Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Baku TV-də yayımlanan “AMİN” verilişinin yaradıcı heyəti ilə görüşüb. Komitə sədri yaradıcı heyətin üzvlərini Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı proqramın cəmiyyətdə dini maarifləndirmə və milli-mənəvi, tolerant dəyərlərin, eləcə də sağlam dini düşüncənin təşviqində roluna dair müzakirələr edilib. Həmçinin layihənin məqsəd və hədəfləri, cümlədən proqramın maarifləndirici funksiyasının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini fanatizmə, radikalizmə qarşı effektiv mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan multikultural mühitin, birgəyaşayış ənənələrinin qorunması və təşviqi istiqamətində maarifləndirmə işlərinin əhəmiyyəti olduqca mühümdür. Bu sahədə fəaliyyətin genişləndirilməsi və aparılan işlərin effektivliyinin artırılmasında medianın, o cümlədən televiziya kanallarının xüsusi rol oynadığı vurğulanıb.
“AMİN” verilişinin yaradıcı heyətinin üzvləri gələcək planları haqqında məlumat veriblər. Proqramın daha geniş tamaşaçı auditoriyası toplaması üçün ictimai diqqəti cəlb edən mövzuların seçilməsinə önəm verildiyi diqqətə çatdırılıb. Verilişin əsas məqsədinin bütün dinlərin fəlsəfəsində dayanan ümumbəşəri dəyərlərin təbliğinə xidmət etmək olduğu qeyd edilib.
