Şərqşünaslıq İnstitutunda 111 elmi-tədqiqat işi bu ilin sonunda başa çatacaq

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ötən 6 ay ərzində elmi tədqiqatların icrası sahəsində 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılan 111 elmi-tədqiqat işi bu ilin sonunda başa çatacaq. Bu tədqiqatların sırasında “Cümhuriyyət Xalq Partiyasının Türkiyə siyasətində yeri və rolu (2003-2023-cü illər)”, “NATO çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə və ABŞ-ın əməkdaşlığı”, “Böyük coğrafi kəşflər və Orta Şərq və Azərbaycan üzərindən keçən ticarət yolları”, “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafında Prezident İlham Əliyevin rolu”, “İraq türkmanlarının tarixi təkamülü”, “Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi münasibətlər”, “Müstəqillik dövründə Azərbaycan-Qırğızıstan əlaqələri (1991-2021)”, “Azərbaycanca-farsca və farsca-Azərbaycanca tibb terminləri lüğəti”, “Təsəvvüfün Azərbaycanda və Azərbaycan ədəbiyyatında yeri” və digər mövzularda elmi tədqiqat işlərinin cari ilin birinci yarısı üçün nəşri gözlənilir.

Bu ilin 6 ayında institutda 14 kitab nəşr edilib, 7 kitab hazırda çapdadır. Çap olunanlar akademik Ziya Bünyadovun seçilmiş əsərlərinin 1-ci (“Azərbaycan VII-IX əsrlərdə”) və 2-ci (“Azərbaycan Atabəyləri dövləti”) cildləri, akademik Gövhər Baxşəliyevanın “Kniqa pesen” Əbu-l-Faradja əl-İsfaxani i klassiçeskaya azerbaydjanskaya literatura”, Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Xuraman Əliyevanın “Aida İmanquliyeva Ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”, Məryəm Seyidbəyli, Elxan Quliyev və Röya Mirzəbəyovanın “Fəzlullah Nəimi və hürufilik hərəkatı”, Ülkər Səmədovanın “Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri”, Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan”, Səadət Şıxıyevanın “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)” monoqrafiyaları, Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyi, “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi” adlı kitab, “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı məqalələr toplularıdır. Eləcə də Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın materialları”, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Şərq filologiyası məsələləri” məqalələr toplusunun növbəti buraxılışları işıq üzü görüb.

İnstitutun beynəlxalq əlaqələrinin həyata keçirilməsi istiqamətində Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinovla görüş və “İslah və təcdid” kitabının təqdimatını qeyd etmək olar.

Exit mobile version