İslam suallarda

Valyuta və kriptovalyuta ticarətinə İslamın münasibəti necədir?

Dini hökmlərə görə, real valyutalarla, eləcə də müəssisə səhmləri ilə alver etməyin maneçiliyi yoxdur. İnsan müəyyən valyuta növünü məzənnəyə əsasən digər valyuta növü ilə dəyişdirə, sata və ala bilər. Hətta nisyə alver zamanı bir valyutanı müəyyən müddət ərzində məzənnədən daha yüksək məbləğdə başqa valyuta ilə qaytarmaq da şərt qoyula bilər. Lakin eyni valyutanı məzənnədən artıq qiymətə – nağd və ya nisyə – satmağa icazə verilmir.

Qeyri-real, elektron valyutaların (kriptovalyuta) alverinə münasibət isə fərqlidir. Bəzi din alimləri bitkoin kimi elektron valyuta növlərinin alış-verişini haram bilirlər. Bəziləri yalnız qeyri-müsəlmanlara bu kimi valyutaların satılmasına icazə verirlər. Daha bir qism alimlər isə qanunları və adaləti pozmadan kriptovalyuta alverini icazəli bilirlər. Bitkoin alış-verişinə mənfi yanaşmanın səbəbləri barədə müxtəlif fikirlər söyləmək olar. Ola bilər ki, bunun səbəbi ədalətsiz varlanmaya səbəb olması, “çirkli pulların” yuyulmasına şərait yaratması, ölkə iqtisadiyyatına mənfi təsir göstərməsidir. Hər bir halda, müsəlmanların bitkoin alverinə ehtiyatla yanaşmaları tövsiyə olunur.

Daha çox göstər
Back to top button