Beynəlxalq elmi konfransın keçirilməsində məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.
Bunu “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq elmi konfransın mətbuat konfransında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov deyib.
O qeyd edib ki, mayın 26-27-də keçiriləcək konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunur. G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA – Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alır.
“Konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. 100-dən artıq xarici qonağın qatılacağı konfransda bir çox vacib mövzulara toxunulacaq”, – deyə R.Həsənov bildirib.
İcraçı direktor konfransda müzakirə olunacaq mövzulardan da danışıb. Vurğulayıb ki, “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər” və digər mövzular ətrafında müzakirələr aparılacaq və həll yolları axtarılacaq.
