İbrətamizMəqalələr

Hər bir işdə bir xeyir varmış

Dəniz sahilində yerləşən bir kəndin əhalisi balıqçılıqla dolanırdı. Kəndin kişiləri günaşırı qayıqlara minib dənizə çıxır, balıq tutub qayıdırdılar. Balığın bir hissəsini özləri yeyib, qalanını da şəhərdə satırdılar.

Soyuq qış günü idi. Həmin gün yenə kəndin kişiləri dənizə çıxmışdılar. Günortaya yaxın güclü fırtına qopdu. Adam boyunu aşan dalğalar şiddətlə sahildəki qayalara şırpılırdı. Adi balıqçı qayığında bu cür fırtınaya sinə gərib sağ-salamat geri qayıtmaq çətin iş idi.

Hava qaralmağa doğru gedirdi. Balıqçılardan hələ də xəbər-ətər yox idi. Kəndin qadınları hamılıqla dənizin sahilinə axışdılar. Uşaqları da özləri ilə götürmüşdülər. Hamı gözünü dənizə dikmişdi. Əllər səmaya qalxmışdı, dillərdən dua və yalvarış süzülürdü. Biçarə qadınlar Allaha yalvarırdılar: “İlahi, dənizdə olanları bu bəladan xilas et. Ərlərimizi sağ-salamat evə qaytar”.

Uşaqların məsum dilində bu dua dolaşırdı: “Allahım, atamı qoru”. Birdən sahildəki evlərin birindən alov qopdu. Ev yanırdı. Hava küləkli olduğundan, alov get-gedə şiddətləndi. Kişilər dənizdə olduğu üçün yanğını söndürmək mümkün olmadı. Ev tamamilə yanıb külə döndü.

Qadınlar sönmək üzrə olan yanğından ayrılıb yenə sahilə qayıtdılar. Yenə gözlər dənizə zilləndi. Bu zaman dalğaların içindən qaraltılar sezildi. Yaxınlaşdıqca bunların qayıqlar olduğu görünürdü. Kəndin kişilərinin mindiyi qayıqlar sahilə qayıdırdı.

Qayıqlar bir-birinin ardınca sahilin qumlarına toxunub durdu. Yorulub əldən düşmüş balıqçılar qayıqlardan endilər. Hər kəs öz doğmasının üzərinə yürüdü. Hamının üzündə sevinc duyulurdu, yalnız evi yanmış qadından başqa. Qadın ərini görən kimi sahilin qumunu ovucla götürüb başına səpməyə başladı: “Evimiz yandı, ay kişi! Evsiz-eşiksiz qaldıq. Hər şeyimiz yanıb külə döndü. Sən harada qalmışdın? Kaş yanımda olaydın, alovu söndürəydin. Bu nə işdir biz düşdük, ay Allah!”

Əri sakitliyini pozmadan ona yaxınlaşdı, əllərindən tutub onu qaldırdı, sinəsinə sıxdı. Hamı səsini içinə çəkib onları izlədiyi üçün kişinin yavaş səslə söylədiyi sözlər hər kəsin qulağına çatdı: “Bu yanğını verənə şükür olsun! Biz fırtınada sahili itirdiyimiz halda, yanan evimizn işığı mayak kimi bizə yol göstərdi. Bu işığı tutub qayıqları sürdük, gəlib sahilə çatdıq. Bu yanğında evimizi itirdik, amma neçə-neçə adamın həyatını xilas etdik. Sən evini itirməklə ərinin həyatını yenidən qazandın”.

Ertəsi gün kəndin kişiləri əl-ələ verib həmin ailə üçün əvvəlkindən də yaraşıqlı bir ev tikdilər. Bu hadisədən sonra bu misalı da unutmadılar: “Hər işdə bir xeyir varmış”.

Daha çox göstər
Back to top button