Məqalələr

NOVRUZ – təbiətin bayramı

Min ilə yaxındır ki, müsəlman alimlər öz əsərlərində Novruz bayramının mənşəyi, mahiyyəti və müstəhəb əməlləri barədə məlumat verməkdədirlər. Əbu Reyhan Biruni ”əl-Asarül-baqiyə“ və ”ət-Təfhim“ kitablarında, Ömər Xəyyam ”Novruznamə“ risaləsində bu bayramdan ətraflı bəhs etmişlər. Klassik İslam alimləri Şeyx Tusi (”Müxtəsərül-Misbah“), İbn İdris (”əs-Sərair“), Şeyx Bəhai (”Camei-Abbasi“), Əllamə Məclisi (”Zadül-məad“ və ”Biharül-ənvar“), Ayətullah Yəzdi (”əl-Ürvətül-vüsqa“), Şeyx Abbas Qummi (”Məfatihül-cinan“) və başqaları öz əsərlərində təqvim günlərinə məxsus şəriət əməllərindən bəhs edərkən, Novruzun ibadət və mərasimlərinə də geniş yer ayırmışlar.

Dünya xalqlarına çoxdan məlumdur ki, Novruz (fars dilində ”yeni gün“ deməkdir) konkret astronomik hadisə ilə bağlı gündür. Bu gün şimal yarımkürəsində astronomik yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Astronomiya dili ilə desək, Günəş şərq zodiak sistemindəki Hut (balıq) bürcündən çıxıb, Həməl (qoç) bürcünə daxil olur.

Bəzi din və etiqad məktəbləri Novruzun cahanşümul mahiyyətini təsdiqləmiş, onu dini bayram səviyyəsində qəbul etmişlər. Novruz tarix etibarilə atəşpərəstlik (zərdüştilik) dinindən daha qədim olsa da, bu dinin daxilində özünün ən parlaq inkişaf dövrünü yaşamışdır. Zərdüştilər Novruzu öz əqidələrinə uyğunlaşdırmış, bir növ onu özününküləşdirmişlər. Məhz buna görə də həm keçmişdə, həm də indi bir çoxlarının zehnində Novruz atəşpərəstlərin bayramı kimi təsəvvür edilir. (Halbuki, bu fikir həqiqətə uyğun deyil və məqalənin növbəti bölümlərində bu barədə məlumat veriləcək).

Novruz haqda Islam mənbələrində

Novruz elə nadir milli bayramlar sırasına aiddir ki, Islam dini nəinki onu rədd etməmiş, əksinə, ona yeni ruh və təravət bağışlamışdır. Əlbəttə, Novruzun mənşəyini İslamla bağlamaq düzgün deyil. Novruz heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır. Dünyanın bir çox xalqları bu günü baharın gəlişi, təbiətin oyanışı kimi qeyd etmişlər. Maraqlıdır ki, ruslar xristianlığı qəbul etməzdən əvvəl yaz gecə-gündüz bərabərliyi günündən (yəni Novruzdan) bir həftə əvvəl və bir həftə sonra Maslenitsa bayramını keçirirdilər. Xristian kilsəsi sonralar bu bayramın vaxtını bir qədər irəliyə – Böyük Orucun (Velikiy Post) başlanğıcından əvvələ çəkdi. Yaz gecə-gündüz bərabərliyi bayramı hətta Yaponiyada da dövlət səviyyəsində qeyd olunur.

İslamın ilk dövrlərində yaşamış müqəddəslər Novruz gününü xoş sözlərlə yad etmişlər. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibin (ə) xilafət illərində Ona Novruz hədiyyəsi gətirdilər (bu hədiyyənin farslara məxsus paludə (ərəbləşdirilmiş variantı faluzəc) adlı xörək olduğunu yazırlar). Əli (ə) bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söylədilər. Imam hədiyyəni qəbul edib buyurdu: ”Hər günümüzü Novruz edin“. Bu hədisin fərqli variantlarını Şeyx Səduq ”Mən la yəhzürühül-fəqih“ (III, 300), Beyhəqi ”əs-Sünənül-kübra“ (IX, 392), Səmani ”əl-Ənsab“ (III, 37) kitablarında qeyd etmişlər. Bəzi məlumatlara görə, Həzrət Əliyə (ə) hədiyyə gətirən adam – əslən fars mənşəli olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban imiş.

