İslam dünyasıXəbərlər

İmam Mühəmməd Baqirin (ə) şəhadət günüdür

Hicri təqvimlə zilhiccə ayının 7-si şiələrin beşinci imamı Həzrət Mühəmməd Baqirin (676/677-733) şəhadət günüdür. O həzrətin atası dördüncü imam Əli Zeynülabidin (ə), anası ikinci imam Həsənin (ə) qızı Ümmi-Abdullah Fatimədir. Yüksək elmi səviyyəsinə görə ona “Baqir əl-ülum” (elmin sərhəddini genişləndirən) ləqəbi ilə müraciət edirdilər. Bu ləqəbin Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən qabaqcadan ona verilmiş olduğunu yazırlar. Həzrət Baqirin (ə) zamanında şiə məzhəbinin daxilində ən böyük parçalanmalardan biri baş vermişdir. Bəzi şiələr İmamı Əməvilərə qarşı silahlı mübarizə aparmamaqda təqsirləndirib, onun ata-bir qardaşı Zeydin ətrafında birləşdilər. Zeyd qiyam qaldırdı, amma öz silahdaşları tərəfindən xəyanətlə qarşılaşıb şəhid oldu. Zeydin ölümündən sonra tərəfdarları onun oğlu Yəhyanı imam kimi tanıdılar. Onların ardıcıllarına zeydilər deyilir.

Şiə mənbələrində İmam Cəfər Sadiqdən (ə) sonra ən çox İmam Baqirdən (ə) hədis rəvayət olunmuşdur. Bunu onların zamanındakı ictimai-siyasi şəraitlə əlaqələndirirlər. Həmin dövrdə Əməvilər dövləti zəifləməyə başlamış, Abbasilər tədricən güclənərək hakimiyyəti ələ keçirmişdilər. İki sülalə arasında gedən çəkişmələr fonunda hökumətin Əhli-beytə nəzarəti zəifləmişdi. İmam Baqir (ə) və İmam Sadiq (ə) bu fürsətdən uğurla istifadə edib maarifləndirmə fəaliyyətini genişləndirdilər.

İmam Mühəmməd Baqirin (ə) təfsir mövzusunda qeydlərini Əli ibn İbrahim Qumi öz təfsir kitabında işıqlandırmışdır. Şeyx Küleyni “Əl-Rövzə min əl-Kafi” kitabında İmamın iki məktubunu dərc etmişdir.

Cabir Cüfi, Əbu Bəsir, Zürarə ibn Əyün və qardaşları, Məhəmməd ibn Müslim, məşhur şair Kümeyt Əsədi kimi şəxsiyyətlər onun şagirdi olmuşlar. İbn Mübarək, Zühri, Övzai, Əbu Hənifə kimi elm böyükləri onun üstünlüyünü qəbul edir və ondan məsləhət alırdılar.

İmam Baqir (ə) Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin əmri ilə zəhərlədilib 733-cü ildə Mədinədə 57 yaşında ikən dünyasını dəyişdi. Onu Bəqi məzarlığında, atası İmam Zeynülabidinin (ə) qəbrinin yanında dəfn etdilər.

Azərbaycanın Gəncə şəhərində İmam Baqirin (ə) oğlu İbrahimə aid edilən imamzadə ziyarətgahı mövcuddur.

Daha çox göstər
Back to top button