Sosial müdafiə sahəsində inklüzivliyə can atılmalı, yeni sistemlərin yaradılması hədəflənməlidir.
“Report” xəbər verir ki, bunu İslam ƏməkdaşIıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baș direktoru Azər Bayramov mayın 29-da Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, sosial müdafiə insan kapitalının əsasını təşkil edən amildir:
“Sosial müdafiə təhsilə və bacarıqların inkişafına təsir edir, bərabərsizliyi azaldır. Sağlam əhali, inkişaf edən işçi qrupunun onurğa sütununu təşkil edir”.
A.Bayramov bildirib ki, sosial müdafiə təkcə insanın müdafiəsi deyil:
“Sosial müdafiə, ilk növbədə, təhsilə və sosial bacarıqların inkişafına kömək edir. Nağd pul köçürmələri, sığorta kimi sistemlər olmadığı halda istedadlar da inkişaf edə bilmir”.
