Şiələrin onuncu imamı Həzrət Əli Nəqinin (827/828-868) atası doqquzuncu imam Mühəmməd Təqi (ə), anası Səmanə adlı nubiyalı kənizdir. Mədinə şəhərinin yaxınlığında anadan olmuşdur. Məşhur ləqəbləri “Nəqi” (pak və ya seçilmiş) və “Hadi”dir (yol göstərən, hidayətçi).
Həzrət Nəqi (ə) cəmi 8 yaşından imamət məsuliyyətini öhdəyə almışdır. O, təqribən 13 yaşına kimi Mədinədə yaşamış, bundan sonra Abbasi xəlifəsi Mütəvəkkilin əmri ilə Samirraya gətirilmişdir (o zamanlar xilafətin paytaxtı Bağdaddan Samirraya köçürülmüşdü). İmam Nəqi (ə) Samirrada daimi nəzarət altında yaşayırdı. İmam Əli Nəqi (ə) 6 Abbasi xəlifəsi ilə müasir olmuşdur.
O, Samirra şəhərində təqribən 20 il yaşamış, 868-ci ildə təqribən 42 yaşında ikən xəlifə Mütəzzin əmri ilə zəhərlədilib şəhid olmuşdur. İmamı Samirradakı öz evində dəfn etdilər, sonralar oğlu İmam Həsən Əsgərini (ə) də onun məzarının yanında torpağa tapşırdılar.
İmam Əli Nəqinin (ə) məşhur şagirdləri bunlardır: İmam Həsənin (ə) nəslindən olan və Reydəki məzarı böyük ziyarətgaha çevrilmiş Şah Əbdüləzim, 180 kitabın müəllifi olan Fəzl ibn Şazan Nişaburi, 30-dan artıq əsər yadigar qoymuş Hüseyn ibn Səid Əhvazi, məşhur ərəb ədibi, Mütəvəkkil tərəfindən işgəncə ilə qətlə yetirilmiş İbn Sikkit və b.
