Oktyabrın 1-də Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.
Komitədən AZƏRTAC-a verilən məlumata əsasən, oktyabrın 3-dək davam edəcək sessiya zamanı Statistika Komissiyasının son bir il ərzində fəaliyyəti və 2026-2030-cu illər üçün fəaliyyət proqramı nəzərdən keçiriləcək, eyni zamanda, məlumat əsaslı energetikaya keçidin təmin olunmasında milli statistika qurumlarının rolu, rəqəmsallaşma vasitəsilə milli statistika qurumlarının modernizasiyası, 4-cü Dayanıqlı İnkişaf Məqsədinin (Keyfiyyətli təhsil) göstəricilərinin monitorinqi və hesabatlılıq, digər aktual məsələlər üzrə müzakirələr aparılacaq, ölkə təcrübələri bölüşüləcək.
