyyə edərkən də, mütləq ərəbcə oxumaq tələb edilir. Bu zaman Quranın mətni ərəbcə orijinalın üzündən, təcvid (qiraət) qaydalarına uyğun oxunmalıdır. Çünki latın əlifbası ilə transkripsiyanı (tələffüzü) oxuyan zaman oxşar hərflərin tələffüzü düzgün yerinə yetirilmir. Əgər insan öz yaxın qohumlarının ruhuna könüllü və təmənnasız olaraq Quran oxuyub hədiyyə etmək istəyirsə, latın əlifbası ilə tələffüzü də oxuması icazəlidir. Savab qazanmaq xatirinə də ərəb əlifbasını bilməyən şəxs Quranın latın əlifbasındakı tələffüzünü yaxud Azərbaycan dilinə tərcüməsini oxuya bilər, bunun əvəzində ona müəyyən qədər savab verilər. Amma bunun savabı Quranın ərəb dilində orijinalını oxumaq qədər deyil.