Dırnaqları həftənin hansı günü və günün hansı vaxtı kəsmək yaxşıdır?
İslam dini təmizliyə, şəxsi gigiyenaya və səliqəyə xüsusi əhəmiyyət verir. Məsumlar dırnaqları çox uzatmamağı və vaxtında kəsməyi təkidlə məsləhət bilmişlər. Dırnaqları istənilən gün və günün istənilən vaxtında kəsmək olar. Amma bəzi hədislər bunu həftənin cümə günü etməyin müstəhəb (bəyənilən) olduğunu bildirir.
Xalq içində belə bir inanc formalaşıb ki, axşam və gecə vaxtlarında dırnaq kəsmək olmaz, hətta bunu günah sayırlar. Mötəbər hədislərdə axşam və gecə vaxtlarında dırnaq kəsməyi qadağan edən göstərişə rast gəlinmir. Ehtimal ki, keçmişdə evlərdə işıqlandırma ilə bağlı çətinliklər olduğu üçün gün batandan sonra dırnaq tutmağın qadağan olması inancı formalaşıb. Çünki axşam və gecə saatlarında işıqlanma zəif olduğu üçün dırnaqları zədələmək ehtimalı da artır.