Qeyd edək ki, bəzi mənbələrdə Novruz bayramını tənqid atəşinə tutan və bu günü bayram kimi qeyd etməyi haram sayan rəvayətlərə də rast gəlirik. Amma bu rəvayətlərin bir qisminin sənədi Peyğəmbərə qədər gedib-çıxmır (Beyhəqinin ”əs-Sünənül-kübra“ kitabındakı kimi), bəzi rəvayətlər isə zəif sayılır.
Novruz bayramının mənşəyi və ibadətləri barədə Əllamə Məclisinin ”Biharül-ənvar“ (LIX, 91 və 119) və Şeyx Hürr Amulinin ”Vəsailüş-şiə“ (V, 172-174) kitablarında bir neçə irihəcmli hədis verilmişdir. Bu hədislər Müəlla ibn Xüneys adlı səhabənin vasitəsilə İmam Cəfər Sadiqdən (ə) rəvayət edilib. Həmin hədislərdən məlum belə çıxır ki, bir sıra tarixi hadisələr, (məsələn, guya Həzrət Nuh Peyğəmbərin (ə) gəmisinin tufandan sonra quruya oturması, Həzrət İbrahim Peyğəmbərin (ə) öz şəhərindəki böyük bütü sındırması, Həzrət Mühəmməd Peyğəmbərə (s) ilk vəhyin nazil olması, Qədir-Xümm hadisəsi və s.) məhz Novruz gününə təsadüf etmişdir.

Bəzi alimlər Müəlla ibn Xüneysin bir ravi kimi etibarını şübhə altında qoymaqla bu hədisə əsaslanmağı düzgün saymamışlar. Əlbəttə, hədisin mətnində sadalanan hadisələrin heç də hamısının Novruz günündə baş verdiyinə inanmaq düzgün olmazdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatına aid hadisələr nisbətən yaxın dövrdə baş verdiyi üçün onların vaxtını hesablamaq çətinlik törətmir. Bu hesabatlardan məlum olur ki, hədisdə sadalanan bütün hadisələrin Novruz günündə baş verməsi təqvim baxımından qeyri-mümkündür. Amma bu hadisələrdən birinin – Qədir-Xümm olayının məhz Novruz gününə və yaxud ondan bir gün qabağa (Novruz bayramı axşamına) təsadüf etməsi hesablamalara əsasən düz çıxır.

Novruz və Qədir-Xümm

Xalq şüurunda Novruz – ”İmam Əlinin (ə) taxta çıxdığı gün“ sayılır. Bəzi mənbələrdə (məsələn, Azərbaycan Sovet Ensiklopediyası) şiələrin Novruz bayramını Həzrət Əlinin (ə) hakimiyyətə gəlişinin ildönümü kimi qeyd etmələri tənqid edilir və göstərilir ki, İmam Əlinin (ə) xilafətə gəlişi miladi 656-cı ilin yay fəslində baş vermişdir. Lakin həmin mənbələr bunu unudurlar ki, Novruz – Həzrət Əlinin (ə) Osmanın qətlindən sonra hakimiyyətə gəlişi ilə deyil, Qədir-Xümm çölündə Peyğəmbər tərəfindən dini və dünyəvi hakimiyyətə gətirilməsi ilə üst-üstə düşüb.
Əlbəttə, heç kim iddia etmir ki, Novruz bayramı hər il Qədir-Xümm günü ilə üst-üstə düşməlidir. Çünki hicri-qəməri və şəmsi təqvimlər arasındakı illik fərq bunu qeyri-mümkün edir. Məlum olan budur ki, məhz həmin il (hicri 10-cu il) zilhiccə ayının 18-i şəmsi təqvimdəki yeni ilin yeni ayının 1-nə (miladi təqvimlə 632-ci il mart ayının 19-na və ya 20-nə) təsadüf etmişdi.
Hicri və miladi təqvimlər arasında çevirmə üçün nəzərdə tutulmuş sinxron cədvəllər vasitəsilə də bunu yoxlamaq olar (qeyd edək ki, həmin cədvəllərdə bir gün xəta ehtimalı mümkündür). Mühəmməd Mühit Təbatəbai bu barədə yazırdı: ”Şah Abbas Səfəvinin zamanında Novruz həqiqi həyat və əbədilik qazandı. O dövrün münəccimləri çox sadə hesablamalarla hicri 10-cu il zilhiccə ayının 18-nin Yəzdcürdi təqvimlə (qədim Iran təqvimi ilə) 9-cu il fərvərdin ayının ilk gününə təsadüf etdiyini tapdılar“.

