İslam suallarda

“Qırx hədis” kitablarının yazılma ənənəsi nədən qaynaqlanır?

Hədisləri oxuyub-öyrənmək, əzbərləmək və başqaları üçün nəql etmək böyük savaba malikdir. Çünki hədislər bizə dünya və axirət xoşbəxtliyinin yollarını göstərir, halal-haramları başa salır, Quranda oxuduğumuz və anlamadığımız mübhəm mənaları açıqlayır.

Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət olunub: “Hər kim mənim ümmətim üçün onlara fayda verən qırx hədisi hifz edib qorusa, qiyamət günündə Allah onu alim və fəqih kimi dirildib məhşərə gətirər” (Bihar əl-ənvar, 2-ci cld, səh. 156).

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “İnsanların qiymətini bizdən nəql etdikləri rəvayətlərin miqdarına uyğun bilin” (Üsul əl-Kafi, 1-ci cild, səh. 50). Həmçinin, o həzrət buyurmuşdur: “Hər kim bizim hədislərimizdən qırx hədis əzbərləsə, qiyamət günündə Allah onu alim və fəqih kimi dirildib məhşərə gətirər” (yux. mənbə, səh. 49).

Bəzi alimlər qırx hədisi əzbərləməyin və şərh etməyin fəzilətinə o qədər əhəmiyyət vermişlər ki, bu mövzuda kitab tərtib etmişlər. İslam dünyasında “ərbəin” (və ya “ərbəun”) adlı ayrıca kitab janrı mövcuddur (ərəb dilindən tərcüməsi “qırx” deməkdir). Alimlərin bir qismi 40 hədisi rəvayət etməklə kifayətlənmiş, bəziləri isə onlara geniş şərh yazmışlar. Bəzən eyni mövzulu 40 hədisi toplamış, bəzən də müxtəlif mövzularda hədislərə müraciət etmişlər. Ağa Büzürg Tehrani şiə müəllifləri tərəfindən qələmə alınmış “Qırx hədis” adlı 77 kitabın adını çəkir (əl-Zəriə ila təsanif əl-şiə, 1-ci cild, səh. 409-434).

Daha çox göstər
Back to top button