İslam tarixiMəqalələr

İslam tarixindən hikmətli sözlər

Əmmar ibn Yasir uşaqlıqda Mühəmməd Peyğəmbərin (s) çobanlıq yoldaşı idi. Onlar sürüləri birlikdə otarırdılar. Bir gün Əmmar Mühəmmədlə (s) razılaşdı ki, sabah qoyunları daha bol ot bitən başqa bir yerə aparsınlar.

Ertəsi gün Əmmar həmin yerə gələndə gördü ki, Mühəmməd (s) öz sürüsü ilə onu gözləyir, amma hələ qoyunları otlamağa buraxmayıb. Əmmar sürünü niyə otlamağa qoymadığını soruşanda Mühəmməd (s) cavab verdi: “Bu gün mən səndən tez gəldim. Amma istəmədim ki, mənim qoyunlarım tez otlamağa başlayıb otların ən yaxşısını yesinlər. Ona görə də sənin gəlişini gözlədim ki, sürülərimizi eyni vaxtda otlamağa buraxaq”.

Deyilənlərə görə, İbn Sina cavanlıqda çox lovğa və təkəbburlu imiş. Bir gün tələbə İbn Sina öz ustadı İbn Miskəveyhin dərs otağına daxil olur, şagirdlərin gözü qarşısında bir kürə fiqurunu ustadın qabağına atıb deyir: «Əgər həqiqi alimsənsə, bu kürənin səthinin sahəsini hesabla!».

İbn Miskəveyh isə heç nə olmamış kimi, tam aramlıqla özünün yazdığı «Əxlaq» kitabını İbn Sinaya tərəf uzadıb belə söyləyir: «Cavan oğlan, görürəm ki, sənin bu kitabı oxumağa daha çox ehtiyacın var. Əvvəlcə öz əxlaqını islah et, sonra yanıma gəl, sualına cavab verərəm». Bu sözlər İbn Sinaya elə təsir edir ki, peşman olub təkəbbürü birdəfəlik kənara qoyur.

Bir şəhərin əhalisi xəlifə Mə’munun hüzuruna gəlib, şəhər valisindən şikayət edir. Mə’mun onların dediklərini qəbul etməyib söyləyir: «Sizin vali kimi ədalətli vali heç yerdə yoxdur. Mən inanıram ki, onun bədəninin hər bir üzvü ədalət mücəssəməsidir».

Şikayətçilərdən biri dözməyib deyir: «Onda əmr verin, valinin bədən üzvlərini kəsib, hərəsini bir şəhərə göndərsinlər ki, bütün şəhərlər onun ədalətindən bəhrələnə bilsin».

Daha çox göstər
Back to top button