 

Novruz atəşpərəstlərin bayramı deyil

Novruz bayramına qarşı irəli sürülən ən mühüm iradlardan biri bundan ibarətdir ki, guya bu bayram atəşpərəstliklə bağlıdır və Islam dini ilə ziddiyyət təşkil edir. Bu mövqeyi müdafiə edənlər Novruz bayramında tonqal qalamaq, tonqalın ətrafına toplaşmaq, onun üzərindən atılmaq kimi ənənələri əldə əsas tuturlar. Halbuki, əvvəla, tədqiqatçıların fkirincə, Novruz hələ atəşpərəstliyin (zərdüşti dininin) yaranmasından çox-çox əvvəllər də mövcud olmuş və bayram kimi tanınmışdı.

Novruz hər şeydən öncə, təbiətin bayramıdır. Qədim xalqlar həmin gün qışın soyuğundan, qıtlığından qurtulmağı bayram edirdilər. Novruz – bərəkətli, isti yaz fəslinin gəlişinin əlamətidir. Novruz həyat, hərarət, yaşıllıq və bolluq deməkdir. Təsadüfi deyil ki, həyatın və bərəkətin rəmzi olan buğdadan göyərən səməni bu bayramın ən mühüm atributlarından biridir.

Novruzu atəşpərəstliklə əlaqələndirmək də düzgün deyil. Çünki atəşpərəstliyin rəmzi olan od Novruz bayramının rəmzlərindən yalnız biridir. Şərqdə geniş yayılmış qədim təfəkkürə görə, dünya dörd təbiət ünsüründən yaranmışdır və hər bir təbiət hadisəsi bu ünsürlər əsasında baş verir. Həmin dörd ünsür bunlardır: su, od, torpaq və hava. Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbə axşamı da bu dörd ünsürə həsr edilb. Od çərşənbəsi bunlardan yalnız biridir. Novruz ənənələri içində su, torpaq və hava (yel) ilə bağlı xeyli mərasimlər mövcuddur. Məsələn, bir-birinin üzərinə su çiləmək, qızların su və üzük vasitəsilə öz bəxtlərini sınaması, torpağın yetirdiyi bərəkət olan buğdadan səməni göyərtmək və s. Tonqal qalayıb, onun üzərindən atılmaq və ya üskü yandırmaq da bu mərasimlərdən biridir. Ona görə də Novruz bayramını yalnız odla əlaqələndirmək və qalan üç ünsürü nəzərə almamaq düzgün deyil.

