Ələvilər haqqında nə bilirik?
“Müsəlman təriqətləri” silsiləsindən
Ərəb dilindən tərcümədə “Əlinin nəslindən olanlar” yaxud “Əlinin tərəfdarları” deməkdir. Dini mənbələrdə çox zaman İmam Əli ibn Əbu Talibin (ə) nəslindən olan seyidləri ələvi adlandırırlar.
İslam təriqətləri terminologiyası baxımından isə, ələvilik – ənənəvi şiə (cəfəri) məzhəbindən xeyli fərqlənən, bəzi ifrat inancları özündə ehtiva edən dini cərəyandır. Ələvilər çox zaman özlərini “əhli-həqq” adlandırırlar. Türkiyədə onlara “qızılbaş” deyirlər. Qızılbaşları bəzən əlialllahilərlə eyniləşdirsələr də, bu, tamamilə yanlışdır. Bu gün nüseyriyyə qolu ilə yaşayan əliallahi inancı küfrdür, ələvilərin inancında müəyyən təhriflər və ifratlar olsa da, onlar nüseyrilərdən fərqlənirlər.
Ələvi inancında İmam Əli ibn Əbu Talibin (ə) fövqəltəbii mahiyyətinə, ilahi sifətlərinə inam əsas yer tutur. Ələvilik hal-hazırda Türkiyə ərazisində daha geniş yayılmışdır. Amma Orta Asiya və Xorasan əsilli dərvişlər vasitəsilə inkişaf etdirildiyi ehtimal olunur. Ümumiyyətlə, Anadolu (Türkiyə) ələviliyinin təməl prinsiplərində bəktaşiyyə, heydəriyyə, yəsəviyyə kimi sufi təriqətlərinin, hürufiyyə və vəhdəti-vücud dünyagörüşlərinin təsiri aydın görünür. Hətta İslam düşüncəsinə yad olan tənasüx (reinkarnasiya) və hülul (kamil insanın vücudunda Allahın həll olması) ideyaları da ələviliyə yol tapmışdır.
Ələvilik sufi yönümlü cərəyandır. Ələvilər dinindən və dilindən asılı olmayaraq hamıya sevgi ilə yanaşır, başqa əqidə ardıcıllarına qarşı dözümlü davranırlar.
Ələvilər klassik İslam ibadətlərini vacib saymırlar. Namaz, oruc, zəkat və həcc kimi vacib ibadətlər ələvilər tərəfindən simvolik şəkildə yozulur. Qədr gecələrinə keçən 3 gündə, mühərrəm ayının ilk 12 günündə oruc tutulur. Mühərrəmdən əvvəlki 3 günlük oruc məsumi-paklar orucu, mühərrəmdən sonrakı 3 günlük oruc isə Xızr orucu adlanır.
Cümə günləri ələvilər qadınların da qatıldığı cəm mərasimini təşkil edirlər. Bu mə¬rasimin daha kiçik miqyaslı variantına dərnək deyirlər.
Cəm mərasimi Qurandan bir surə və ya ayə oxunuşu ilə açılır, sonra xüsusi zikrlər deyilir. Mərasim ibadətdən daha artıq, musiqili-ədəbi məclis təsiri bağışlayır. Bu tədbirlərdə Həzrət Əlini (ə) və digər imamları mədh edən şeirlər deyilir, nəğmələr oxunur.
Ələvilər mühərrəm ayının 10-da (aşura günündə) xüsusi matəm mərasimi keçirirlər. Bundan əlavə, Qədir-Xum günü (18 zilhiccə), Novruz bayramı (Həzrət Əlinin (ə) doğum günü sayılır), mübahilə günü (24 zilhiccə), hicrət gecəsi (Həzrət Əli (ə) həmin gecə Peyğəmbərin yatağına uzanmışdı) də müqəddəs sayılır.
Ələvi mərasimlərindən biri mumsöndü adlanır. Bu mərasimdə ələvilər 12 imamı təmsil edən 12 şam yandırır və sonra onları su ilə söndürürlər. Mumsöndü mərasimində kişilərlə yanaşı qadınların da iştirak etməsi sonralar ələvilərə düşmən olan qüvvələr tərəfindən guya bu mərasimlərdə əxlaqa zidd olan əməllərin icra edildiyi barədə şayiələrin yaranmasına səbəb olmuşdur.
Ələvi ənənəsində qadın hüquqları mühüm yer tutur. Kişilər yalnız bir qadınla evlənmək hüququna malikdirlər. Boşanmaq, habelə, boşanmış qadınla evlənmək ələvilikdə günah sayılır. Bundan başqa, ələvilər adam öldürməyi, zina etməyi və oğurluğu da günah bilirlər.
Ələvilər insanın haqqa doğru yüksəlişində 4 mərhələnin mövcudluğunu qəbul edirlər. Bu, təsəvvüfdəki şəriət, təriqət, həqiqət və mərifət pillələridir.
Sıravi ələvilərin əksəriyyəti yalnız şəriət və təriqət mərhələlərini keçməyə qadirdirlər. Ələvi iyerarxiyasının zirvəsində duran dədələr və xəlifələr həqiqət və mərifət pillələrinə çata bilərlər. Ələvilər bu dörd pilləni “dörd qapı” adlandırır, hər qapının da 10 məqamdan ibarət olduğunu söyləyirlər.
Ələvilikdə ədəbiyyat və musiqi mühüm yerə malikdir. Ələvilər 7 şairə xüsusi ehtiram bəsləyirlər. Bunlar Mühəmməd Füzuli, Seyyid İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Pir Sultan Abdal, Qul Himmət, Yəmini və Viranidir. Hacı Bəktaş Vəlinin də adı ələvilikdə xüsusi hörmətlə çəkilir.
Ələvilərin əksəriyyəti Türkiyənin Sivas, Ərzincan, Tokat, Malatya, Qəhrəman Mərəş məntəqələrində məskunlaşıb. Ələvilərin üçdən-bir hissəsi İstanbul bölgəsində yaşayır. Bundan əlavə, Şimali İraq və Qərbi İran ərazisində, eləcə də, Balkan ölkələrində ələvi icmaları mövcuddur.