AzərbaycanXəbərlər

Dövlət Komitəsinin sədri ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb.

Görüşdə Komissiyanın sədri Stiven Şnek, Araşdırma və Siyasət üzrə direktoru Qillermo Kantor, siyasi analitiki Dilan Şexnayder, müvəkkillər Viki Hartzler, Mohamed Elsanusi və ABŞ-nin Azərbaycandakı səfirliyinin Siyasi işlər şöbəsinin rəhbəri Mixail Seroka iştirak ediblər.

Dövlət Komitəsinin sədri ölkəmizdəki birgəyaşayış ənənəsi, dinlərarası harmoniya barədə ətraflı məlumat verərək, multikulturalizm və tolerantlıq kimi dəyərlərin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirib.

957-si İslam, 38-i isə qeyri-islam olmaqla 995 dini icmanın dövlət qeydiyyatına alındığını deyən Ramin Məmmədov vurğulayıb ki,  Azərbaycan dini icmalara hər cür kömək göstərən, o cümlədən maddi dəstək verən azsaylı dövlətlərdəndir.

Komitə sədri bildirib ki, respublikada hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir.

Azərbaycanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə İslam dini ilə bağlı tarixi abidələr, məscid, ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası həyata keçirilir.

Komissiyanın sədri Stiven Şnek səmimi qəbula görə təşəkkür edərək təmsil etdiyi qurum barədə məlumat verib. “Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi” dini icmasının qeydiyyata alınmasını, Yehovanın Şahidləri dini icmasının fəaliyyətinə yaradılan şəraitin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı, Komissiya nümayəndələrinin ölkəmizdə dini etiqad azadlığının qorunması sahəsində vəziyyətlə bağlı sualları cavablandırılıb.

Daha çox göstər
Back to top button