Bakıda “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçirilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium öz işinə başlayıb.
Simpoziumda dövlət rəsmiləri, dini konfessiya təmsilçiləri, yerli ali təhsil və tədqiqat müəssisələrindən olan nümayəndələrlə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərlərinin də yer aldığı 40-a yaxın alim və mütəxəssis iştirak edirlər.
Simpoziumun açılış mərasimində Dövlət Himnimiz səsləndirilib. Aİİ-nin II kurs tələbəsi Cəlal Cəfərlinin təqdimatında Quran tilavət olunub.
Tədbirin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti dini, mədəni müxtəlifliyi qorumaqla, həm də ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaradır. Bu siyasətin müxtəlif etnik, dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etmək üçün sosial, mənəvi məsuliyyətin sərhədlərini dəqiq müəyyən etdiyini deyən Komitə sədri haqlı olaraq tolerantlıq və multikulturalizm dəyərlərimizlə fəxr etməli olduğumuzu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan dövlətinin dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır.
Simpoziumda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və b. çıxış ediblər.
Simpozium işini plenar iclas və panel sessiyalarla davam etdirir.

Exit mobile version