Bibiheybət ziyarətgahı Bakı şəhərinin cənub-şərqində, Xəzər dənizi sahilində, keçmiş Şıxlar qəsəbəsinin ərazisində yerləşir. Burada şiələrin yeddinci imamı Musa Kazimin (ə) qızı, səkkizinci imam Rizanın (ə) bacısı Həkimə xatun (və yaxud Hükeymə xatun) dəfn edilib. Bəzi mənbələrdə Onun adı Fatimeyi-süğra kimi xatırlanır.
Həkimə xatunun Bakıya gəlib-çıxmasının səbəbi mənbələrdə müxtəlif cür göstərilib. Bəzi məlumatlara görə, O, Mədinədə hökumətin dözülməz təziyiqlərindən qaçmış, başqa bir məlumata görə, qardaşı İmam Rizanı (ə) görmək üçün Xorasan istiqamətində yola düşmüşdü. Rəvayətə görə, Həkimə xatun Xəzər dənizinin cənub sahilindəki Ənzəli limanından Baba Səccad adlı bir nəfərin bələdçiliyi ilə dəniz yolu vasitəsilə Bakıya gəlir, burada Əhli-beyt tərəfdarı Hacı Bədir adlı tacir Ona xidmət etməyi öhdəyə alır. Hacı Bədir imam qızını təhlükəyə salmamaq üçün Bakı şəhərindən kənara köçür və indiki Şıxlar kəndinin ərazisində məskən salır. “Bibiheybət” sözünün birinci hissəsi olan “bibi” ifadəsi əsasən, fars dilində hörmət mənasında qadına müraciət forması kimi işlədilir. “Heybət” sözünə gəlincə, bəziləri bunu “Hacı” və “Bədir” sözlərinin ilk hərflərinin – “hey” və “bə” səslərinin birləşməsi kimi qəbul edirlər. Guya Hacı Bədir təzə məkanda özünü Heybət adlı nökər, Həkimə xatunu isə öz xanımı kimi təqdim edirmiş.
Bibiheybət ziyarətgahında kim dəfn olunub və buranın adı haradan götürülüb?
