Əhli-beyt əsirlərinin Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmələri həmin il yoxsa növbəti il baş vermişdir?

Məşhur səhabə Cabir ibn Abdullah Ənsarinin Aşura faciəsi baş verdiyi il, Ərbəin günündə Kərbəla şəhidlərinin məzarını ziyarət etməsi inkaredilməz həqiqətdir.
Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynül-abidinin (ə) məhz Ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır. Amma bu ziyarətin Kərbəla hadisəsi baş verən il yoxsa növbəti il həyata keçirilməsi barədə alimlərin fikri fərqlidir. Bəzi tədqiqatçıların qənaətinə görə, faciədən 40 gün sonra, yəni birinci Ərbəin günündə Əhli-beyt tərəfindən məzarların ziyarət edilməsi qeyri-mümkündür. Çünki Kərbəladan Şama kimi yol 40 mənzildən ibarətdir və əsirlər karvanı bu yolu ən sürətli gedişlə ən azı 20 günə qət edə bilərdilər. Əsirlərin Şamda bir neçə gün qaldıqlarını və geri qayıtmaq üçün də ən azı 20 gün tələb edildiyini nəzərə alsaq, birinci Ərbəin günündə onların Kərbəlada olması inandırıcı görünmür. Daha səhih məlumatlara görə, Əhli-beyt üzvləri tərəfindən Kərbəlanın ziyarət edilməsi növbəti ilin Ərbəin günündə baş tutmuşdur (bax: Şeyx Abbas Qummi. Müntəhal-amal, I, 524-525).






