İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümüdür

Sentyabrın 1-i, hicri qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 8-i müsəlmanların 11-ci imamı Həsən Əskərinin (846-874) şəhadətinin ildönümüdür.

Atası onuncu imam Əli Nəqi (ə), anası Susən və ya Hüdeysə adlı qadındır. Əsas ləqəbləri “Əsgəri” (Samirranın hərbçilər məhəlləsində saxlandığına görə) və “Zəki”dir (pak, təmiz).

Kiçik yaşlarında atası ilə birlikdə Mədinədən Samirraya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, təqribən 22 yaşında ikən imamət vəzifəsini öhdəyə almış və 6 il bu məsuliyyəti daşımışdır. O həzrətin imamət dövrü Əhli-beyt tərəfdarları üçün çox ağır bir zamana təsadüf etmişdir. Həm Abbasi xəlifələrinə tabe olan ərazilərdə baş verən qiyamlar, həm də şiddətlənən saray intriqaları hakimiyyətin Əhli-beytdən qorxusunu daha da artırırdı. 874-cü ilin yanvarında xəlifə Mütəmidin göstərişi ilə İmam Əsgərini (ə) zəhərləyib şəhid etdilər. Onun cənazə namazını 5 yaşlı oğlu, sonralar gözlərdən itib qeybə çəkilmiş XII imam Həzrət Mehdi (ə) qıldı. İmam Əsgərini (ə) Samirrada, atası İmam Nəqinin (ə) qəbrinin yanında torpağa tapşırdılar.

“Qürb əl-isnad” kitabının müəllifi Abdullah Himyəri, “Bəsair əl-dərəcat” kitabının müəllifi Səd ibn Abdullah Əşəri, Şeyx Səduqun müəllimi Səffar Qumi, böyük şiə alimi Əbu Səhl Novbəxti, Əbu Əli Əhməd Əşəri və b. İmam Əsgərinin (ə) tələbəsi olmuşlar. Şiə aləsmində məşhur olan bir natamam təfsirin İmam Həsən Əsgəriyə (ə) aid olduğu rəvayət edilir. Bütövlükdə “Fatihə” surəsini və “Bəqərə” surəsinin bir hissəsini əhatə edən bu kitab İmamın diktəsi ilə şagirdləri tərəfindən qələmə alınmışdır.

Exit mobile version