Eyni zamanda atəşpərəstlikdə od müqəddəs sayılır. Öz ağırlığını, dərd-bəlasını, çətiniyini odun içinə atmaq və bunun vasitəsilə pak olmaq düşüncəsi atəşpərəstliyə uyğun deyil. Zərdüştilikdə atəşgah kahinləri alova yaxınlaşanda hətta ağızlarını dəsmalla örtürdülər ki, alovun paklığına onların nəfəsindən ziyan gəlməsin. Çünki zərdüşt düşüncəsinə görə, hətta insan nəfəsi də alovu murdarlaya bilər. Buna görə də, Novruz tonqallarının başında öz problemlərini, dərd-bəlalarını alova tökmək və belə demək mümkünsə, öz mənfi aurasını alovla təmizləmək ənənəsini atəşpərəstliklə bağlamaq məntiqə uyğun deyil.

Novruz ənənələrindən hansıları Islama ziddiyyət təşkil etmir?

İslam düşüncəsinə görə, bayram – hər şeydən əvvəl sosial mahiyyəti olan bir məfhumdur. Doğrudur, bütün islami bayramların namaz, qüsl, oruc kimi fərdi ibadət əməlləri vardır. Lakin bu bayramların əsas ruhu onların ictimai və kütləvi xarakterindədir. Bayram – insanlar arasında mehribanlıq və sevgi yaradan, sileyi-rəhmi (qohumlar arasındakı bağlılığı) təmin edən, küsülüləri barışdıran, könülləri sevindirən, kimsəsizlərə ümid verən sosial hadisədir. Bu mənada Novruz bayramı Islam düşüncəsindəki bayram anlayışı ilə tam üst-üstə düşür. Xalqımızın çoxəsrlik adət-ənənəsinə görə, Novruz-qabağı evlərdə təmizlik, səliqə-sahman işləri görülür, bayram axşamı ailə üzvləri bir yerə toplaşır, yaxın qonşuların evinə bayram payı göndərilir, bütün ailə üzvlərinə simvolik də olsa hədiyyələr alınır. Bayram axşamında nəinki dirilər, hətta ölülər də unudulmur, onların məzarı ziyarət edilir, ruhlarına rəhmət oxunur. Bayram günü hər şeydən öncə ailənin yaşlı üzvləri, nəslin ağsaqqalları yad edilir, onların görüşünə gedilir. Ağsaqqallar öz nüfuzlarından istifadə edərək küsülüləri barışdırır, narazılıqlara son qoyurlar. Qohum-qonşuda olan kasıb, fəqir insanlar xüsusi qayğı ilə əhatə olunurlar. “Qoy hər kəsin evində bayram axşamı qazan qaynasın” düşüncəsi ilə kasıblara maddi yardım göstərilir. Kimsəsizlər bu gün özlərini tənha hiss etmir, həyata daha artıq ümidlə baxırlar.

Təəssüf ki, bu gün milli irsimizdə şirk və küfr əlamətləri tapmağa çalışan bəzi qüvvələr Novruz mərasimlərinə də təftişçi münasibətlə yanaşırlar. Məsələn, bu mənada bayram axşamının bir ənənəsi olan qulaq falı barədə düşünək: Bu adəti şirk sayanlara rast gəlirik. Lakin onlar unudurlar ki, bu mərasimi insanlar nə keçmişdə, nə də indi ciddi mənada fal kimi yozmurlar. Bu, mistik mahiyyətdən daha çox, əyləncə xarakteri daşıyan adətdir. Islamda da hər hansı hadisəni xeyirə yozmaq, əlamətlərdən xoş nəticə çıxarmaq və gələcəyə nikbin baxmaq müsbət qarşılanır. Buna ”fəl“ deyirlər. Fəl hal-hazırda fal kimi tanıdığımız haram əməldən tamamilə fərqlidir. Çünki fal – gələcəkdən xəbər vermək və kahinlikdir. Amma fəl – baş vermiş bir hadisəni xeyirə yozmaqdır. Peyğəmbərdən: ”Fəl nədir?“ – deyə soruşduqda, ”Hər hansı birinizin eşitdiyi gözəl sözdür“ cavabını vermişdi (Səhihül-Buxari, Tibb kitabı, 5754-cü hədis). Çətinliyə düşmüş ümidsiz bir adam təsadüfən başqa birinin dilindən yaxşı söz eşitsə və bunu xeyirə yozsa, günah qazanmaz. Fəl – bizim anlamda ifadə etsək, qulaq falıdır.
Eləcə də digər əməllərdə həqiqi şirki öz ağlımızda olandan ayırmağı bacarmalıyıq.

