12 Mühərrəm dördüncü İmam Əli Zeynülabidinin (ə) şəhadətinin ildönümüdür

Dördüncü İmamın (659-713) dördüncü imamın adı – Əli, məşhur ləqəbləri Zeynülabidin (ibadət edənlərin bəzəyi) və Səccaddır (çox səcdə edən). Atası üçüncü imam Hüseyn ibn Əli (ə), anası sonuncu Sasani şahı III Yəzdgürdün müsəlmanlara əsir düşmüş qızı Şəhrəbanu (və ya Şahzənan) idi.
Aşura faciəsi zamanı 22 yaşı vardı, lakin xəstə olduğuna görə döyüşdə iştirak etməmişdi. Şiə mənbələrində imamət nəslinin kəsilməməsi üçün Allah tərəfindən ona bu müvəqqəti xəstəliyin verildiyini yazırlar. Aşura hadisəsindən sonra əsir düşmüş qadın və uşaqlarla birlikdə əvvəlcə Kufəyə, oradan Şama (Dəməşqə) aparılmışdı. O, həm yol boyunca, həm də Kufədə və Dəməşqdə xütbələr söyləyir, Kərbəla faciəsinin mahiyyətini insanlara açır, Əməvi hökumətinin iç üzünü ifşa edirdi. Bir müddət Dəməşqdə saxlandıqdan sonra Mədinəyə qaytarılmışdır.
İmam Zeynülabidin (ə) hakimiyyətə qarşı açıq mübarizədən çəkinir, dinc təbliğat yolu ilə Əhli-beyt məktəbini yaşadırdı. Onun təbliğat üsullarından biri Kərbəla şəhidlərinin matəminə həsr olunmuş təziyə məclisləri təşkil etmək idi.
İmam Zeynülabidin (ə) ibadətdə, gözəl davranışda, ehsan, səxavət, doğruculluq kimi əxlaqi keyfiyyətlərdə öz müasirləri arasında ən yüksək məqamda dururdu. Səid ibn Cübeyr, Səid ibn Müseyyib, Əbu Həmzə Sümali, Cabir ibn Abdullah Ənsari, İImamın oğlu Zeydi-şəhid, görkəmli ərəb şairi Fərəzdəq və başqa məşhur şəxsiyyətlər onun tələbəsi olmuşlar.
İmam Zeynülabidindən (ə) fiqh, əxlaq, tarix, dua mövzularına aid yüzlərlə hədis rəvayət edilmişdir. “Səhifeyi-Səccadiyyə” və “Hüquq risaləsi” də o həzrətə məxsusdur.
İmam Zeynülabidin (ə) 713-cü ildə Mədinədə Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlikin əmri ilə zəhərlədilib şəhid olmuşdur. Məzarı Bəqi qəbiristanlığındadır.