Diqqət yetirilməli məsələlərdən biri bundan ibarətdir: Novruz ənənələrinin İslamla ziddiyyət təşkil etmədiyi barədə yuxarıda deyilənlərin səbəbi budur ki, bu ənənələri bu gün şirk səviyyəsində qəbul edən adama demək olar ki, rast gəlmirik. Tonqalı müqəddəs sayaraq onun üzərindən atılan, tonqal qalamağın uğur və xoşbəxtlik baxımından növbəti ilə təsir edəcəyini düşünən, əgər tonqalın üstündən atılmazsa, xoşbəxt olmayacağına inanan şəxs açıq-aşkar şirk etmiş olar. Amma buna sadəcə əyləncə, bayram atributu kimi yanaşmaq şirk sayıla bilməz.

Eynilə də bayram ənənələrindən İslamla qəti uzlaşmayanlardan uzaq olmaq lazımdır. Məsələn, qəbir üstə gedərkən ora yeməli nəsə aparıb qoymaq, bəzi regionlarda ənənə olan gecə çölə su qoyub, səhər o suyu öz üstünə tökmək və bunun bərəkət gətirəcəyinə inanmaq İslamla ziddir, bunların heç bir əhəmiyyəti yoxdur və bunlara inanmaq şirkə səbəb ola bilər. Qəbir ziyarət edib ölümü düşünmək, ölünün ruhuna rəhmət oxumaq isə əlbəttə savabdır.

Amma qeyd etdiyimiz kimi, tarixin müəyyən dövrlərində Novruz bayramı zərdüştilik dininə xeyli uyğunlaşdırılmış və atəşpərəst bayramı kimi tanınmışdı. İslam mənbələrində ara-sıra rast gəlinən və Novruza qarşı mənfi əhvali-ruhiyyə ilə köklənən hədislərin səbəbi də budur. Qeyd edək ki, son dövrlərdə bəzi nüfuzlu ruhanilərin Novruz bayramı və çərşənbə axşamları əleyhinə verdikləri bəyanatların kökündə də bu kimi məsələlər durur. Çünki həmin bəyanat və fətvalarla tanış olan zaman görürük ki, bunlarda Novruz ənənələrinin ləğvi deyil, mövhumat və xürafatlardan təmizlənməsi tələbi qoyulur. Fətvalarda deyilir ki, hər kim həqiqətən alovun ona xeyir gətirəcəyinə, tonqal üzərindən atılmaqla ziyandan qurtulacağına və növbəti ildə fəlakətlərdən amanda qalacağına inansa, bu əqidə şirk kimi dəyərləndirilir. Həmçinin, el şənliklərində fişəng və sairə bu kimi vasitələrə külli miqdarda vəsait xərcləmək də həm israfdır, həm də təhlükəsizlik baxımından zərərdir (çünki bu zaman xeylı bədbəxt hadisələr, fiziki xəsarətlər, yanğınlar baş verir). Amma bu fətvalarda sevinməyin, şadlıq etməyin, səliqə-səhman, təmizlik, sileyi-rəhim, sədəqə kimi əməlləri yerinə yetirməyin heç bir günahı olmadığı, əksinə, savab olduğu bildirilir.

Novruz uşaqların sevincinə səbəb olan bir bayramdır. Keçəl və Kosa kimi personajlara, kəndirbazlara, el pəhləvanlarına tamaşa etmək, yumurta döyüşdürmək, tonqal üzərindən atılmaq uşaqlara xüsusi zövq verir. Buna görə də uşaqları bu sevincdən məhrum etməyə haqqımız yoxdur.

 

Daha çox göstər
Back to top button